Lənkəranlı İkinci Vətən Müharibəsi Şəhidləri: İstisulu Ramid Əliyev, Havzavalı Əbülhəsən Həsənzadə-HƏR İKİSİ DƏ AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, HƏR İKİSİ DƏ SUBAY… – FOTOLAR

Daha iki Şəhid anası ilə bir araya gəldim…

31 iyul 2023-cü il tarixində Lənkəranlı daha iki Qəhrəman, Vətən sevdalısı, Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidinin anası ilə tanış oldum…

Lənkəranlı (həm də Şəkili) İkinci Qarabağ Savaşı Şəhidi Zaur İsmayılzadənin 28 yaşının tamam olması, Cənnətdəki üçüncü doğum günü ilə bağlı Lənkəranın İstisu qəsəbəsindəki məzarını ziyarət zamanı Şəhid Ramid Kamal oğlu Əliyevin anası Qətibə xanım və Əbülhəsən Mirzə oğlu Həsənzadənin anası Bağdagül xanımla görüşdüm, söhbətləşdim, dərdləşdim…

Hər iki Şəhidimizin anasına-ailə üzvlərinə Allahdan səbr və dözüm dilədim…

Onlara “Hər iki Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedim…

Onlarla həm Zaur İsmayılzadənin məzarını ziyarət zamanı, həm də Cənnətdəki üçüncü doğum günü ilə bağlı düzənlənən tədbirdə hər iki Şəhidimizin 23 24 illik qısa, lakin şərəfli və döyüş yoluna nəzər saldım…

Onlarla-Yaralı, Dərdli, həm də Qəhrəman Şəhid anaları ilə birlikdə təsirləndim, duyğulandım, kövrəldim…

Həm də Qürurlandım, İftixar hissi keçirdim…

Hər ikisi də Fəxrimiz, Qürurumuzdurlar!

***

Hər iki Şəhidimiz İkinci Vətən Müharibəsində könüllü iştirak ediblər, səfərbərliyə cəlb olunublar…

Əbülhəsən İkinci Vətən Müharibəsindən 6 gün öncə-sentyabrın 21-də, Ramid isə sentyabrın 28-də səfərbərliyə cəlb edilib, döyüş bölgəsinə yollanıblar…

Ramidin döyüş yolu bir aya yaxın, Əbülhəsənin döyüş yolu isə 38 gün çəkib…

Ramid oktyabrın 24-də Qubadlı, Əbülhəsən isə noyabrın 4-də Daşaltı-Şuşa istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıblar…

Hər ikisinin də nəşi iki gün sonra-Ramidin nəşi oktyabrın 26-da İstisu qəsəbə qəbiristanlığında, Əbülhəsənin nəşi noyabrın 6-da Havzava kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Ramid İstisunun üç İkinci Qarabağ Savaşı Şəhidindən biridir, Əbülhəsən isə Havzavanın yeganə İkinci Vətən Müharibəsi Şəhididir…

İkinci Vətən Müharibəsindən, Qələbədən sonra Ramid 4, Əbülhəsən isə 5 medalla təltif olunub…

Hər iki Şəhidimiz də subay olub…

Hər ikisinin də adına öz kəndlərində küçə verilib…

Hər ikisi də ailənin üç övladından biri olub…

Ramid üç qardaşdan biri-evin sonbeşiyi, Əbülhəsən isə iki qardaşdan biri-evin böyük övladı biri idi…

Ramid ali təhsilli olub, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib..

Əbülhəsən isə orta-ixtisas təhsilli olub, Lənkəran İslam Kollecində oxuyub…

Ramid 1996-cı ilin 9 fevral tarixində Şağlaser, Əbülhəsən isə 1997-ci ilin 20 avqust tarixində Havzava kəndində dünyaya gəlib…

Hər ikisinin də ruhu şad olsun!

Hər ikisinin də ruhu qarşısında baş əyirəm!

Nur içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Lənkəranlı İkinci Vətən Müharibəsi Şəhidi- APREL DÖYÜŞLƏRİNİN İŞTİRAKÇISI ZAUR İSMAYILZADƏNİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ: MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ, ŞƏHİDİN KEÇDİYİ QISA, LAKİN ŞƏRƏFLİ HƏYAT VƏ DÖYÜŞ YOLUNDAN SÖZ AÇILDI…- FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Tərtərin baş memarı rüşvət alarkən saxlanıldı-BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir