Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Novruz şənliyi keçirildi – FOTO

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Novruz bayramına həsr edilmiş təntənəli tədbir keçirib.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Birliyin idarə heyətinin üzvü Emin Hacıyev RAGB-nin sədri Leyla Əliyevanın adından tədbir iştirakçılarını təbrik edib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müraciətində qeyd olunduğu kimi, dünya azərbaycanlılarının həmrəyliyinin rəmzi olan Novruzu xaricdə yaşayan həmyerlilərimiz də bayram edirlər və bu, onların tarixi vətənə bağlılıq hissini gücləndirir. E.Hacıyev vurğulayıb ki, bahar və xeyir-bərəkət rəmzi olan Novruz bayramı xalqımız tərəfindən çox sevilir və xaricdə, o cümlədən Rusiyada yaşayan bütün həmyerlilərimiz onu geniş qeyd edirlər.

Bayram tədbiri canlı milli musiqi ilə müşayiət olunub, səhnədə məşhur müğənni İlona Yankovskaya, “Qarabağ” və “Vətən” ansamblları, Zeynəb Nəsibova, Fardi Səmədov, Jalə Kərimova çıxış ediblər.

Bayramsayağı bəzədilmiş masalara Novruzun əsas atributları olan səməni və ənənəvi şirniyyat növləri – paxlava, şəkərbura, şorqoğalı düzülmüşdü. Keçəl və Kosanın təşkil etdiyi şən müsabiqələrə heç kəs laqeyd qalmayıb.

Azərbaycan gənclərinin rusiyalı dostları və Moskvadakı türk diasporunun üzvləri də Novruz bayramını onlarla birgə qeyd etmək üçün tədbirə gəlmişdilər.

Etikxeber.az

Read Previous

BAŞ NAZİR: “Gürcüstanla Azərbaycan bir-birini dəstəkləyir” – FOTO

Read Next

Azərbaycan-Almaniya milli komandalarının oyununu idarə edəcək hakimlər müəyyənləşdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir