“Leyli və Məcnun” ABŞ səhnələrində – yeni redaksiyada

Bu günlərdə ABŞ-nın bir neçə şəhərində böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yeni redaksiyada böyük uğurla təqdim olunub. Operadakı ifaları iştirakçılara Azərbaycanın Xalq Artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar Artist Fərqanə Qasımova çatdırıb. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən gerçəkləşdirilib. İfalarda dövrümüzün ən məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, konsertlər ABŞ-nın Kaliforniya ştatındakı nüfuzlu Berkli Universitetinin, Sietl şəhərindəki Vaşınqton Universitetinin və Ənn Arbor şəhərindəki Miçiqan Universitetinin geniş konsert zallarında keçirilib. Opera amerikalılar tərəfindən heyranlıqla qarşılanıb. Hər şəhərdə dörd tamaşa təqdim olunub.

Bu layihənin ən önəmli simalarından biri, görkəmli muğam ustası Alim Qasımovdur. On il əvvəl o, “Leyli və Məcnun”un yeni versiyasının yaradılması barədə öz fikrini məşhur violonçel ifaçısı Yo-Yo Ma ilə bölüşüb, məhz o zamandan da Üzeyir bəyin ilk operası, Azərbaycan musiqisinin incisi olan “Leyli və Məcnun” ABŞ-nın ən nüfuzlu musiqiçilərinin diqqət mərkəzindədir. Alim Qasımovun bənzərsiz səsi və sənəti “Leyli və Məcnun” layihəsinin ərsəyə gəlməsini və onun uğurunu şərtləndirən ən başlıca amillərdəndir. O, Fərqanə xanımla birgə musiqi tariximizdə ən təsirli “Leyli və Məcnun” cütlüyünü yarada bilən nadir sənətçilərdəndir. “Sietl Tayms” qəzetində dərc olunan məqalədə qeyd olunduğu kimi: “Azərbaycan musiqiçiləri Alim Qasımov və Fərqanə Qasımovanın “İpək Yolu” ansamblının müşayiəti ilə ifa etdikləri musiqi cazibədar və heyrətedicidir”. Heç də təsadüfi deyil ki, ABŞ-nın tibb aləmində yüksək nüfuzu olan, Azərbaycan musiqisinin, mədəniyyətinin bu ölkədə yorulmaz təbliğçisi doktor Şapur Ənsarı Alim Qasımova muğamın bütün dünyada tanınması sayəsində əvəzsiz xidmətlərinə görə fəxri fərman təqdim edib.

Mark Morris müasir xoreoqrafiya dünyasında ən tanınmış sənətkarlardandır. Nüfuzu “Nyu-York Tayms” qəzeti onu “hazırda fəaliyyət göstərən ən uğurlu və ən çox təsir göstərən xoreoqraf” adlandırıb. 1980-ci ildə o, Mark Morris Dance Group (MMDG) adlı rəqs kompaniyasının təməlini qoyub və son 36 il ərzində 150-dən artıq layihə reallaşdırıb. Mark Morrisin layihələri dünyanın ən nüfuzlu səhnələrində, o cümlədən, ABŞ-nın Metropoliten Operasında və Böyük Britaniyanın Kovent Qarden teatrında dəfələrlə nümayiş olunub.

Mark Morrisin “Leyli və Məcnun” operasına marağı 2007-ci ilə təsadüf edir. O zaman Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı Alim və Fərqanə Qasımovlarla birgə ilk dəfə olaraq bu operanın yeni, yığcam versiyasını ABŞ-da, Kanadada, Avropanın və Asiyanın bir neçə ölkəsində ifa etmişdi. Morris o zamandan həmin ifaya rəqsin əlavə olunmasını düşünürmüş. Nəhayət, 2016-cı ildə həmin layihə gerçəkləşdi. Bu ilin mart ayında Mark Morris Bakıya gəlib, Alim Qasımovla və digər musiqiçilərlə görüşüb, Azərbaycan musiqisi və mədəniyyəti ilə taniş olub. Həmin səfərdən sonra “Leyli və Məcnun” layihəsi öz əsas, həlledici mərhələsinə qədəm qoyub. Konsertlərdən öncə Nyu-York şəhərində bir həftə ərzində məşqlər keçirilib, Alim Qasımovun və Mark Morrisin birgə səyləri sayəsində muğam ilə rəqsin mükəmməl vəhdəti əldə olunub. “Leyli və Məcnun”un tamaşalarından əvvəl Azərbaycan xalq musiqisinin səslənməsinə qərar verilib. Hər tamaşanın əvvəlində gənc muğam ifaçıları, muğam müsabiqəsinin laureatları Kamilə Nəbiyeva və Mirələm Mirələmov öz məharətli ifaları ilə tamaşaçıları sanki muğamın sirli-sehrli dünyasına dəvət ediblər. Alim Qasımovun ansamblının üzvləri Rauf İslamovun (kamança) və Zəki Vəliyevin (tar) məharətli və professional ifalarını da xüsusilə qeyd etmək lazımdır.

“Leyli və Məcnun” layihəsində Böyük Britaniyalı rəssam Hovard Hockin da iştirak edib. Hockin qədim Şərq miniatürlərinin dərin araşdırılması əsasında səhnənin tərtibatını, rəqqasların və musiqiçilərin geyiminin dizaynını hazırlayıb.

“Leyli və Məcnun” layihəsində, həmçinin tanınmış Azərbaycan musiqişünası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, hazırda İndiana Universitetində müəllim kimi fəaliyyət göstərən Aida Hüseynova da iştirak edib. O, həmin layihənin elmi məsləhətçısı kimi, tamaşalardan əvvəl “Leyli və Məcnun” əsərinə həsr olunmuş simpoziumlarda məruzələrlə çıxış edib. Bütün şəhərlərdə tamaşaçılara təqdim olunan bukletlərdəki mətnin müəllifi də Aida Hüseynovadır. Aida xanımın təşəbbüsü ilə bukletlərə tanınmış Azərbaycan rəssamı Sənan Səmədovun “Muğam triosu” rəsmi də daxil olunub.

“Leyli və Məcnun” operasının Mark Morris tərəfindən hazırlanan yeni versiyası Azərbaycan musiqisi, mədəniyyəti üçün önəmli, tarixi bir hadisədir. Məhəmməd Füzulinin şer dünyası, Üzeyir Hacıbəylinin musiqisi, Alim Qasımovun sənəti, ulu muğamımız – Azərbaycan mədəniyyətinin bütün bu inciləri ABŞ-nın ən nüfuzlu konsert salonlarında musiqisevərlərə çatdırıldı, ən mötəbər ictimai dairələrdə marağa və müzakirələrə səbəb oldu. İlk tamaşadan sonra “Nyu-York Tayms” qəzetində dərc olunan məqalə belə tamamlanır: “Konsertlərdən zövq aldığımızdan sonra biz, sözsüz ki, Azərbaycan musiqisi ilə və Üzeyir Hacıbəylinin musiqisi ilə daha yaxından tanış olmağa səy göstərəcəyik”. Bu da yəqin ki, layihənin ən önəmli, ən vacib nəticəsidir.

Etikxeber.az

Read Previous

Qayınana dəm qazından öldü, gəlinin isə vəziyyəti ağırdır – Şəmkirdə ailə faciəsi

Read Next

Rus Dram Teatrı noyabr repertuarını açıqladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir