Livanın paytaxtında güclü partlayış-ÖLƏNLƏRİN SAYI 113-Ə ÇATDI, BEYRUT FƏLAKƏT BÖLGƏSİ ELAN EDİLDİ – YENİLƏNİB – (3)

Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib.

Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri keçib.

Etikxeber.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən “Twitter” vasitəsilə məlumat yayıb.

Məlumata görə, 2750 nəfər də xəsarət alıb.

“Al Jazeera” telekanalı isə bildirir ki, ölkənin Səhiyyə naziri Hamad Hassan azı 40 nəfərin öldüyünü, azı 2500 nəfərin də yaralandığını təsdiqləyib.

Nazirin sözlərinə görə, ölənlərin arasında tibb işçiləri və həkimlər də var.

O, ölü və yaralı sayının artacağını istisna etməyib.

00:16

***

Beyrutda baş vermiş iki güclü partlayış nəticəsində 70-dək insanın həlak olduğu bildirilir.

Hadisə nəticəsində xəsarət alanların sayının 3 mini ötdüyü qeyd olunur.

Xatırladaq ki, partlayışa görə, ölkədə matəm elan olunub. Ətrafdakı yaşayış binalarında sakinlərin çoxu təxliyə edilməyib.

Partlayışların terror aktı olduğu ehtimal edilir.

00:50

***

Son məlumata görə, ölənlərin sayı 78-ə, yaralananların sayı isə 4 minə çatıb.

06:50

***

Partlayışdan sonra Livan paytaxtı fəlakət bölgəsi elan edilib və iki həftə ərzində şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Bu barədə Livan prezidenti Mişel Aunun sədrliyi ilə keçirilən Ali Müdafiə Şurasının təcili iclasından sonra qərar verilib.

“Müdafiə Şurası Beyrutun fəlakət bölgəsi elan olunması və avqustun 4-dən 18-dək şəhərdə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsini qərara alıb” – deyə, dövlət başçısının mətbuat xidmətinin yaydığı sənəddə belə deyilir.

Şura, həmçinin hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradıb, bununla bağlı hesabatın yaxın beş gün ərzində hazırlanması tapşırılıb.

İclasda çıxış edən Baş nazir Həsən Diab insidentə görə günahı olanların hamısının məsuliyyətə cəlb olunacağını və cəzalandırılacağını deyib:

“Altı il ərzində limanda 2750 ton ammonium nitratın saxlanılması tamamilə yolverilməzdir və liman rəhbərliyi tərəfindən heç bir profilaktik tədbir görülməyib”.

Diabın sözlərinə görə, hökumət hazırda bütün səylərini insanların xilas edilməsinə və limanda dağıntılar altında qalaraq həlak olanların axtarışına yönəldir.

08:30

***

Həlak olanların sayı azı 113 nəfərə çatıb.

Bu barədə Al Mayadeen telekanalı Livanın Səhiyyə naziri Həməd Həsənə istinadla məlumat yayıb.

Nazirin sözlərinə görə, dağıntılar altında hələ də onlarla insan qalır.

Qeyd edək ki, avqustun 4-də Beyrut şəhərinin liman rayonunda güclü partlayış baş verib.

Partlayış dalğası şəhərdəki bir çox binanı dağıdıb və ya zədələyib. Partlayışın ölkəyə azı 3 milyard dollar zərər vurduğu bildirilir.

Livanın hakimiyyət orqanlarının məlumatına görə, faciəyə altı il öncə gömrük xidmətinin müsadirə etdiyi və limandakı anbarda saxlanılan 2750 ton ammonium nitratın partlaması səbəb olub.

Beyrut fəlakət rayonu elan edilib, şəhərdə iki həftəlik fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Etikxeber.az

Read Previous

“Qarşıdan payız fəsli gəlir, həmin mövsümdə də infeksion xəstəliklər baş qaldırır…Çalışmaq lazımdır ki, payız mövsümünə qədər maksimum dərəcədə virusun yayılmasının qarşısı alınsın…”-MİLLƏT VƏKİLİNDƏN XƏBƏRDARLIQ

Read Next

“Unutmayaq ki, təklif müəllifi ABŞ kimi super dövlətin diplomatıdır, ona görə də…”-SABİQ DEPUTAT İNDİKİ MİLLƏT VƏKİLLƏRİNƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir