Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Məhəmməd Yusif oğlu Əşrəfovun doğum günüdür.
Məhəmməd Əşrəfovun bu gün 22 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Veyisli kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.
Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Şəhidin Cənnətdəki dördüncü doğum günü təbrik olunub.
Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasim keçirilib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar oxunub.
Məzarını ziyarətdə və mərasimində Şəhidin valideynləri-anası Xoşbəxt xanım, atası Yusif kişi, qohumları, yaxınları, Goranboy və Naftalanlı Şəhid ailələri, din xadimləri, müəllimlər, məktəblilər və digər şəxslər iştirak ediblər.
Etikxeber.az-ın xəbərinə görə, Xoşbəxt və Yusif Əşrəfovların tək oğlu, tək övladı olan Məhəmməd Əşrəfov 2002-ci ilin 9 aprel tarxində Goranboy rayonunun Veyisli kəndində dünyaya gəlib.
Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun-6 ayın Əsgəri kimi iştirak edib.
İkinci Qarabağ Savaşı zamanı-oktyabr ayında Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi günlər sonra, oktyabr ayının 30-da Veyisli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Məhəmməd həm də Veyislinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biri olub.
O, eyni zamanda, subay idi.
Veyisli kəndində adını daşıyan küçə var.
***
Bu gün həm də Salyan rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kamil Şirinovun Cənnətdəki dördüncü doğum günüdür.
Kamil Şirinovun bu gün 33 yaşı tamam olur
Əfsanəvi Xüsusi Təyinatlılardan, “Əfsanəvi tabor”un Şəhidlərindən olan Kamil Əliş oğlu Şirinov isə 9 aprel 1991-ci il tarixində Salyan rayonunun Çuxanlı kəndində, hərbçi ailəsində dünyaya gəlib.
Ailənin iki oğlan övladından, iki qardaşdan biri idi.
Atası Əliş kişi də peşəkar hərbçi olub.
Ona görə hər iki qardaş atalarının yolu ilə getmək, hərbçi olmaq qərarını verib, hər ikisi də həyatlarını Ordu, hərb ilə bağlayıblar.
1997-2006-cı illərdə Z. Həmidov adına Çuxanlı kənd tam orta məktəbində, 2006-2009-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub, 2009-2013-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.
2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) xidmət edib.
Kamil həm də idmana böyük həvəs həvəs göstərib, futbolla məşul olub.
Həmçinin, erməni, rus və ingilis dillərində mükəmməl şəkildə danışıb.
2016-cı ilin tarixi Aprel döyüşlərində vuruşub və fərqlənib.
Eyni zamanda, qardaş Türkiyədə və digər ölkələrdə təlimlərdə iştirak edib, sonuncu dəfə isə Pakistanda 3 aylıq anti-terror təlimlərində olub.
İkinci Vətən Müharibəsi zamanı da ilk dəqiqələrdən döyüşlərə atılıb, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Şərəfli döyüş yolu isə 3 gün çəkib və və sentyabr ayının 29-da Füzuli istiqamətində gedən qanlı döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi Çuxanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən öncə “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı, Şəhidliyindən sonra isə ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və ali ordenlərimizdən olan “Qarabağ” ordeni ilə təltif edilib.
Hazırda Salyanda adını daşıyan küçə, eyni zamanda, Salyan rayonu və Azərbaycanın digər rayonlarında yerləşən bir neçə məktəbdə adına verilən sinif otaqları var.
Kamil həm də ailəli olub, ali təhsilli Zəhra adlı xanımla ailə həyatı qurub.
İki oğlan övladı-Türkayı və Tunarı ailəsinə, Vətəninə əmanət qalıb.
Sonuncu övladı-Tunarı Şəhidliyindən cəmi 4 ay əvvəl dünyaya gəlib.
Hər iki Şəhidin məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nurlar içində yatsınlar!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az