“Məmurlar hara baxır?” – DEPUTAT

Azərbaycanda qanunsuz ağac kəsməyə görə cərimələr sərtləşdirilib. 

Etikxeber.az xəbər verir ki, bu barədə məsələ Meşə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan ərazilərdə ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manata qədər miqdarda cərimə və ya iki ilədək müddətdə islah işləri və ya üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Hazırki qanunvericilikdə isə yuxarıda qeyd olunan əməllərə görə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətdə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Müzakirələrdə çıxış edən millət vəkili Elmira Axundova bildirib ki, təbiətə qarşı cəmiyyətimizdə laqeydlik hiss olunur: “Qüvvədə olan müddəalar onsuz da sərtdir, indi daha da sərtləşdiririk. Amma buna baxmayaraq yaşıllıqlar məhv edilməyə davam edilir. Bu məsələ ilə bağlı maarifləndirmə işləri aparılmalıdır.  Bu barədə nazirə də dedim. O da deyir ki, bu  barədə  məhkəmədə işlər var, qərarlar da qəbul olunur, amma icrası mümkün olmur”.

Fərəc Quliyev: “Burada elə gözəl fikirlər , təkliflər olur, amma  heyf ki elə burada da qalır…”

Millət vəkili Fərəc Quliyev isə müzakirələr zamanı ilk öncə parlamentdə deputatlar tərəfindən səsləndirilən fikirlərə məmurların biganə qalmasından şikayətlənib. Millət vəkili deyib ki, bütün məsələlərin həllini prezidentdən gözləmək olmaz: “Burada elə gözəl fikirlər , təkliflər olur, amma  heyf ki elə burada da qalır. Düzdür, bu fikirlər qətnamə, qərar deyil. Ancaq yaxşı olardı ki, onları ümumiləşdirib yuxarı orqanlara çatdıraq. Hər şeyi prezident etməli deyil ki. Məmurlar hara baxır, onlara geniş meydan verilib. Dünən Yasamalda 40 ağacı birdən kəsiblər. Belə şey olmaz ki”.

Qüdrət Həsənquliyev: “Vəzifəli şəxslərə tətbiq olunan cərimələr  çox yumşaqdır…”

Millət vəkili Qüdrət Həsənquliyev də çıxşı zamanı deyib ki, Bakı şəhərində oksigen çatışmazlığı var. Millət vəkili bildirib ki,  bu da daha çox yaşıllıqların məhv edilməsi ilə bağlıdır: ”Gələcəyimizi düşünürüksə, bu məsələyə həssas yanaşmalıyıq. Əslində yaşıllıqların məhv edilməsinə görə, vəzifəli şəxslərə tətbiq olunan cərimələr  çox yumşaqdır. Ona görə də daha sərt cəzalar olmalıdır, maliyyə sanskiyaları tətbiq edilməlidir. Cəza yüngül olanda fərqi nədir ki? Yenə  pulunu ödəyib öz bildiyini edəcək.  Məhkəmə də çox zaman yumşaq qərar qəbul edir. Məmur isə yenə yerində qalır”.

Etikxeber.az

Read Previous

Xəstə boğazını ülgüclə kəsərək intihar etdi

Read Next

Vahid ƏHMƏDOV: “Sabah bu çaşqınlıq yaradar…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir