Məmurların bir hissəsi onlara tapşırılan vəzifəni “avtopilot”a qoyub… – DEPUTAT

Deputat: Maliyyə nəzarəti ilə bağlı qanunun qəbulu bir daha özünün aktuallığını ortaya qoydu

“Dövlət maliyyə nəzarəti haqqında” model qanun və ondan irəli gələn digər qanunlar qəbul edilməlidir.

Bunu Etikxeber.az-a açıqlamasında iqtisadçı millət vəkili Əli Məsimli deyib.

O, qeyd edib ki, maliyyə nəzarəti ilə bağlı qanunun qəbul edilməsinə, xüsusilə, böyük ehtiyac duyulur.

Millət vəkili xatırladıb ki, həmkarı Vahid Əhmədovla illərdir ki, bu məsələni qaldırır, bu təklifi səsləndirir, amma hələ də bu istiqamətdə heç bir irəliləyiş yoxdur.

Ə. Məsimli belə bir qanuna bugünlərdə ölkənin enerji sistemində yaşanan ciddi problemlərdən sonra daha böyük zərurət yarandığını söyləyib.

“Son hadisələr belə bir qanuna böyük ehtiyac olduğunu bir daha göstərdi. Yəni, “Azərbaycan” İES-in tam təftişi və auditinin aparılması, bütün enerji sisteminin beynəlxalq aparıcı hesab edilən qurumlar tərəfindən təhlil edilməsi və təkliflərin hazırlanması mühüm aktuallıq kəsb edir. Belə bir obyektiv təftiş və təhlil bu işdə günahı olanların da obyektiv meyarlar üzrə aşkarlanması üçün də çox vacibdir. Təbii ki, elektrik enerjisinin verilməsində yaranan problemə görə bu işdə günahı olanlar cəzalanmalıdır. Bu sahədə obyektiv qəraraların qəbul edilməsi məmurların məsuliyyət hissini bir qədər artırmış olar. Əsas məsələ isə problemi köklü sürətdə həll etməkdən ötrü və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlaması və sistemli şəkildə həyat keçirilməsidir. Həmin proqramın hüquqi təminatı kimi, 10 ildən artıqdır ki, dediyimiz “Dövlət maliyyə nəzarəti haqqında” model qanun və ondan irəli gələn digər qanunlar qəbul edilməlidir. Eyni zamanda, dövlət vəsaitindən öz təyinatına və səmərəli istifadəyə görə nəzarət mexanizmi hazırlanıb həyata keçirilməlidir.

piris

alik-mas

Strateji əhəmiyyət kəsb edən obyektlərin tikintisinə və onun mötəbərliliyinin yoxlanılmasına dünyada məşhur olan qurumların və mütəxəssislərin cəlb edilməsi praktikasından geniş istifadə olunmalııdır. Məmurların bir hissəsi öz vəzifələrini ləyaqətlə yerinə yetirir, bu kateqoriya aid məmurlar hər vasitə ilə təşviqləndirilməli və irəli çəkilməlidir. Məmurların digər hissəsi isə ona tapşırılan vəzifəni “avtopilot”a qoyub öz şəxsi işləri, bilavasitə və ya əlaltıları ilə dolayı yollarla öz bizneslərini idarə etmək, genişləndirmək, özfəaliyyət sahəsi ətrafında görünməmiş acgözlüklə əcaib monopoliyalar yaratmaq və həm həmin sahənin gəlirlərinin daha çox hissəsini sümürməklə, həm də o sahənin rəqabətqabiliyyətli səviyyədə inkişafını tormozlamaqla məşğuldurlar. Ona görə də bir sıra sahələrdə vacib dövlət işləri arxa planda qalır. Bu isə ekstremal şəraitlərdə ortaya çıxır. Bu özünü Mingəçevirdəki “Azərbaycan” İES-də baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında yaranmış ciddi problemlər zəncirinin bütün həlqələrində çox aydın göstərdi.

Bu hadisələr bir daha göstərir ki, məmurun fəliyyəti şəxsi maraqlarının gerçəkləşdirilməsi vasitəsi kimi mədddahlıq məharəti ilə yox, dövlətçilik təfəkkürü, səriştəsi ilə, gördüyü işin keyfiyyəti və səmərəlilik dərəcəsi ilə ölçülməli, bütün sahələrdə şəffaflıq və məsuliyyət artırılmalı, dövlət adamı ona tapşırılan sahə və fəaliyyət növünə görə gerçəkdən şəxsən məsuliyyət daşımalıdırlar. Bu baxımdan da, adını qeyd etdiymiz qanun və ondan irəli gələn qanunlar mütləq və mütləq qəbul edilməlidir”.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Son müşavirə ciddi dərs olacaq – ZİYAD SƏMƏDZADƏ – RƏYLƏR

Read Next

Millət vəkilləri ATƏT PA-da nədən danışacaqlar?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir