Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Məni tərk etdiyin gecədən tam 9 il keçir…
Bu 9 ildə səni düşünmədiyim doqquz dəqiqə yox, heç doqquz saniyə belə olmayıb…
Sən mənim həyata baxışımsan. həyat tərzimsən, dilimin əzbərisən, könlümün sağalmayan yarasısan…
Amma bir vaxtlar özün boyda bir məlhəm idin sənə sığınanlara, sənə gümanı gələnlərə. Bəs mənə nədən məlhəm ola bilmirsən?
Bir zamanlar “Əllərimin içinə ağlama qızcığaz. Bilirəm, yox məndən başqa həyanın” deyən sən, indi bəs mənim göz yaşımı niyə silə bilmirsən?
Ana! Ana! Səni çağırıram, gəl, nə olar… Elə dediyimə baxma. Əsla göz yaşımı sənə göstərmərəm! Sənə dərd vermərəm! Səni narahat etmərəm! Tam əksinə, sənin üzün gülsün deyə, sənə xoş olsun deyə, lap yalandan qəhqəhə çəkərəm, üzümdən, gözümdən “asdığım” gülüş maskalarını heç çıxartmaram…
Təki sən sevinəsən, təki sən rahat olasan…Dünən Yazıçılar Birliyində, adının işığı ətrafında toplaşan qələm dostlarına, oxucularına. bütün səni sevənlərə üzümü tutub dedim ki, mən anama sağlığında həyatım boyu iki ali məktəb diplomu- ( şərqşünaslıq və hüquqşünaslıq), iki alimlik diplomu (elmlər namizədi və elmlər doktoru), iki alimlik dərəcəsi diplomu (dosent və professor), iki deputat mandatı, müxtəlif vaxtlarda qazandığım onlarla tərifnamə, fəxri fərman, döş nişanı təqdim etmişəm…
Bunları onu sevindirmək üçün etmişəm. Bütün uğurlarımı sənə borcluyam. Bir dəfə də Yazıçılar Birliyi üzvlük vəsiqəmıə gəldim evə. Allah, necə sevinmişdin… Lap az qala qol götürüb oynamışdın sevindiyindən! Onda ömrünün sonlarını yaşayırdın… Mən bunu bilirdim və son günlərində belə, sənə həyatın boyu tamarzı olduğun xoşbəxtliyi bol bol dadızdırmaq istəyirdim…
Eh, Ana! Çox tələsdin!
Belə olmamalıydı…
Məndən, özündən, dünyamızdan belə narahat, nigaran, gözü yolda getməməliydin…
Haqq etdiyini almalıydın!..
Ömrümüzün, həyatımızın səndən sonra gələn sevinc işartılarına sənin də gözlərin qamaşıb, qəlbin fərəhlənməli idi… Eh…nə isə…
Yəqin indi sənə hər şey agahdır!
Yəqin indi ruhun rahatlıq tapıb!..
Nur içində yat, mənim ruhum, tabım, tavanım, nur üzlü Nurəngiz anam!
Jalə ƏLİYEVA,
Millət vəkili
Etikxeber.az