Mənim tanıdığım Ziyad müəllim…-KAMİL HƏMZƏOĞLU YAZDI

Xalqımızın sözün əsl mənasında böyük oğullarından, dəyərli ziyalılarından, tanınmış ictimai-siyasi, elm xadimlərindən biri-akademik, millət vəkili, “Şərəf” və “Şöhrət” ordenli, əslən buzovnalı-sadə və zəhmətkeş Əliabbas kişinin ailəsində dünyaya göz açmış Ziyad Səmədzadənin nə az, nə çox-düz 80 yaşı tamam olur…

Şərəflə, Ləyaqətlə, Kişiliklə yaşanmış, Xalqına və Dövlətinə sonsuz və təmənnasız xidmətlərlə dolu-80 illik bir ömür…

İyunun 25-də (bu gün-K.H) bu şəfərli ömür yolunun YOLçusu, bu Böyük Kişinin- Ziyad müəllimin yubiley doğum günüdür…

İstədim ki, mən də onun haqqında ürəyimdən keçənləri, bu günə qədər üzünə deyə bilmədikləri heç olmasa, bu əlamətdar, unudulmaz günlərində qələmə alım-yazıya köçürüm…

Deyə bilmirəm, nə qədər uğurlu alınacaq, ancaq çalışacağam ki, həmişəki kimi, səmimi olum, gördüklərimi, müşahidə etdiklərimi sözə, yazıya çevirim…

Öncə deyim ki, Ziyad müəllimi aşağı-yuxarı, əyani və qiyabi şəkildə, təxminən 35 ilə yaxındır ki, tanıyıram…

Onu ilk dəfə mən hələ orta məktəb illərindən-efirdən, AzTV-dən görüb, tanımışdım…

Çox səlis, çox savadlı, əsl natiq kimi çıxış edirdi…

Sonra onu ilk dəfə yaxından Azərbaycan müstəqillik əllə etdikdən bir az sonra, 1991-ci ilin payızında-“Azadlıq” meydanında keçirilən təbdirdə görmüşdüm…

Nəhayət, ilk dəfə onunla 1999-cu ildə, “525”-də işləyərkən telefonla danışmışdım…Həmin vaxt onun haqqında məqsədli şəkildə yalan bir xəbər dövriyyəyə buraxılmışdı, guya müxalif yönlü partiya yaradır və sair…

Ziyad müəllim çox səmimi şəkildə “Kamil, oğlum, Qurana and olsun ki, belə bir məsələ yoxdur…” demişdi və həmin andan onun səmimiyyətinə tam inanmışdım…

Daha sonra 2000-ci illərin əvvəllərində bir dəfə onunla müsahibə götürmək üçün vədələşsək də, müəyyən səbəblərdən baş tutmamışdı, amma söz vermişdi ki, mütləq müsahibə verəcək…

Bunun üstündən bir xeyli keçəndən sonra, səhv etmirəmsə, 2004-cü il olardı, Ziyad müəllimlə telefonla danışmış və müsahibə götürmüşdüm…

Həmin vaxt bəzi keçmiş partiya-sovet işçilərinin və sabiq deputatların pensiya məsələsində problem yaranmışdı…Ziyad müəllimlə həmin məsələdən, həmçinin, ölkədəki sosial-iqtisadi durumdan danışmışdıq…

Çox maraqlı bir yazı-müsahibə alınmışdı…Hətta, yadımdadır, o vaxt bir neçə nəfər mənə zəng edərək, bu yazıya görə minnətdarlığını da bildirmişdi…

Nəhayət, Ziyad müəllim 2005-ci ildə yenidən millət vəkili-MİLLƏTİnin Vəkili seçildikdən sonra parlament müxbiri kimi, onunla görüşmək, müsahibə və açıqlamaq imkanım daha da artmışdı…

Elə bu yerdə deyim ki, Ziyad müəllim populistlikdən, yeri düşdü-düşmədi gündəmə gəlməkdən uzaq olan bir insan kimi, hər zaman çox iş görməyə, ancaq az danışmağa, etdiklərini də gözə soxmamağa çalışırdı…

Heç də hər kəsə müsahibə və açıqlama vermirdi…Onunla ilk dəfə üzbəüz- “tet-a-tet” müsahibəmiz də məhz 2007-ci ildə baş tutmuşdu, rəhbəri olduğu “İqtisadiyyat” qəzetinin ofisində…

Həddindən artıq geniş və maraqlı bir müsahibə alınmışdı…

Əvvəlcə “1nyus” da, sonra isə “525”“İqtisadiyyat” qəzetlərində getmişdi…

Həmin vaxtdan sonra Ziyad müəllimlə tez-tez müsahibələrim, açıqlamalarım olur, istənilən suallarımı məmnuniyyətlə,cavablandırırdı-əsl iqtisadçı alim kimi, əsl dövlət xadimi kimi-peşəkarcasına və obyektivcəsinə…

Çox sevindirici və qürurverici haldır ki, Ziyad müəllimlə münasibətlərimiz son illər daha da sıxlaşıb, daha da yaxınlaşıb, müsahib-jurnalist münasibətlərindən, dost, ata-bala münasibətlərinə keçib…

Hər zaman ondan, o Böyük İnsandan özümə, şəxsimə qarşı çox böyük hörmət və ehtiram görümüşəm…

Onu da deyim ki, Ziyad müəllim kənardan çox zəhmli və sərt insan kimi görünsə də, bu, əsla və əsla deyil…

Həddindən artıq yumşaq, həlim, kövrək xasiyyətli, diqqətcil, qayğıkeş, yanımcıl, mehriban, sadə və sakit təbitətli insandır…Həm də ki, tələbkar və məsuliyyətli…

Tam səmimiyyətimlə deyirəm ki, bu zəmanədə, bu dövranda Ziyad müəllim kimi, məsuliyətli, hər bir sözünün, cümləsinin üzərində necə deyərlər, əsən, hər bir addımını yüz dəfə deyil, min dəfə ölçüb-biçən insanlar çox az tapılar…

Şahidiyəm ki, Ziyad müəllim hər bir yazısının, hər bir elmi, siyasi məqaləsinin, çıxışının üzərində saatlarla, günlərlə deyil, həftələrlə, aylarla işləyir…

İstəmir ki, bir kəlmə belə, o yan-bu yan olsun…Həm də o qədər məlumatlı, yaddaşlı, hafizəlidir ki, qibtə etməmək, heyran olmamaq mümkün deyil…

50-60 il öncə olanları ən xırda detallarınacan elə gözəl və səlis şəkildə danışır, xatırlayır ki, bu, deyərdim ki, ancaq nadir şəxsiyyətlərə xas olan keyfiyyətlərdəndir…

Ziyad Səmədzadə ömrü həm də hər kəsə örnək ola biləcək maddiyyatdan uzaq Mənəviyyat Ömrüdür…

O, heç zaman-böyük, yüksək vəzifələrdə işləməsinə baxmayaraq, maddiyyatın dalınca qaçmayıb, nəfsinə, tamahına uymayıb…

Hər zaman mənəviyyatın, mənəvi dəyərlərin daşıyıcısı və təbliğatçısı olub…Bütün addımlarında, davranışlarında, yazılarında, çıxışlarında da bunlar daim ana xətt kimi, keçib…

İstər iqtisadi, istər siyasi, istər elmi məsələlər olsun, hər birində mütləq mənəviyyat, mənəvi dəyərlər özünə yer tapıb…

Ziyad müəllim hər zaman xalqına, dövlətinə, ailəsinə, yaxınlarına çox bağlı və sədaqətli olan insandır…

Hər zaman fəaliyyətinin başlıca xəttini dövlətinə, xalqına xidmət etmək, töhfələr vermək təşkil edib…

Məhz bu səbəbdəndir ki, hələ sovetlər dövründə, böyük vəzifədə işləyərkən Azərbaycan iqtisadi müstəqlliyi haqqında konsepsiya hazırlamış və onun qəbuluna nail olmuşdu…

Qarabağ hadisələri başlayanda, çoxları susanda, gözləmə mövqeyi tutanda erməni yalanlarına, Kremlin, Qorbaçov hakimiyyətinin antiAzərbaycan siyasəıtinə qarşı açıq mövqeyil ilə çıxış etmiş, mübarizə aparmış, bir çox həqiqətləri açıb ortaya qoymuş çox azsaylı partiya-sovet işçilərindən, rəhbər şəxslərdən olmuşdu…

Heç təsadüfi deyil ki, sovetlər dövründə vəzifəli şəxslərin çoxu uşaqlarını, övladların məhz rus məktəblərinə-rus sektoruna göndərəndə, bununla öyünəndə, Ziyad müəllim 3 övladının üçünü də Azərbaycan məktəblərində oxutdurmuşdu…

Ot kökü üstə bitər deyiblər…

Hər üç övladı da əsl Azərbaycan və azərbaycançılıq ruhunda böyümüş, öz sahələrində uğurlara nail olmuş ziyalılardır…Qızı Aytən xanım iqtisad elmləri namizədi, “İqtisadiyyat” qəzetinin baş redaktorudur…

Oğlu Elşad Səmədzadə iqtisad elmləri namizədi, 40-dan çox elmi əsərin müəllifi, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavinidir…

Digər qızı Aygün xanımı isə yəqin ki, geniş tanıtmağa ehtiyac yoxdur…Azərbaycanımızın gözəl, istedadlı və parlaq sənət xadimlərindən, bəstəkarlarından biridir, Xalq artısti, Xalqının sənətkarıdır…

Bəli, başqa cür də ola bilməzdi…Ziyad Səmədzadə dünyasında, Ziyad Səmədzadə ocağında dünya göz açmış, milli ruhda böyüdülmüş övladlar məhz belə də olmalıydı…

Ziyad müəllim, gözəl ata olduğu kimi, həm də gözəl, qayğıkeş babadır… Nəvə-nəticə sahibidir və hər biri ilə də öyünən, qürur duyan bir Baba…

Bəli, yuxarıda da qeyd etdiyim ki, yaşının bu çağında gecə-gündüz bilmədən, ömrünü Azərbaycan elmi, Azərbaycan xalqı və dövləti yolunda şam kimi əridən Ziyad Səmədzadənin 80 yaşı tamam olur…

Bu əziz və əlamətdar yubiley doğum günü ilə bağlı Ziyad müəllimi ürəkdən təbrik edir, ona uzun-ömür, can sağlığı, elmi, ictimai-siyasi fəaliyyətində növbəti uğurlar, nailiyyyətlər arzu edirəm…

Nə yaxşı ki varsınız, Ziyad müəlim…Nə yaxşı ki Sizi yaxından tanımışam, əziz və dəyərli, ağsaqqallım, mənəvi böyüyüm bildiyim Ziyad müəllim!

Mübarək gününüz bir daha mübərək olsun!

Böyük sayğılarla,

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

11:12, 20:30, 23 iyun, 19:45, 24 iyun

Etikxeber.az

Read Previous

“Sadə əməyimi yüksək qiymətləndirdiyi üçün ölkə Prezidentinə minnətdaram”-80 YAŞI TAMAM OLAN ZİYAD SƏMƏDZADƏ DÖVLƏT BAŞÇISI TƏRƏFİNDƏN ORDENLƏ TƏLTİF OLUNDU – YENİLƏNİB

Read Next

“Koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq, biz bu xəstəliklə yaşamağa məcburuq” – Prezident – İlham Əliyev və Mehriban Əliyeva-GƏNCƏDƏ AÇILIŞLARDA – DÖVLƏT BAŞÇISI SAMUXA DA SƏFƏR ETDİ – FOTOLAR – YENİLƏNİB – (13)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir