Cənnətdəki üçüncü doğum günü, 41 yaşının tamam olması ilə bağlı bu gün-9 avqust 2023-cü il tarixində, səhər saatlarında İkinci Vətən Müharibəsi Şəhidi, polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanovun İkinci Fəxri Xiyabandakı məzarı ziyarət olunub.
Etikxeber.az xəbər verir ki, məzarı ziyarət olunmazdan öncə Şəhidin və cəmi Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Müdafiə Nazirliyinin Hərbi orkestri tərəfindən Dövlət himni səsləndirilib.
Qısa çıxışlar edilib, Babək Ramaldanovun İgidliyi və Qəhrəmanlığından bəhs olunub.
Daha sonra Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar edilib, Quran oxunub.
Məzarını ziyarətdən sonra İkinci Fəxri Xiyabanda yerləşən mərasim zalında Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim düzənlənib, adına çay-ehsan süfrəsi açılıb.
Polkovnik, şair Abdulla Qurbani, Şəhidin dayısı, polkovnik, iki dəfə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş Şair Ramaldanov və digər şəxslər çıxış ediblər.
Onlar tarixi 44 günlük İkinci Vətən Müharibəsindən, Qələbə və Zəfərimizdən, Şəhidlərin, o cümlədən Babək Ramaldanovun Vətən, Qələbə naminə fədakarlığından bəhs ediblər.
Babək Ramaldanovun 38 illik qısa, lakin şərəfli həyat, hərb və döyüş yolundan söz açıblar.
Şəhidin valideynlərinə, ailəsinə, övladlarına Allahdan səbr və dözüm arzulayıb, Cənnətdəki üçüncü doğum gününü təbrik ediblər.
Qeyd edək ki, əslən Qusarlı və milliyyətcə ləzgi olan Babək Ramaldanov 1982-ci ilin avqustun 9-da Bakı şəhərinin Xətai rayonunda, ziyalı ailəsində dünyaya gəlib.
Əvvəlcə Xətai rayonunda yerləşən 59 saylı məktəbə gedib, sonra – 1996-1999-ci illərdə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib.
1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
2017-2019-cu illərdə isə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Liseyində ali hərbi təhsil alıb.
Uzun illər Naxçıvan Muxtar Respublikasında hərbçi, zabit kimi fəaliyyət göstərib.
Polkovnik-leytenant hərbi rütbəsinəcən yüksəlib.
İkinci Vətən Müharibəsinin ilk günlərindən də döyüşlərdə iştirak edib.
Kəlbəcər-Murov, Cəbrayıl və Füzuli istiqamətlərində şərəfli döyüş yolu keçib.
Müharibənin 20-ci günündə, oktyabrın 16-da isə Cəbrayıl rayonunun Hovuslu kəndi istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi iki gün sonra-oktyabrın 18-də İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb.
İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra medallarla, o cümlədən, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
O, həm də ailəli, iki övlad atası idi.
Ramaldan və Süleyman adlı övladları ailəsinə, Vətəninə əmanət qalıb.
Ruhu köməkləri olsun, torpağı sanı yaşasınlar!
Şəhidin anası Xalidə Ramaldanovanın mətbuata dediklərindən:
“…Hər gün, hər dəqiqə əllərimi Allaha açıb, bütün döyüşə gedənlər üçün dua edirdim. Deyirdim ki, ay Allah, hamının balası sağ-salamat qayıtsın, mənim balalarım da onların içərisində. 16 oktyabrda yoldaşımla dükandan gəlirdik. Telefonu zəng çaldı. Zəng edən qardaşım Şair idi. Nə dedisə, yoldaşım maşını saxlayıb, düşdü. Sonra rəngi qıpqırmızı qızarmış halda gəlib oturdu. Dedi, heç nə, Babəki xəbər alırdı, sizi soruşurdu. Evə gəlib yetişdik. Baxdım ki, kişi heç gözümə yaxşı dəymir. Qışqırdım, nalə çəkib ağladım ki, mənə düzünü de görüm nə olub, nə baş verib? Bəlkə yaralanıb, bəlkə əsir düşüb balam? Kişi başladı ağlamağa, dedi ki, Babək daha yoxdur!…”
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:
















***








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az