“Məclislərə “təki pul olsun”-deyə, getmirəm…” – ƏMƏKDAR ARTİST

NURİYYƏ HÜSEYNOVA: …Xəstə-xəstə gedib ABŞ-da konsert proqramı ilə çıxış edib, qayıdıb gəlirdim. İynə vurdurub, o vəziyyətdə təyyarə ilə Macarıstana getmişəm, sağlığımın bu halında Fransada, UNESCO-da konsert proqramı ilə çıxış edib, geri dönmüşəm. Həmçinin, ölkəmizin özündə 3 şəxsi layihəm olub ki, onları reallaşdırmışam…

Etikxeber.az  tanınmış xanəndə, Əməkdar artist Nuriyyə Hüseynovanın müsahibəsini təqdim edir:

– Nuriyyə xanım, bildiyiniz kimi, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü keçirildi.Bu görüşə dəvət olunsaydınız, hansı məsələləri dilə gətirər, qaldırardınız?

-Əvvəla qeyd edim ki, həmin görüşə dəvət olunmamışdım. Əgər həmin görüşə dəvət alsaydım o məsələni qaldırardım ki, mədəniyyət, incəsənət adamlarının, sənətkarların işi-gücü ancaq öz işi, öz sənəti ilə məşğul olmaq, sənətini, yaradıcılığını inkişaf etdirməkdir. Bir millətin mədəniyyəti onu dünyada təmsil və tərənnüm edən, tanıdan ən başlıca məsələlərdən biri olduğu kimi, sənət insanın sağlığı, onun huzuru, maddi rifahı, həyat, yaşam tərzi də gözəl olmalıdır ki, o, ancaq öz sənəti ilə məşğul olsun. Çünki bu məsələlərdə sağlamlıq birinci şərtdir. Ancaq bəzi məsələlər bəzən sağlamlığa imkan vermir.

Çox qaçıqırıq ora-bura, çox əziyyət çəkirik. Burada da tək özümü nəzərdə tutmuram, bütün sənət insanlarını, yeni, elə muğam müsabiqələrinin özündən gəlmiş gənc xanəndələr, gənc ifaçılar ki var, öz halal əməyi, halal zəhməti ilə çalışır, yaşayır, sırf sənətə xidmət edir, əsl yaradıcılıq ortaya qoyur, şoudan, bayağı musiqilərdən uzaq dayanırlar, onları nəzərdə tuturam. Klassik musiqi mədəniyyətini, klassik Azərbaycan ifaçılıq mədəniyyətini-o sənət ki, biz öz müəllimlərimizdən öyrənmişik, görmüşük, biz də bu gün onları yaşadırıq və gələcəyə ötürürük.

zeynabbbbb-2

nuriyya-kamil

Ona görə bu işlə məşğul olan insanlar pul arxasınca qaçmırlar. Onlar sırf sənətə xidmət edirlər. Mən və mənim kimi minlərlə sənət insanı istəyərik və istəyirik ki, bizə qayğı elə olsun ki, fikrimiz, düşüncəmiz ancaq sənətə yönəlsin, digər problemlərlə, qayğılarla yüklənməyək. Şəxsən mən özüm hər toya, hər məclisə gedən, hər təklifi qəbul edən deyiləm. Hara gəldi, fərqi yoxdur-“təki pul gəlsin”, mənim xarakterimə uyğundur, uyğun deyil, gedib orada oxuyum, bu, mənlik məsələ deyil. Bunlar mənim xarakterimlə daban-dabana zidd olan məsələlərdir. Mən daim çalışmışam və çalışıram ki, öz halal əməyimlə, sənətimlə, zəhmətimlə yaşayım. Amma bəzən maddi durum mənfi mənada öz sözünü deyir. Mən tək özümü demirəm, sənət dünyasında olan yüzlərlə, minlərlə insanın haqqını deyirəm, onların adından danışıram və daim mədənəiyyətə, mədəniyyət xadimlərinə, sənətkarlara xüsusi diqqəti, qayğısı ilə seçilən cənab prezidentdən xahiş edirəm ki, bizlərə də dəstək verilsin.

Bəzən görürsən, sənət aləmində elə adamlar var ki, verilən təqdimat əsasında prezident təqaüdü, dövlət mükafatı, mənzil, nə bilim fəxri adlar alırlar və sair. O zaman düşünürsən ki, mən də bu sənətin daşıyıcısı, nümayəndəsi deyiləm? Mən hansı xalqın musiqisinə xidmət edirəm? Mən də bu ölkədə yaşayıram, bizlər də bu ölkədə yaşayırıq. Mənim və mənim kimilərinin əməyi, zəhməti heç də digərlərindən az deyil, bəlkə də, qeyri-təvazökarlıq kimi səslənməsin, daha çoxdur. Mən də əziyyət çəkirəm, bizlər də əziyyət çəkirik. Ya birdəfəlik fəxri adların, mükafatların, təqaüdlərin hamısı yığışdırılsın, ləğv olunsun, ya da hər bir kəsin haqqı olduğu kimi verilsin. Yəni, təqdimat verən, siyahı tərtib edən insanlar, qurumlar bunu mütləq nəzərə alsınlar, ayrı-seçkiliyə yol verməsinlər. Çünki onların təqdimatından çox şey asılıdır.

Allah hər kəsin özünə qismət etsin, amma bəzən elə sənətçilər mükafatlara, təqaüdlərə təqdim edilir ki, onların əslində həmin mükafatlara, maddi vəsaitə ehtiyacları yoxdur, həm adları-sanları yetərincədir, həm də maddi durumları yerindədir. Amma 5 ildir, 10 ildir alırlar, elə sənət adamları da var ki, kirayədə yaşayır, ya da maddi vəziyyətləri, sağlıq durumları yaxşı deyil. İlk növbədə belələri nəzərə alınmalıdır, təqdimat verilərkən bu məqamlara diqqət yetirilməlidir. Bunları deməklə də şəxsən kiminsə adını hallandırmaq fikrim yoxdur. Yaxşı bilirsiniz ki, mən söz-söhbətlərdən, xoşagəlməz məsələlərdən uzaq dayanan bir insanam, vətənimə, dövlətimə, millətimə, dəyərlərimizə hörmətlə yanaşan, onu yaşatmağa çalışan bir insanam, sənətçiyəm. Ona görə istəyirəm ki, hər bir məsələdə tarazlıq gözlənilsin, tarazlıq pozulmasın.

Dünya nemətləri, fəxri adlar, titullar, filan, tarzalı şəkildə olmursa, bölünmürsə və ya yaşlaşan vaxtlarda bunlar olursa, bəlkə də heç lazım deyil, hər şey zamanında, məqamında olanda gözəldir. Mənim yaşımın elə bir dövrüdür ki, yaratmaq, gözəl işlər, gözəl layihələr ortaya qoymaq istəyirəm. 2018-ci ildə səhhətimdə çox ciddi, elə dəhşətli problemlər yaşandı ki, durub işə gecəcək, sənətlə məşğul olacaq halım yoxuydu. Amma buna baxmayaraq, işimdən, sənətlə məşğul olmaqdan qalmırdım, iynə vurdurub, dərman qəbul edib işə gedirdim. Xəstə-xəstə gedib ABŞ-da konsert proqramı ilə çıxış edib, qayıdıb gəlirdim. İynə vurdurub, o vəziyyətdə təyyarə ilə Macarıstana getmişəm, sağlığımın bu halında Fransada, UNESCO-da konsert proqramı ilə çıxış edib, geri dönmüşəm. Həmçinin, ölkəmizin özündə 3 şəxsi layihəm olub ki, onları reallaşdırmışam.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı “Vətənimizi sevirik”, “Bura, vətəndir!” və böyük Hüseyn Cavid yaradıcılığından bəhs edən “Mənim Tanrım gözəllikdir, sevgidir” adlı layihələrlə çıxış etmişəm. İnanın özünü öymək, tərifləmək kimi çıxmasın, indinin özündə belə məni görəndə deyirlər ki, bəlkə də son illərdə belə layihələr, sənən nümunələri görməmişik. Dəyərlərə hörmət, hər şey musiqinin dili anladılıb, insanlara, tamaşçılara çatdırılıb. Bütün bunlara böyük əmək, zəhmət sərf olunub.

Yəni, səhhətimdəki problemlərə baxmayaraq, işimi, sənətimi axsatmamışam, əksinə, uğurlarım daha çox olub. Bu, heç də o demək deyil ki, bu işləri gördüyüm üçün mənə pul verilsin, ad verilsin, xeyr, mən belə iddiada deyiləm, mən bunları dövlətim, xalqım, millətim, mədəniyyətimiz üçün təmənnasız şəkildə etmişəm. Amma mənim istədiyim odur və məsələ ondadır ki, hər bir məsələ zamanıda olmalıdır, mən və mənim kimilərinin də əməyi, zəhməti nəzərə alınmalıdır. Nuriyyə Hüseynova və Nuriyyə kimi bir çox sənət insanları da məhz Azərbaycana, Azərbaycan mədəniyyətinə xidmət edirlər.

Biz Azərbaycanımızı, vətənimizi sevirik, ölkə prezidentinin, birinci xanım Mehriban Əliyevanın Azərbaycan naminə gördüyü işləri, bütün fədakarlıqları dəstəkləyir və qiymətləndiririk. Yenə deyirəm, şəxsən bir bayağı manhıdan ötrü mənim qabağıma milyonlar qoysalar da, mən bu addıma getmərəm. Bəzən mənə elə yerlərdən, elə toy, şənlik, ad günü məclisləri üçün dəvətlər gəlir ki, bir deyil, iki deyil, amma mən onları qəbul etmirəm. Tanımadığım, bilmədiyim məclislərə “təki pul olsun”-deyə, getmirəm, getmərəm də. Mən tək öz adım-sanıma deyil, bütövlükdə ölkəmin nüfuzuna, ad-sanına ləkə gəlməsini istəmirəm.

Dünyanın hər bir yerində də bunu qoruyub, saxlamağa çalışan bir insanam. Yəni, həmin görüşdə bunları, yuxarıda qeyd etdiklərimi deyərdim.

-Necə hesab edirsiniz, bu gün Azərbaycan sənətinin, Azərbaycanın mədəniyyətinin üzü, yönü hansı istiqamətədir: inkişafa, yoxsa, çöküşə, milli dəyərlərimizlə heç də uzlaşmayan şou-biznes tərəfə?

– Bilirsiniz, hər bir dövrdə sənət aləmində tənəzüllə uğramalar, axsamalar olub. Hətta, sovetlər dövründə də belə hallar var idi. Bayağı musiqilər, bayağı ifaçılar o zamanlarda da olub. Yəni, bunlar hər zaman olub və olacaq. İnsanları bir neçə qrupa, kateqoriyaya ayırsaq, biz o zaman yanılmarıq və düzgün nəticələr çıxararıq. Hər bir insanın səbri, gücü çatmır ki, ciddi və gözəl musiqini dinləsin. Heç də hər bir insanın beyninin, düşüncəsinin gücü imkan vermir ki, səviyyəli bir musiqiyə qulaq assın. Təbii ki, insanların yemək zövqü, geyim tərzi, ağız dadı bir başqa, fərqli olduğu kimi, onların musiqi zövqü və duyumu da fərqlidir. Nuriyyəni dərk edən, onu dinləyəcək, bayağı musiqini oxuyan başqa bir ifaçını isə başqası dinləyəcək, bəlkə də Nuriyyədən artıq sevəcək. Biz burada kiməsə qadağa, senzura qoya bilmərik.

Onu sadəcə, zaman özü həll edir, ələyir, ələkdən, süzgəcdən keçirir, kim lazımdırsa, saxlayır, kim lazım deyilsə, öz-özlüyündə əriyib, yox olub, gedir. Bu, zamanlıq bir məsələdir. Əgər bu günümüzə qədər Azərbaycan klassik musiqisi, mədəniyyəti yaşayıbsa, dünyanın hər yerində sevilirsə, hara gediriksə, bu sevgini görürüksə, bu, sadəcə, mədəniyyətimizin, musiqimizin gücüdür. İkincisi də, bu mədəniyyətə, bu musiqiyə xidmət edən insanlar hələ ölüb, bitib, qurtarmayıb.

Onlar mövcuddur və dövlətimizin dəstəyi sayəsində arxadan gələnlər də var, yəni, yeni istedadlı nəsil gəlməkdədir. Biz müəllimlər olaraq həmin gəncləri mararifləndirikmi deyim, yönəldirikmi deyim, bunların hamısı şərtdir, hər halda istedadlı gənclər var və gəlməkdədirlər. Şəxsən mən özüm məktəbimi yaratmışam və məndən sonra da o davam edəcək, yaşayacaq. Bu gün mən onu görürəm. Azərbaycan musiqisi hər zaman olub və olacaq.

Bayağı musiqilər və musiqiçilər, ara oxuyanları, toy, şou üçün yazanlar,bunu nümayiş etdirənlər zamanın çərçivəsində, öz-özlüyündə ələnib, əriyib gedəcəklər. Buna görə rahatsız olmayın. Hələ bu ölkədə, bu millətin içində musiqimizi qoruyacaq, yaşadacaq insanlarımız var. Həmçinin, dövlətimizin bu yöndə dəstəyi, irdəsi var… 

K. HƏMİDOV

Etikxeber.az

 

Read Previous

Uçqun ola bilər – SİNOPTİKLƏRDƏN XƏBƏRDARLIQ

Read Next

Dəhşətli təyyarə qəzası: 140 NƏFƏR ÖLÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir