Məmmədyarov Sisi ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Əbdülfəttah əs-Sisi tərəfindən qəbul olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və məktubunu Misir dövlətinin başçısına çatdırıb.

Prezident Əbdülfəttah əs-Sisi salamlarının və ən xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüşdə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Əbdülfəttah əs-Sisi Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini yüksək qiymətləndirib və İslam həmrəyliyinin vacibliyini qeyd edib.

Görüşdə İslam dininin sülh, həmrəylik və tolerantlıq dini olduğu bildirilib.

Elmar Məmmədyarov gələn il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini diqqətə çatdırıb. O, Misir idmançılarını Oyunlarda iştiraka dəvət edib. Nazir ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsinə verdiyi töhfələr barədə danışıb.

Görüşdə Azərbaycan ilə Misir arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Enerji sahəsində SOCAR ilə EGPC arasında qurulmuş 6 illik əməkdaşlıq yüksək qiymətləndirilib. Bu əməkdaşlığın böyük perspektivlərinin olduğu qeyd edilib. Həmçinin ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

Çevriliş cəhdini Adil Öksüzlə Kemal Batmaz idarə edirmiş…

Read Next

Avropa İttifaqı Azərbaycanı demokratik ölkə kimi görmək istəyir – MARD

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir