“Məmmədyarovun zamanında olduğu kimi, boş bəyanatlar və açıqlamalarla kifayətlənmək yolverilməzdir…”-SABİQ DEPUTATDAN ETİRAZ

Tovuzla sərhəddə ölkəmizə qarşı növbəti aqressiyaya cəhd edən Ermənistan Azərbaycan Ordusu tərəfindən sarsıdıcı zərbələr almasına baxmayaraq,dinc durmur.

Düşmən mövcud status-KVO-dan və yaranmış beynəlxalq vəziyyətdən istifadə edərək, silah gücünə zəbt etdikləri ərazilərimizin ilhaqı prosesini davam etdirir.

Ermənistan illərdir ki, Dağlıq Qarabağda və onun ətrafındakı 7 rayonumuzda qanunsuz olaraq,böyük infrastruktur layihələri həyata keçirir, yeni kəndlər, qəsəbələr salır,məskunlaşma aparırlar.

Bugünlərdə Beyrutdakı güclü partlayışın yaratdığı faciədən istifadə edən işğalçı dövlət zəbt olunmuş torpaqlarımıza Livandan gətirilmiş erməni ailələrini yerləşdirməyə başlayıblar.

Məlumdur ki, ermənilər bundan əvvəl də Suriyadan, Yaxın Şərqin digər ölkələrindən sözügedən bölgələrimizə qanunsuz olaraq, çoxlu sayda öz soydaşlarını köçürmüşlər.

Düşmənin məqsədi aydındır. Onlar işğal səbəbindən dövlətimizin nəzarət edə bilmədiyi torpaqlarımızda süni şəkildə ermənilərin sayını artırmağa, dünya ictimaiyyətini, beynəlxalq təşkilatları həmin ərazilərin guya, tarixi erməni torpaqları olduğuna inandırmağa çalışırlar.

Bu məsələ, haqlı olaraq, ölkəmizin ictimaiyyətinin narahatlığına səbəb olub.

Doğrudur, Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbərinin vasitəsilə məsələni pisləyən münasibət açıqlamışdır.

Düşünürəm ki, bu, yetərli addım deyil.

Axı, söhbət işğaldakı beynəlxalq ictimaiyyət tərəfindən tanınmış torpaqlarımızın ilhaqından gedir.

Problem,göründüyü kimi, ciddidir. Hadisəyə göz yummaq olmaz. Adekvat cavab verilməlidir.

Elmar Məmmədyarovun zamanında olduğu kimi, boş bəyanatlar və açıqlamalarla kifayətlənmək yolverilməzdir.

Ciddi hüquqi və siyasi addımlar atılmalıdır. Ermənistanın əməlləri,beynəlxalq qanunlara qörə, hərbi cinayət hesab edilir.

Bundan başqa, işğalçının özünün də imzaladığı Bişkek protokolu da atəşkəs rejimində Azərbaycanın işğal altındakı ərazilərində nəinki hər hansı məskunlaşmanı, hətta istehkamların tikilməsini istisna edir.

Əgər, bizim yerimizə ermənilər olsaydı,yəqin ki, beynəlxalq təşkilatların daşını daş üstə qoymazdılar.

Hərəkətə keçmək lazımdır. Qanunlar və haqq bizim tərəfimizdədir.

ATƏT-in faktaraşdırıcı missiyasının işgal zonasına göndərilməsini tələb etməli,məsələyə ciddi hüquqi qiymət verilməsinə nail olmalıyıq.

Mayis SƏFƏRLİ,

Sabiq deputat

Etikxeber.az

Read Previous

“Heç bir tərəddüd olmayıb və bundan sonra da olmayacaq…”-KAMİLƏ ƏLİYEVA BÜDCƏ DƏYİŞİKLİKLƏRİNDƏN, PREZİDENTİN SON MÜŞAVİRƏSİNDƏN DANIŞDI

Read Next

Bakıda sərnişin avtobusları üçün zolaqların təşkili barədə təklif hazırlanıb, 5 əlavə ekspress xətt-İSTİFADƏYƏ VERİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir