“Mən də hesab edirəm ki, parlamentin iclasları dayandırılmalıdır”-ELDAR İBRAHİMOV HƏM DƏ VƏTƏNDAŞLARA SƏSLƏNDİ

Mən də şəxsən növbədənkənar sessiya çərçivəsində keçirilən plenar iclasların dayandırılmasının tərəfdarıyam. Bu məsələdə həmkarım Musa Quliyevin təklifini də dəstəkləyirəm. Çünki, o, həm də həkimdir, bu məsələdə daha məlumatlıdır. Bu baxımdan hesab edirəm ki, payıza kimi iclaslar dayandırılmalıdır.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin parlamentin iclaslarının dayandırılması ilə bağlı təklifinə münasibətini bildirərkən deyib.

Qeyd edib ki, son günlər çox təəssüflər olsun ki, ölkədə koronavirusa yoluxma və nəticədə ölüm halları artmaqdadır:

“Bu, hər birimizi ciddi şəkildə narahat edir. Eyni zamanda, bildiyiniz kimi, yoluxma hallarının artmasının qarşısının alınması, bu bəlanın aradan qaldırılması ilə bağlı 8 bölgədə, o cümlədən, Bakıda yenidən iki həftəlik sərtləşdirilmiş xüsusi karantin rejiminə keçilib. Həmçinin, bütün ölkə üzrə karantın rejiminin vaxtı avqustun 1-cən uzadılıb. Ona görə bu müddətdə parlamentin iclaslarının da keçirilməsinə ehtiyac yoxdur. Hesab edirəm ki, onsuz da bütün vacib qanun layihələri qəbul edilib, sadəcə, ciddi və böyük zərurət olduğu halda, parlamentə toplaşmaq olar. Amma bununla belə, iclasların dayandırılması indiki reallıqda daha düzgün olardı”.

E. İbrahimov həmçinin, dünən özünün də MM-də koronavirusla bağlı testdən, müayinədən keçdiyini və həmkarları kimi, nəticəni, cavabı gözlədiyini bildirib:

“İnşallah, hər şey yaxşı olar. Eyni zamanda, fürsətdən istifadə edib, bir daha hər kəsə səslənmək istəyirəm ki, vəziyyətin ciddiliyini, yoluxma hallarının artmasını nəzərə alaraq, bütün tələblərə və karantin şərtlərinə, verilən qərarlara əməl etsinlər. Tibbi maskalardan, əlcəklərdən istifadə etməklə bərabər sosial məsafəni gözləsinlər, həm özlərini qorusunlar, həm də digərlərinin həyatını təhlükə altına atmasınlar”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Baş Prokurorluq Abşerondakı məmur həbsləri ilə bağlı-MƏLUMAT YAYDI

Read Next

“Şeyxin məktubuna cavab Vaşinqtondan deyil, Bakıdan gəldi…”-POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir