Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Arif RƏHİMZADƏ: Mən bilsəm ki, məni seçəcəklər, əlbəttə ki, deputat ola bilərəm. Amma bilsəm ki, mənim nüfuzum yoxdur, məni seçmək istəmirlər, başqa bir adamı seçmək istəyirlər, bu, artıq əhalinin, seçicinin iradəsi əsasında həll olunan məsələdir
Etikxeber.az-ın müxbirinin suallarını YAP İdarə Heyətinin üzvü, parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə cavablandırır:
-Arif müəllim, qarşıdan növbəti parlament seçkiləri gəldiyi üçün millət vəkillərinin yaş məsələsi bəzi media orqanlarında və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilməkdədir. Belə iddialar səslənməkdədir ki, başqa kateqoriyadan olanlarla bərabər millət vəkillərinə də yaş senzi, seçilmə məhdudiyyəti qoyulmalıdır, 60-65 yaşını keçənlər gedib nəvə-nəticələrini oynatmalıdırlar və sair. Sizcə, deputatlarla bağlı yaş məsələsi, yaş senzi, seçilmə məhdudiyyəti olmalıdırmı?
-Əvvəla, parlament seçkilərinə hələ bir ildən çox vaxt var. Bu yöndə müzakirələrin yeri deyil.
İkincisi də, bu deyilənlər tamamilə boş söhbətlərdir. Dövlət orqanlarında, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar necə deyərlər, tamam başqa bir mexanizmlə tənzimlənir, deputatlar, parlament üzvləri isə xalqın, seçicilərin istəyi və iradəsi ilə seçilir, formalaşırlar.
Bizim Konstitusiyada da bu qeyd olunub, deputatlar seçki yolu ilə seçilirlər.
Yəni, insan yüz yaşında olsa belə işləməyi, fəaliyyət göstərməyi bacarırsa, imkanı varsa, seçici tərəfindən dəstəklənirsə, o seçilir, xalqın təmsilçisi olur.
Yəni, dövlət qulluğunda olanlara millət vəkillərini qarışdırmaq olmaz. Tamamilə ayrı məsələlərdir. Onu deyənlər, məsələləri bir-birinə qarışdıranlar, mən üzr istəyirəm, qanmayıb deyirlər…
Mən bilsəm ki, məni seçəcəklər, əlbəttə ki, deputat ola bilərəm. Amma bilsəm ki, mənim nüfuzum yoxdur, məni seçmək istəmirlər, başqa bir adamı seçmək istəyirlər, bu, artıq əhalinin, seçicinin iradəsi əsasında həll olunan məsələdir.
Buna seçici qərar verəcək, kənardan başqası yox.
-Parlamentdə 70-80 yaş arası və ondan yuxarı olanlar haradasa 15-20 nəfərdir ki, onlardan biri də Sizsiniz. Hətta, Sizin də, digərlərinin də adları çəkilir ki, niyə yerlərini gənclərə vermək istəmirlər…
-Necə yəni, mən gənci dəvət etməliyəm ki, gəl, mənim yerimə keç?!
Gənc varsa və onun məndən hansısa üstünlüyü varsa, o zaman gəlsin seçkilərdə namizədliyini irəli sürsün, namizəd kimi iştirak etsin, seçilsin, olsun deputat.
Yoxsa, mən deməliyəm ki, artıq bəsimdir, 80-ə yaxın yaşım var, ay gənc, sən mənim yerimə gəl, camaat, əhali onu dəstəkləyəcəkmi? Söhbət ondan gedir.
Bu, seçki əsasında olan bir məsələdir.
Bu, nə təyinatdır, nə də hansısa bir testdən keçmək məsələsidir.
Camaatın, əhalinin iradəsi-istəyi varsa, məsələ o formada həll olunur.
Qalan məsələlər isə dediyim kimi, boş söhbətlərdir.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az