“Məsəl var, ağanın malı gedər, nökərin canı. Pul, vəsait ayrılıbsa, deməli, xərclənməlidir…”- QÜDRƏT HƏSƏNQULİYEV SAMİR ŞƏRİFOVLA SAHİL BABAYEVİ SƏRT TƏNQİD ETDİ, MALİYYƏ NAZİRİNDƏN DƏ ONA CAVAB GƏLDİ – YENİLƏNİB – (2)

Milli Məclisin (MM) növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir ki, qanun layihəsi barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

2019-cu ildə dövlət büdcəsinin gəlirləri 23 mlrd 168 mln manat proqnoza qarşı 24 mlrd 218,1 mln manat təşkil edib, 104,5 faiz icra edilib. Proqnozla müqayisədə 1 mlrd 050,1 mln manat və ya 4,5 faiz, 2018-ci illə müqayisədə isə 1 mlrd 709,2 mln manat və ya 7,6 faiz çox icra təmin olunub.

Büdcənin gəlirlərinin 7 mlrd 672,3 mln manatı və 31,7 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4 mlrd 408,6 mln manatı və ya 18,2 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11 mlrd 364,3 mln manatı və ya 46,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 772,9 mln manatı və ya 3,2 faizi digər gəlirlərin (578,9 mln manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 182,6 mln manatı sair daxilolmalardan, 11,4 mln manatı dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalardan) payına düşür.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 12 mlrd 853,8 mln manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 1 mlrd 303,9 mln manat və ya 11,3 faiz çoxdur.

2019-cu il dövlət büdcəsinin xərcləri isə 25 mlrd 190 mln manat proqnoza qarşı 24 mlrd 425,9 mln manat və ya 97 faiz icra edilib. 2018-ci ilə nisbətən bu göstərici 1 mlrd 694,3 mln manat və ya 7,5 faiz çoxdur.

2019-cu il dövlət büdcəsi xərclərinin 13 mlrd 528,9 mln manatı və ya 55,4 faizi cari xərclərə (2018-ci illə müqayisədə 1 mldr 974,5 mln manat və ya 17,1 faiz çox), 9 mlrd 372,2 mln manatı və ya 38,4 faizi əsaslı xərclərə (2018-ci illə müqayisədə 430,6 mln manat və ya 4,8 faiz çox), 1 mlrd 524,8 mln manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

2019-cu ildə elm xərclərinə dövlət büdcəsi xərclərinin 0,5 faizi həcmində və ya 122,3 mln manat vəsait yönəldilib ki, bu 2018-ci illə müqayisədə 4,5 mln manat və 3,8 faiz çoxdur. Təhsil xərclərinə dövlət büdcəsi xərclərinin 10,2 faizi həcmində və ya 2 mlrd 489,8 mln manat vəsait yönəlib ki, bu 2018-ci illə müqayisədə 272,9 mln manat və ya 12,3 faiz çoxdur. Səhiyyə xərclərinə dövlət büdcəsi xərclərinin 3,9 faizi həcmində və ya 948,2 mln manat vəsait yönəldilib, bu da 2018-ci illə müqayisədə 71,9 mln manat və ya 8,2 faiz çoxdur.

Hesabat ilində sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 9,8 faizi həcmində və ya 2 mlrd 401 mln manat vəsait yönəldilib ki, bu da 2018-ci illə müqayisədə 60,1 mln manat və ya 2,6 faiz çoxdur. Sosial müdafiə və sosial təminat xərcləri üzrə istifadə olunmuş vəsaitin 2 mlrd 243,1 mln manatı və ya 98,3 faizi sosial müdafiə (2018-ci illə müqayisədə 123,5 mln manat və ya 5,8 faiz çox), 38 mln manatı və ya 1,7 faizi sosial təminat (2018-ci illə müqayisədə 6,8 mln manat və ya 21,9 faiz çox) xərclərinə yönəldilib.

Hazırda müzakirələr gedir.

***

Müzakirələr zamanı MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxışında Maliyyə naziri Samir Şərifovla Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi sərt tənqid edib.

O, qeyd edib ki, bəzi sahələrlə bağlı ayrılan vəsaitlərdə qənaətlərin qalması düzgün və anlaşılan deyil.

Q. Həsənquliyev “sui-istifadə” hallarından da bəhs edib.

Millət vəkili xüsusilə, S. Babayevi yarıtmaz siyasət yeritməkdə ittiham edib və onun başqası, daha peşəkar kadr ilə əvəzlənməsinin vacibliyini dilə gətirib.

“İkinci qrup əlilin müavinətini neçə ildən sonra kəsiblər, mən bunu sosial şəbəkədə gördüm”-deyən millət vəkili bildirib ki, həmin şəxs dövlət başçısına, Birinci vitse-prezidentə müraciət edir: “Bu məsələdə qənaət etmək lazım deyil. Qənaəti xəstə danaları dəyərindən xeyli baha qiymətə, öz qardaşının şirkəti vasitəsilə alıb insanlara satanda eləmək lazım idi. Kasıb insanların pulunu kəsiblər, vəsaitə belə qənaət etmək, adamları narazı salmaq olmaz. Məsəl var, ağanın malı gedər, nökərin canı. Pul, vəsait ayrılıbsa, deməli, xərclənməlidir…”-deyə, o, əlavə edib.

11:55

***

S. Şərifov öz növbəsində Q. Həsənquliyevin ittihamlarına cavab verib, öz iradlarını bildirib.

Qeyd edib ki, görünür Q. Həsənquliyev qanun layihəsi ilə tam tanış olmayıb, yaxud, başqa məqsədləri güdür.

“Xüsusilə də, “sui-istifadə” sözünü işlədərkən diqqətli olmaq lazımdır… Deputat keçən dəfə də hökumətin 3,5 milyard manat vəsaiti Milli Məclisdə müzakirəyə çıxarılmadan əhali arasında bölüşdürülməsinə etiraz eləmişdi. Burada dövlət büdcəsinin vəsaitindən söhbət getmir. Burada dövlət fondları hesabına da cəlb edilən vəsaitlər var idi. Qənaət məsələsinə gəldikdə, burada stəkanda fırtına yaratmağa ehtiyac yoxdur. İlk növbədə Hesablama Palatasının rəyində göstərilənlərə baxmaq lazımdır. Şəffaflığın nəticəsi olaraq, Dövlət Sosial Müdafiə Fonduna yığımlar artıb. Burada çox sadə məntiq var. Həmin pulun icrası Sosial Müdafiə Fondu tərəfindən mümkün deyildi…

Təqdim edilən hesabatlarda hər bir məsələ ilə bağlı olduqca geniş izahat verilib. Burada qənaətlərlə bağlı hansı pis niyyət ola bilər? Məsələn beynəlxalq tədbirlərin hansısa təxirə salınıbsa, onun xərclərinə qənaət edilib. Deputatlar büdcə kəsrinin azalmasını tənqid edirlər. 2 milyard manatdan çox kəsr il ərzində 200 milyona düşüb. Bunun nəyi pisdir? Burada yeni seçilmiş deputatlar deyir ki, hesabatda izahat yoxdur. Başa düşmürəm, nə izahatı?! Kimsə özünü yenidən təsdiq etmək istəyirsə, bunu edə bilər. Mən onları pandemiya dövründə də qəbul etməyə hazıram. Bizə məktub da göndərə bilərlər…Qüdrət müəllimin deməyinə baxmayın, qanun layihəsi qəbul olunacaq, onun Yeni Azərbaycan Partiyasının sədri olan dövlət başçısı göndərib”-deyə, o, əlavə edib.

Nazirin çıxışından sonra Q. Həsənquliyev yerindən S. Şərifova cavab vermək istəyib.

Bu isə spiker Sahibə Qafarovanın narazılığına səbəb olub, o, millət vəkilini iclasın gedişinə mane olmamağa çağırıb.

Sonra qanun layihəsi səsə qoyularaq, qəbul edilib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Yeniliklərsiz, yeni texnologiyalarsız əsl inkişaf mümkün deyil və ölkəmiz də hər zaman yeniliklərə açıq olub”-DEPUTAT

Read Next

“Əgər lazım gələrsə, hökumət tərəfindən Prezidentə hər hansı bir düzəlişin olması ilə bağlı təqdimat da təqdim olunacaq”-NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir