“Məşğulluq orqanlarının saxlanılması xərcləri 1,7 dəfə artaraq İşsizlikdən sığorta fondunun xərclərinin 15,4 faizini təşkil edəcək” – NAZİR MÜAVİNİ

“İşsizlikdən sığorta fondunun büdcəsi “İşsizlikdən sığorta haqqında” yeni qanunun qüvvəyə minməsi və bu sahədə ayrıca sosial sığorta sisteminin tətbiqi ilə aktuallaşıb”.

 Etikxeber.az-ın  məlumatına görə, bunu Milli Məclisin (MM)  bu gün keçirilən plenar iclasında  əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2018-ci il üzrə büdcəsi haqqında məlumat verərkən deyib.

Nazir müavini bildirib ki, aparılmış hesablamalara uyğun olaraq, 2018-ci il üçün İşsizlikdən sığorta fondunun işəgötürən və işçi arasında paritet bölgü əsasında əmək haqlarının 1 faizi hesabı ilə müəyyənləşdirilən sığorta haqlarından formalaşan büdcə gəlirləri 89 mln. manat məbləğində, o cümlədən büdcə sektoru üzrə 35,4 milyon manat, qeyri-büdcə sektoru üzrə 53,6 milyon manat məbləğində proqnozlaşdırılır. İ. İsayev əlavə edib ki, yeni maliyyə mənbəyinin yaradılması dövlət büdcəsinin vəsaitlərinə qənaət edilməsi ilə yanaşı, cari ildə məşğulluq sahəsində maliyyələşdirilməsi nəzərdə tutulan 27,5 mln. manat məbləğində xərclərin növbəti ildən əhəmiyyətli şəkildə, yəni 3,2 dəfə artırılmasına imkan verəcək.

Onun sözlərinə görə, 2018-ci ildə İşsizlikdən sığorta fondunun 89 mln. manat məbləğində nəzərdə tutulan xərclərinin 37,6%-ni və ya 33,5 mln. manatını işsizliyə görə sığorta ödənişləri təşkil edəcək ki, bu da cari ildə bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitin həcmindən 1,9 dəfə çoxdur. Nazir müavini vurğulayıb ki, xərclərin 40,2%-i və ya 35,8 mln. manatı həcmində proqnozlaşdırılan özünüməşğulluq tədbirləri hazırda Nazirlik tərəfindən bu sahədə həyata keçirilən sosial proqramın əhəmiyyətli şəkildə genişləndirilməsinə və il ərzində əlavə olaraq 8 minə yaxın ailənin bu proqramla əhatə olunmasına şərait yaradacaq:

“İşsizlikdən sığorta fondunun xərclərinin 6,8 faizi və ya 6 milyon manatı peşə hazırlığı və əlavə təhsil, ictimai işlərin təşkili və digər aktiv əmək bazarı tədbirləri üçün nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 3,7 dəfə çoxdur. Məşğulluq orqanlarının saxlanılması xərcləri cari illə müqayisədə 1,7 dəfə artaraq İşsizlikdən sığorta fondunun xərclərinin 15,4 faizini və ya 13,7  milyon manat təşkil edəcək. Qeyd edilən artım məşğulluq orqanlarının peşə hazırlığı sisteminin regional şəbəkəsinin daha da genişləndirilməsi məqsədilə iki yeni modern peşə tədrisi mərkəzinin tikintisinə, eləcə də işsizliyə görə sığorta ödənişləri və məşğulluq xidmətlərinin göstərilməsi sahəsində reallaşdırılan intensiv avtomatlaşdırma işlərinə sərf olunacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Parlament hökumətə 8 gün vaxt verdi – YENİLƏNİB (2)

Read Next

“Veririksə, birdəfəlik verək, vermiriksə…” – YAP RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir