“Bəzən evimə gələn insanlardan da soruşuram ki…” -ELMİRA AXUNDOVA – YENİLƏNİB – (1)

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin mayın 30-da keçirilən iclasının gündəliyinə “Məşğulluq haqqında” (ikinci oxunuş) qanun layihəsi salınıb.

Etikxeber.az-ın xəbərinə görə, birinci oxunuşdan sonra qanunda bir sıra dəyişikliklər edilib, eyni zamanda, yeni fəsil daxil olunub.

Qanun layihəsinin müzakirəsində komitə üzvləri ilə yanaşı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev də iştirak və çıxış edəcək.

Qanun layihəsinin müzakirələrdən sonra MM-in sabahkı plenar iclasının gündəliyinə tövsiyə olunması gözlənilir.

***

Adıçəkilən komitənin sədri Hadi Rəcəbli bildirib ki, bu sənədin hazırlanmasında məqsəd ölkədə məşğullq probleminin həllinə, o cümlədən, sahibkarlığın inkişafına dəstək verməkdir.

Onun sözlərinə görə, ölkədə orta sahibkarlığın inkişafına nail olunmasa, məşğulluq problem də öz həllini tam tapmayacaq:

“Orta sahibkarlığa dəstək verilməlidir ki, həm iqtisadiyyatımız inkişaf etsin, həm məşğulluqla bağlı məsələlər həllini tapsın. Bu qanunun hazırlanmasının baş xəttini də bu məqam təşkil edir”.

MM Aparatının əməkdaşı Adil Vəliyev isə qanun layihəsinə yeni daxil edilən və cəmi 3 maddədən ibarət olan fəsilin qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı fəsil olduğunu deyib.

O, bildirib ki, qeyri-formal məşğulluq məsələsi ortalıqda dayanır və onun hüquqi cəhətdən tənzimlənməsi zərurəti yaranıb:

“Odur ki, qanun layihəsinə belə bir yeni fəsil daxil etdik”.

A.Vəliyev qanun layihəsindən “hava nəqliyyatı” ifadəsinin də çıxarıldığını bildirib.

***

Elmira Axundova: Şəxsən sürücümlə müqavilə əsasında işləyirəm

H. Rəcəbli də öz növbəsində qanun layihəsinə belə bir fəsilin daxili edilməsinin əhəmiyyətli olduğunu söyləyib:

hadi racabli-hadi

“Çünki uçot dəqiq aparılanda, sənədlər qaydasında olanda, sahibkarlar da daha rahat olurlar, ödəmələri vaxtlı-vaxtında edirlər. Yəni, bu fəsil bu məsələdə sahibkarlara böyük dəstək olacaq”.

Millət vəkili Elmira Axundova da öz növbəsində qeyri-formal məşğulluq deyilərkən “qara bazar”da çalışanların nəzərdə tutulub-tutulmaması maraqlanıb:

elmira-2

“Bu da əsasən tikinti sektorunda baş verir. Yəni, qeyri-formal məşğulluq elə burada özünü göstərir. Mənim özüm şəxsən sürücümlə müqavilə bağlamışam. Bəzən evimə gələn insanlardan da soruşuram ki, müqavilə bağlamısınızmı, cavab verirlər ki, xeyr. Deyirlər ki, axı, biz buna görə filan qədər pul, vergi ödəməliyik, biz bunu edə bilmərik və sairə. Mən də deyirəm ki, bu pul dövlətin cibinə yox, elə sizin özünüzün cibinə qayıdacaq gələcəkdə…Yəni, bu məsələdə də ciddi maarifləndirməyə ciddi ehtiyac var. İnsanlar kimliyindən asılı olmayaraq, vergisini, sığortasını ödəməlidir”.

***

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev millət vəkilinin fikirlərinin haqlı olduğunu deyib.

“Bizdə bəzi insanlar nədənsə pensiya hüquqlarını düşünmək istəmirlər. Deyirlər ki, əşşi, heç bilmirik pensiya yaşına çatacağıq, ya yox…Bu, düzgün yanaşma deyil. İnsanlar pensiya hüquqları haqqında ciddi düşünməli və vergilərdən, sığorta ödəmələrindən yayınmamalıdırlar. Eyni zamanda, insanlar işə götürülərkən əmək müqaviləsi bağlamalı və qeydiyyata alınmalıdır. Bundan yayınmaya görə, hətta, 25 min manatadək cərimə nəzərdə tutulur. Amma çoxları bunu hələ də qəbul etmək istəmir…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Çalışan qadınların sayı kişilərdən daha çoxdur – BAŞ NAZİRİN MÜAVİNİ

Read Next

GÜRCÜ-RUS MÜNASİBƏTLƏRİ BAKIYA NƏ VƏD EDİR? – Deputatın yazısı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir