Maaş artımına Əhmədov və Hacıbəylidən fərqli – BAXIŞ

Əli ƏHMƏDOV: AXC-Müsavat hakimiyyəti dünyaya əcaib nümunə göstərmişdi: büdcəsiz dövlət

Prezident İlham Əliyevin sərəncamları ilə bir çox sahələrdə çalışan insanların əmək haqqı 40 faiz artırılır. Ən önəmlisi minimum əməkhaqqının 250, minimum pensiyaların isə 200 manat məbləğində müəyyən edilməsidir. Bir neçə ay bundan əvvəl isə minimum əməkhaqqı və pensiyalar təxminən 40 faiz artırılmışdı.

Etikxeber.az xəbər verir ki, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi və sədr müavini Əli Əhmədov deyib.

O, qeyd edib ki, beləliklə toplam artım təxminən 100 faizə bərabər olmuşdur. Minimum əməkhaqqının artırılması nəticəsində yüz minlərlə insanların maaşları 270-350 manat civarında artmış olacaq.

alikkkk

Onun sözlərinə görə, məlumdur ki, Prezident İlham Əliyevin sərəncamları ilə 2003-cü ildən bu yana əməkhaqqı və pensiyalar dəfələrlə qaldırılıb və bu, faktdır.

“Lakin 2019-cu il əhalinin sosial müdafiəsi sahəsində daha cəsarətli və əhəmiyyətli addımlar atılması ilə səciyyəvidir. İnsanların rifahının yaxşılaşdırılmasını özünün siyasətinin əsas məqsədi hesab edən Prezident İlham Əliyev bunu real həyatda əyani şəkildə təcəssüm etdirir. Xalqın həyat səviyyəsi sözün həqiqi mənasında gündən günə yaxşılaşır. Bu isə insanların xəyallarını gerçəkləşdirməsi üçün daha geniş imkanlar yaradır. 

Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir. Məqsədimiz bu gələcəyə doğru inamla və qətiyyətlə irəliləməkdir. İndi sözüm vaxtilə iqtidarda olub Azərbaycanın bu gününə böhtan atanlaradır. Onlar hakimiyyətdə olduqları dövrdə əməkhaqqının artırılması ilə əlaqədar bir fakt belə xatırlayırlarmı? Ümumiyyətlə AXC-Müsavat hakimiyyətinin siyasi leksikonunda əməkhaqqının artırılması, insanların həyatının yaxşılaşdırılması anlayışları vardımı? Əlbəttə ki, yox idi. Çünki iflasa uğramış, ölkəni ağır iqtisadi tənəzzül vəziyyətinə salmış keçmiş hakimiyyətin bu barədə düşünməyə nə həvəsi var idi, nə də imkanı. Xəzinədə pul yox idi. Dövlət büdcəsiz işləyirdi. AXC-Müsavat hakimiyyəti dünyaya əcaib nümunə göstərmişdi: büdcəsiz dövlət.

Törətdikləri biabırçılıqların heç yüzdən birini də təşkil etməyən sadaladığım faktların “müəlliflərinin” bugünki firavan, müasir, inkişaf edən Azərbaycana böhtan atması insan əxlaqının eybəcərləşməsindən başqa bir şey deyildir. Nə qədər böhtan atsalar da, nankorluq etsələr də möhtəşəm Azərbaycan özünün işıqlı gələcəyinə doğru inamla irəliləyir, insanlar isə bunun faydasını görür və bundan sonra da görəcəklər”-deyə, Ə. Əmədov əlavə edib.

Gültəkin HACIBƏYLİ:  Bu maaş artımları hansı qaynaqlar hesabına kompensasiya olunacaq?

gultekinn

Sabiq millət vəkili, müxalif mövqeyi ilə seçilən Gültəkin Hacıbəyli isə YAP rəsmisindən fərqli düşünür.

“Dünən prezident minimum əməkhaqlarının 180 manatdan 250 manata qaldırılması, güc strukturlarında, Elmlər Akademiyasında, Heydər Əliyev Mərkəzində çalışanların əməkhaqlarının 40 faiz, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşlarının 20 faiz artırılması haqqında sərəncam imzalayıb. Ümumilikdə, istənilən maaş artımı müsbət addımdır və sərəncamların xalqın hiss ediləcək səviyyəyə olan narazılığını səngitmək üçün imzalandığı ortadadır. Lakin bəzi ciddi suallar doğuran məqamlara diqqət yetirmək istəyirəm:

1. Ən çox maaşı artanlar Mərkəzi Seçki Komissiyasının üzvləridir. Məzahir Pənahovun vəzifə maaşı birdən-birə 1020 manat artaraq 3060 manat oldu. MSK-nın bütün üzvlərinin və katibliyinin maaşı da müvafiq şəkildə artırılıb. Bu, Azərbaycan hakimiyyətinin prioritetlərindən xəbər verir və insanlarda növbəti seçki saxtakarlığına hazırlıqla bağlı narahatlıq doğurur.

2. Güc strukturları əhalinin heç də ən həssas təbəqəsi deyil və sosial cəhətdən daha çox müdafiə olunurlar. 117 min ən aşağı təminatlı, yoxsul ailənin sosial müavinətlərinin son iki il ərzində kəsilməsi fonunda hakimiyyətin məhz onsuz da başqalarından yüksək maaş alan güc strukturlarında çalışanların əməkhaqlarını artırması və bunu həmin strukturlarda çalışan bütün əməkdaşlara şamil etməsi hakimiyyətin güc strukturlarının dəstəyinə ehtiyac duyduğunun göstəricisidir.

3. Müəllimlərin maaşı artırılsa da bunun daha az prioritet olduğu ortadadır. Əvvəla, müəllimlərin yalnız az bir hissəsinin- diaqnostik qiymətləndirmədən keçənlərin maaşı artırılıb və güc strukturlarlnda çalışanlardan fərqli olaraq yalnız 20 faiz artırılıb. 

4. Heydər Əliyev Mərkəzində və digər dövlətə yaxın qurumlarda çalışanların maaşları 40 faiz artırılsa da, Milli Elmlər Akademiyasının yoxsulluq həddində yaşayan minlərlə əməkdaşının deyil, yalnız Rəyasət Heyətinin və aparatının əməkdaşlarının vəzifə maaşları artırılıb.

5.Və hamını narahat edən bir məsələ maaş artımının qiymətlərə təsiridir. Ölkə iqtisadiyyatı hər ay geriləyir, ölkədə yeni dəyər yaradılmır, istehsal yox həddindədir. Bu maaş artımları hansı qaynaqlar hesabına kompensasiya olunacaq?! Əcəba, bu kiçik maaş artımları qiymətlərin sürətlə qalxması fonunda əhalini daha çətin duruma sala, növbəti devalvasiyaya rəvac verə bilərmi?! Gilasın 5-8 manata, göycənin 10 manata satıldığı şəraitdə minimum əməkhaqqının 70 manat artırılması nəyi dəyişəcək?!..”-deyə, sabiq deputat  qeyd edir.

Etikxeber.az

Read Previous

Hakimlərin maaşları artırılır, 2019-cu ilin büdcəsinə dəyişiklik edilir

Read Next

Ümumqoşun poliqonunda – TƏLİM – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir