Magistraturaya qəbul imtahanı-BAŞA ÇATDI… – YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirir. 

DİM-dən Etikxeber.az-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılır. Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur. “Şəxsi kabinet”də faktiki yaşayış məntəqəsi qeyd olunmadığı halda bakalavrlar daimi qeydiyyat ünvanlarına uyğun yerdə imtahan verirlər.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır.

Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək vacibdir.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edilib. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında bakalavrların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 9‑dan 19-dək aparılıb. İmtahanda iştirak üçün 19885 bakalavr ərizə təqdim edib. Onlardan 18139 nəfəri Azərbaycan bölməsi, 1746 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 10530-u cari ilin, 9355-i isə əvvəlki illərin məzunlarıdır, 42 nəfər xarici ölkə vətəndaşıdır. Magistraturaya qəbul olmaq istəyən ən cavan bakalavr 2002-ci il, ən yaşlı bakalavr isə 1963-cü ildə anadan olub.

Qəbul imtahanı Bakıda 56, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 3, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 13961, Naxçıvanda 680, Gəncədə 1452, Sumqayıtda 1494, Abşeronda 854, Mingəçevirdə 950, Lənkəranda 494 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 231 imtahan rəhbəri,1863 nəzarətçi-müəllim, 170 buraxılış rejimi əməkdaşı cəlb olunacaq.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 22-dən etibarən DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur. Sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq. 

Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 27-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

08:12

***

DİM bu gün ali təhsil müəssisələrinin magistraturalarına  qəbul imtahanı keçirib. 

DİM-dən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılib.

İmtahanda iştirak üçün  19885 bakalavr ərizə təqdim edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.

İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 

Martın 1-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 5 mart 2021-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 3-4 mart tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Etikxeber.az

Read Previous

“Tələb sərt və aydındır-Ermənistan kimi faşist bir dövlətdə ordu olmamalıdır…Səbəbi isə aydın, tarixi proseslər fonunda ədalətli və qəbulediləndir…”-DEPUTAT

Read Next

Daha 270 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir