Mahir Əmiraslanov Azərbaycana ilk qızıl medalı qazandırdı – DAHA İKİ GÜLƏŞÇİMİZ FİNALDA – FOTOLAR – YENİLƏNİB

İyunun 26-da sərbəst güləşçimiz Mahir Əmiraslanov ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.

Etikxeber.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc pəhləvanımız finalda serbiyalı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək “Minsk 2019” ikinci Avropa Oyunlarının çempionu olub.

İdmançımız bu qələbə sayəsində ikinci Avropa Oyunlarında Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı yazdırıb. Hazırda yığmamızın hesabında 1 qızıl, 4 gümüş və 7 bürünc medal var.

Xatırladaq ki, M.Əmiraslanov (57 kq) səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək dörddəbir finala vəsiqə qazanıb. Dörddəbir finalda Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlubiyyətə uğradan güləşçimiz yarımfinalda Rusiya idmançısı Zavur Uquyev ilə qarşılaşıb. Yarımfinal görüşündə M.Əmiraslanov hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək görüşü qələbə ilə başa vurub – 3:2.

Qeyd edək ki, 22 yaşlı Mahir Əmiraslanov bu ilin aprelində Rumıniyada keçirilən Avropa çempionatında bürünc medala sahib olub.

***

Azərbaycanın daha bir sərbəst güləşçisi finala vəsiqə qazanıb.

97 kiloqram çəki dərəcəsində çıxış edən Nurməhəmməd Hacıyev yarımfinalda Ukrayna təmsilçisi Murazi Mçedlidzeyə qalib gəlib – 7:0. Güləşçimizin finaldakı rəqibi Rusiya pəhləvanı Abdulrəşid Sadullayev olacaq. Final qarşılaşması iyunun 27-də baş tutacaq.

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının çempionu və iki dəfə Avropa çempionatlarının bürünc mükafatçısı olan N.Hacıyev ikinci Avropa Oyunlarında səkkizdəbir finalda polşalı Radoslav Baranı (8:0), dörddəbir finalda isə Gürcüstan təmsilçisi Elizbar Odikadzeni (7:3) məğlubiyyətə uğradıb.

Həmçinin, 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev finala yüksəlib.

haciiii

Güləşçimiz yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Hor Ohannesyanı məğlubiyyətə uğradıb. Görüşün ilk yarısı H.Ohanesyanın üstünlüyü ilə başa çatıb. İkinci hissədə isə H.Əliyev rəqibdən 4 xal alaraq hesabda önə çıxıb. Rəqib etirazla əlavə bir xal alaraq görüşü 4:4 hesablı heç-heçə ilə tamamlasa da, qələbə qarşılaşmada daha fəal olan Azərbaycan təmsilçisinə verilib.

Mübarizəyə səkkizdəbir finaldan başlayan H.Əliyev əvvəlcə Ermənistan təmsilçisi Volodya Franqulyanı, növbəti mərhələdə isə Belarus idmançısı Georgi Kolıevi məğlub edib.

O, finalda Gürcüstan təmsilçisi Vladimer Xinçeqaşvili ilə üz-üzə gələcək. Final görüşü iyunun 27-də keçiriləcək.

Üçqat dünya və üçqat Avropa çempionu olan Hacı Əliyev “Rio 2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, “Bakı 2015” birinci Avropa Oyunlarının qalibidir.

Etikxeber.az

Read Previous

“Müharibə hələ bitməyib…” – ALİ BAŞ KOMANDAN – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir