“Makronla görüş nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı…”-İLHAM ƏLİYEV – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib.

Etikxeber.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını dedi. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlətimizin başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxundu.

Səfir də öz növbəsində Azərbaycanla Fransa arasında münasibətlərdə yeni səhifənin açıldığını deyərək, əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən yüksək texnologiyalar və aerokosmik sahələrdə uğurlu inkişafına toxunuldu. Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasının əhəmiyyəti vurğulandı, qardaşlaşmış şəhərlər arasında əlaqələr qeyd edildi, biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili və müxtəlif layihələrdə Fransa şirkətlərinin iştirakı məsələləri müzakirə olundu.

Azərbaycanla Fransanın enerji sahəsində uğurlu tərəfdaşlığı və bu xüsusda ölkəmizlə “Total” şirkəti arasında əməkdaşlığın önəmi qeyd edildi.

Söhbət zamanı bir çox sahədə münasibətlərimizin perspektivlərinə dair fikir mübadiləsi aparıldı, əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulandı.

Etikxeber.az

Read Previous

“Bir il ərzində Avropa İttifaqının 3 komissarı Azərbaycana səfər edib…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Read Next

“…Atan hər gün gəlib “otağı”nı süpürür…Mən hər gün gəlib daş məzarını qucaqlayıram…Daşdan oğul, övlad olmaz bala…”-İkinci Vətən Müharibəsinin 16 oktyabr Şəhidləri-ELMAR İBRAHİMOV, EMİL SADIQZADƏ, ELŞƏN KƏRİMOV, SALEH ƏLİYEV, ƏRƏSTUN XIDIROV – BU GÜN ANIM GÜNLƏRİDİR… – FOTOLAR – YENİLƏNİB -(3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir