Mal-qara, televizor, kompüter girov qoyaraq kredit götürmək mümkün olacaq – YENİLƏNİB (2)

Əli Məsimli: “İndiyədək insanların evləri, mülkləri, torpaqları, avtomobilləri əlindən alınırdısa, belə çıxır ki, indi də ev əşyaları, xalçaları, palazları əllərindən alınacaq ki, bu isə çox ağır nəticələrə gətirib çıxaracaq…”

Azərbaycanda vergi, məcburi dövlət sosial sığorta haqları, gömrük borcu olan şəxslər öhdəliklərini yerinə yetirmədikləri təqdirdə onlara məxsus daşınar əmlak üzərindəki mülkiyyət və digər əşya hüquqları məhdudlaşdırıla bilər.

Etikxeber.az xəbər verir ki, bu, “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, adıçəkilən qanun layihəsi aprelin 24-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Qanun layihəsinə əsasən, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir.
Layihədə qeyd olunub ki, daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Vergi orqanı tərəfindən vergi borclarının, onlara hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının vergi ödəyicisinin milli və xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması və ya dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilməsi, vergi orqanı tərəfindən vergi borcları, onlara hesablanmış faizlər və tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin siyahıya alınması, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin cari, valyuta və digər hesablarından həmin orqanın hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verməsi, gömrük orqanı tərəfindən vaxtında ödənilməmiş gömrük borclarının ödəyicidən tutulması üçün vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericilikdə müəyyən edilmiş qaydalarına uyğun olaraq, banka icra (ödəniş) sənədi verməsi, gömrük orqanı tərəfindən həm mövcud, həm də yarana biləcək gömrük borclarına görə təminat götürməsi dövlət və bələdiyyə yüklülüyünə daxildir.

Qanun layihəsində daşınar əmlakın yüklülük sahiblərinin tələblərinin ödənilməsi, yüklülük predmetinin özgəninkiləşdirilməsi, yüklülük predmetinin satış üsulları, əldə olunan gəlirin bölüşdürülməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestri və yüklülüyün qeydə alınması qaydaları əksini tapıb.

Qeyd edək ki, “Daşınar əmlakın yüklülüyü haqqında qanun” layihəsinə əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər. Bu zaman həmin əmlaklarla bağlı məlumatlar, onların göstəriciləri qeydə alınacaq və reyestrə ötürüləcək. Beləliklə, istənilən kredit təşkilatı daşınar əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın üzərində yüklülüyün olub-olmadığını aydınlaşdıra biləcək. Ekspertlər hesab edir ki, bu qanunun qəbulundan və tətbiqindən sonra bankların girov kimi qəbul etdiyi daşınar əmlakın sayının 2 dəfə artacaq, kiçik və orta biznesə kredit qoyuluşunda nəzərəçarpacaq irəliləyiş olacaq.

Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək.

***

Qeyd edək ki, qanun layihəsi ciddi müzakirə və mübahisələrə səbəb olub.
Qanun layihəsi barədə danışan Maliyyə Bazarlarına Nəzarət Palatasının  (MBNP) təmsilçisi Nurlan Babayev bildirib ki,  sənədə əsasən insanlar daşınar əmlakı reyestrdən keçirməklə, kredit götürmək imkanı əldə edəcəklər.
“Yən, vətəndaş evindəki texnika, mal-qaranı və digər daşınar vasitələri girov qoyaraq kredit  götürə biləcək.  Belə qanun dünyanın müxtəlif ölkələrində var və bir çox ölkələrdə bu qanunun böyük “uğur hekayəsi” var. Ancaq  mənfi cəhətləri də var”- deyə, N. Babayev bildirib.
Millət vəkili İlham Əliyev isə  deyib ki, Avropada bir çox ölkələrdə hətta, pendiri girov qoyub kredit götürürlər.
Adıçəkilən komitənin sədri Ziyad Səmədzadənin dediyinə görə,  məsələn, avtomobil daşınar əmlak olsa da, amma Azərbaycanda  daşınmaz əmlak kimi qeydiyyata alınıb və buna uyğun vergi tutulur.
Millət vəkili Şəmsəddin Hacıyev öz növbəsində  deyib ki, daşınar əmlak məsləsinə dünyada müxtəlif yanaşma var.
Millət vəkili Vahid Əhmədov isə deyib ki,  daşınar əmlakın qeydiyyatı ilə bağlı bəlkə də qanuna ehtiyac yox idi:
“Bununla bağlı MBNP tərkibində reyestr xidməti yaratmaq olardı. Ancaq bununla yanaşı, bu, yaxşı qanundur, insanların maliyyə resurslarına çıxşını asanlaşdıracaq. Yəni,  bu qanun kiçik və orta sahibkarlığın inkişafına öz müsbət təsirini göstərəcək”.
O, əlavə edib ki, bu  qanun Azərbaycan  reallığında həm də  müəyyən problemlər yaradacaq:
“Bu, nəticədə böyük miqdarda vergi borclarının yaranmasına gətirib çıxaracaq. Hətta, bu borclar milyon və milyard manatla hesablanacaq. Vergilər Nazirliyi də bu borcu ala bilməyəcək. Odur ki, qanun layihəsində bir sıra müddəalar çıxarılmalıdır”.
Millət vəkili Xanhüseyn Kazımlı  da bildirib ki, qanun layihəsinin dili sadə olmalıdır:
“Burada  elə terminlər və ifadələr var ki, biz professional iqtisadçı və maliyyəçilər başa düşə bilmirik, sadə insanlar onu necə başa düşsün?!”.
ali-masimli
Millət vəkili Əli Məsimli də həmkarını dəstəkləyib və deyib ki,  qanun layihəsinin dili çox ağırdır.
“Daşınar əmlakın yüklülüyü haqqında” qanun həm inkişaf etmiş, həm də inkişaf etməkdə ölkələrdə var. Lakin MDB ölkələri içərisində belə bir qanun Özbəkistandan başqa heç bir ölkədə tətbiq edilmir. Azərbaycanın bank sistemində olan problemlər, faiz dərəcəsi insanların vəziyyətini daha da ağırlaşdırıb. Problemli kreditlərimizin sayı kifayət qədərdir. Bu baxımdan, sözügedən qanun layihəsi əgər bu məsələlərin həllinə yönələcəksə, onu qəbul etmək olar. Bu gün banklar valyuta dəyişən məntəqəyə çevrilib. İndiyədək insanların evləri, mülkləri, torpaqları, avtomobilləri əlindən alınırdısa, belə çıxır ki, indi də ev əşyaları, xalçaları, palazları əllərindən alınacaq ki, bu da çox ağır nəticələrə gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, insanların resursları tükənəndə səbri də tükənir. Buna görə də aidiyyatı qurumlar bu məsələni nəzərə almalıdır. Bu prizmadan məsələyə yanaşdıqda onun konsepsiyası kifayət qədər aydın olsa da, mətn anlaşıqlı deyil”.
Müzakirələr zamanı çıxış edən digər millət vəkilləri də qanun layihəsinin dilinin ağırlığını dilə gətirərək, onun sadələşdirilməsini təklif edbilər.

Etikxeber.az

Read Previous

Bəşər Əsədlə görüşdü, AŞPA-da ona qarşı etimad məsələsi qaldırıldı…

Read Next

Ramiz Zöhrabovla vida mərasimi keçirildi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir