“Maraqlı oyun gözlənilir…” – BORDİN

Sabah bizi güclü komanda ilə çətin oyun gözləyir. Çünki rəqibimiz yaxşı hazırlaşıb. İlk oyunda düzgün mövqe seçərək arxada qapandılar. Fərdi keyfiyyətlərə malik oyunçular sayəsində çətinliklər yaradırlar. Məncə, rəqibin cüzi də olsa, üstünlüyü var. Stadiona fərqli taktika ilə çıxacaqlar. Maraqlı oyun gözlənilir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin İsraildə “Bney Yehuda” ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu öncəsi təşkil edilən mətbuat konfransında deyib.

Əlli dörd yaşlı mütəxəssis bildirib ki, “Bney Yehuda” ilk matçda bütün heyətlə müdafiəyə qapandı. Onun fikrincə, İsrail təmsilçisi sabah da eyni taktika ilə çıxış edəcək.

İtaliyalı məşqçi iki top buraxmalarına rəğmən sonadək xarakter göstərdiklərini vurğulayıb. O, komandasına inandığını və futbolçularının qələbə qazanacağına əminliyini bildirib.

Bordin ilk matçda yarımmüdafiədə problemlərin olması fikri ilə razılaşmayıb. Onun sözlərinə görə, “Bney Yehuda” əks-hücumlar nəticəsində qollar vurmağı bacarıb: “Bunlar taktikadan yox, istəkdən, oyuna yanaşmadan asılı məsələlərdir”.

bordin-1

“İlk oyundakı çıxışımızdan razıyam. Xüsusən də ilk yarıdan. Amma çempionat başlamamışdan öncə bizə 3-4 yeni oyunçu lazımdır”.

Bu sözləri isə İsrailin “Bney Yehuda” klubunun baş məşqçisi Yossi Abukasis deyib.

49 yaşlı mütəxəssis bildirib ki, ilk matçın nəticəsinin nə dərəcədə uğurlu olduğunu sabah biləcəklər: “Çünki biz hələ bu mübarizənin birinci hissəsini oynamışıq. “Neftçi”nin çox yaxşı oyunçuları var, yaxşı komandadır. Rəqibin əsas üstünlüyü mövsümdə 6-cı matçlarına çıxmasıdır. Bizdə isə bu, yalnız ikinci oyundur”.

İsrailli məşqçi əks-hücum taktikasını rəqibə uyğun qurduqlarını söyləyib: “Biz böyük qüvvə ilə hücuma çıxırdıq. Məqsəd ilk matçdakı nəticəni qorumaqdan ibarət olmayacaq, əksinə, doğma meydanda daha yaxşı oyun sərgiləməyə çalışacağıq. Təəssüf ki, ilk matçda 2:0 hesabı ilə öndə olduğumuz halda, üstünlüyümüzü qoruya bilmədik”.

Abukasis heç vaxt 2:2 hesablı nəticəni yaxşı saymadığını da sözlərinə əlavə edib: “Qələbəni əldən verməyimizi yaxşı nəticə saymırıq. Bəlkə oyun 2:0 hesabı ilə bitsəydi, bunu üstünlük sayardıq. Bakıdakı oyunadək hesabın 2:2 olacağını desəydilər, bununla razılaşardıq”.

Mütəxəssis daha çox gələcək haqqında danışmaq istədiyini vurğulayıb: “İlk növbədə, sabahkı oyunda qələbə qazanmalıyıq ki, növbəti mərhələyə adlayaq. “Neftçi”ni mübarizədən kənarlaşdırsaq, bu, bizim üçün böyük nəticə sayılacaq. Çünki ilk görüşədək hamı “Neftçi”ni favorit sayırdı”.

Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı “Ha Moshava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib – 2:2.

Etikxeber.az

Read Previous

“Məsuliyyətsiz ritorika bütün səyləri heçə endirə bilər…” – XİN

Read Next

“Qalatasaray” “Roma”lı futbolçunu icarəyə götürür?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir