Mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsinə-AYDINLIQ GƏTİRİLDİ, QANUN LAYİHƏSİ PLENAR İCLASA TÖVSİYƏ OLUNDU – YENİLƏNİB

28 May Respublika gunu. Translation from azerbaijani: 28th May Republic day of Azerbaijan. 100th anniversary.

Milli Məclisə daxil olan “Müstəqillik Günü haqqında” qanun layihəsində mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsinə aydınlıq gətirilib.

Etikxeber.az-ın məlumatına görə, bununla bağlı parlamentə daxil olan sənəddə qeyd edilib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycan müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam edib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik təsbit edilməsində əsaslı rol oynayıb.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal bəyannaməsinə və “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.

Azərbaycan xalqı ötən əsrin əvvəllərində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Beləliklə, 1918-ci ildə İstiqlal bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü hesab olunmalıdır.

Dəyişikliklərin nəzərdə tutulduğu “Müstəqillik Günü haqqında” qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, indiyə kimi Azərbaycanda 28 May Respublika Günü, 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd edilirdi.

12:12

***

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasın müzakirəsinə ilk olaraq “Müstəqillik Günü haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Əli Hüseynli bu il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilməsinin 30 ilinin tamam olacağını qeyd edib. O, Azərbaycan xalqının 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli şəraitdə, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qarşıladığını bildirib. Komitə sədri ölkə Prezidentinin imzası ilə daxil olan qanun layihəsinin torpaqlarımızın işğaldan azad edildiyi və ərazi bütövlüyünün tam təmin olunduğu bir dövrdə daşıdığı mühüm siyasi və tarixi əhəmiyyətindən danışıb. Vurğulanıb ki, milli tariximizdə müstəsna əhəmiyyət kəsb edən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlər qanun layihəsində daha dəqiq ifadə olunub. Qeyd edilib ki, sənəddə mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsi nəzərdə tutulur.

Çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev qanun layihəsinin zəruriliyindən bəhs edib, onun müstəqillik tarixi baxımından əhəmiyyətinə toxunub.

İclasda iştirak edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Müstəqillik Günü haqqında” qanun layihəsi ilə bağlı fikirlərini açıqlayıb, Vətən müharibəsində Azərbaycanın zəfəri və dövlətçilik tarixi kontekstində sənədin əhəmiyyətindən, daşıdığı məna yükündən bəhs edib.

Sənədlə bağlı komitə üzvləri Tahir Kərimli, Erkin Qədirli, Azay Quliyev, Kamal Cəfərov, Nizami Səfərov, Bəhruz Məhərrəmov, Elşən Musayev, Vüqar İskəndərov öz fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Deputatlar qanun layihəsini baxılmaq üçün birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra komitədə gündəlikdə dayanan digər üç qanun layihəsinə baxılıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli növbəti iki qanun layihəsinin birinci oxunuşda olduğunu və texniki xarakter daşıdığını bildirib. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi xüsusi qaydada hakim təyin olunan şəxslərin hüquqşünas ixtisası üzrə əvvəlki iş stajının onların hakimlik stajına hesablanması ilə bağlı, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi isə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma istiqamətində yoxlama və nəzarət tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi məqsədilə hazırlanıb.

Məlumat verilib ki, ikinci oxunuşda olan Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi isə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır.

Qanun layihələrinin müzakirələrində Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Əminə Ağazadə, Nurlan Həsənov, Kamal Cəfərov, Nizami Səfərov, Tahir Kərimli, Azay Quliyev çıxış edərək fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Hər üç qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

İclasda deputatlardan Cəbi Quliyev, Madər Musayev, Sabir Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Etikxeber.az

Read Previous

“Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik…Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq”-İLHAM ƏLİYEV -FOTOLAR

Read Next

Daha 1009 yeni yoluxma-DAHA 12 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir