“MDB və Avropa İttifaqı ölkələrindən, habelə Avropada yerləşən ölkələrdən Azərbaycana çarter reysi həyata keçiriləcək”-HİKMƏT HACIYEV – YENİLƏNİB – (1)

Ölkəmizin yeni növ koronavirusla (COVID-19) mübarizədə bir sıra uğurları var.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, ölkəmizdə görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir:

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Prezident İlham Əliyevə daha bir təşəkkür məktubu ünvanlayıb. Azərbaycan ÜST-ün rolunu çox yüksək qiymətləndirir və ÜST ilə Azərbaycan arasında yüksək təmas mövcuddur. Azərbaycan koronavirusa qarşı mübarizədə təşəbbüskar dövlət kimi seçililir”.

“Ölkədəki vətəndaşların və xaricdən gətirilən azərbaycanlıların sağlamlıqları təmin etmək üçün xaricdən gətirilənlər 4-5 ulduzlu otellərdə karantinə yerləşdirilir”-deyən Hi. Hacıyev bildirib ki, məqsəd koronavirusla bağlı yeni ocaqların qarşısının alınmasıdır:

“18-31 may tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcək. MDB və Avropa İttifaqı ölkələrindən, habelə Avropada yerləşən ölkələrdən Azərbaycana çarter reysi həyata keçiriləcək”.

Sonra “Dost və tərəfdaş ölkələrə yardım göstərilir”-deyən PA rəsmisi qeyd edib ki, Azərbaycan xarici siyasətində humanitar diplomatiya mühüm yer tutur:

“Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına daha 5 milyon dollar ayırıb. Bu dövr ərzində Çinə, İrana, İtaliyaya, Macarıstana, Özbəkistana, Bosniya və Herseqovinaya, Xorvatiyaya, Qırğızıstana, Pakistana, Moldovaya humanitar yardımlar edilib. Serbiya və Fələstindən Azərbaycana müraciət daxil olub. BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinə yardım vəsaiti veriləcək”.

***

“Azərbaycan vətəndaşlarının xaricə səfərləri ilə bağlı hər hansı məhdudiyyət mövcud deyil. Sadəcə, mayın 31-dək beynəlxalq uçuşlar dayandırılıb”.

Bunu da Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

L. Abdullayeva deyib ki, əgər qarşı tərəf, xarici ölkə qəbul etməyə hazırdırsa, vətəndaşların, xüsusən oturum icazəsi olan şəxslərin çarter reysi ilə səfəri həyata keçirilir.

H. Hacıyev isə qeyd edib ki, xüsusi karantin rejimi ilə bağlı səfərlərdə məhdudiyyətlər var:

“Ümumi vəziyyətə uyğun olaraq bu sahədə addımların atılması mümkündür. Hazırda vizalarla bağlı məhdudiyyət qüvvədə qalır”.

Daha sonra “Bu gün əsas məsələlərdən biri xaricdəki azərbaycanlıların ölkəyə qayıdışıdır”-deyən L. Abdullayeva bildirib ki, beynəlxalq uçuşlar dayandırıldığı halda vətəndaşların təxliyəsi davam etdirilib: “Prezident və Birinci vitse-prezidentin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı sistemli işlər həyata keçirilməkdədir. Bu dövrdə diplomatik nümayəndəliklər də xüsusi rejimdə çalışıb. XİN-də də Operativ Qərargah yaradılıb”.

XİN mətbuat katibi qeyd edib ki, indiyə qədər 20 minə qədər vətəndaşımız ölkəyə qaytarılıb:

“Dövlət vətəndaşlarının yanındadır. Dövlət həm ölkədə, həm də kənardakı vətəndaşlarının sağlamlığının qorunmasına çalışır. Vətəndaşlarımız da karantin qaydalarına riayət etməlidir”.

***

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə tədbirlər həyata keçirilir”.

Bunu da öz növbəsində H. Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycan humanist prinsiplər nəzərə alınmaqla “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib:

“Azərbaycan hər iki girovumuzun koronavirusa görə sağlamlığının qorunması ilə bağlı da təşəbbüslərlə çıxış edir”.

Etikxeber.az

Read Previous

Daha iki can-DAHA 65 YENİ YOLUXMA…

Read Next

“Geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ hallar hələ də qalmaqdadır…”-DEPUTAT DTX-NIN ƏMƏLİYYATLARINDAN YAZDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir