“Mediada şayiələrlə qarşılaşırıq, devalvasiya gözləntiləri yaratmağa çalışırlar: Ancaq bu gün Azərbaycanda devalvasiya üçün heç bir əsas yoxdur”-ELMAN RÜSTƏMOVDAN NÖVBƏTİ “DEVALVASİYA” AÇIQLAMASI

2020-ci il başlanandan dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmirdi.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmov deyib. 

O, bildirib ki, 2020-ci ildə dünya iqtisadiyyatında mühüm problemlərlə üzləşəcəyimiz bəlli idi.

“Cari ilin əvvəlindən başlayan pandemiya böhranı mövcud problemlərə ikiqat təsir etdi. Məlum oldu ki, dünya iqtisadiyyatı yaranan ikiqat şoklara hazır deyil. Bu ilin ortasında qlobal iqtisadiyyat özünün dib nöqtəsinə çatdı. Neft qiymətləri 16-69 dollar arasında dəyişdi. Dünya bazarlarına əhəmiyyətli inteqrasiya olmuş milli iqtisadiyyatımız da bu şoklardan əhəmiyyətli təsir aldı. Bütün bunlara baxmayaraq, ölkəmizdə cari ildə makroiqtisadi sabitlik qorunub saxlanılıb, ölkənin strateji valyuta ehtiyatları stabil qalıb”-deyən E. Rüstəmov həmçinin qeyd edib ki, həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində manatın məzənnəsi qorunub saxlanılıb.

Baş bankir bildirib ki, cari ildə uçot dərəcəsi endirilib:

“2018-ci ildən bəri iqtisadiyyata pul təklifi 50%-dən çox artıb. Bu da ödəniş sisteminin fasiləsiz işinin təmin olunmasına şərait yaradıb. Kredit faizləri 5,5% düşüb. Cari ildə bank sektorunun sağlamlaşdırılması üçün radikal addımlar atılıb, 4 bank bağlanıb. Bağlanmış banklar nəzərə alınmaqla, banklarda istehlak kreditləri azalsa da, biznes və ipoteka kreditləri artıb”.

“Ümumilikdə 2020-ci ildə Azərbaycan iqtisadiyyatı daxili və xarici şoklara adekvat cavab verib”-deyən E. Restəmov daha sonra bildirib ki, dayanıqlı iqtisadi artım trayektoriyasına qayıtmaq, azad olunmuş ərazilərin yenidən qurulması işlərinə başlanması əsas vəzifələrdəndir:

“Növbəti ildə büdcə xərcləri kontrsiklik olmaqla sabitliyə yönəlib. Son illər büdcə kəsirinin artması müəyyən narahatlıq doğurur. Onun qeyri-dayanıqlı mənbələr vasitəsilə maliyyələşməsi bunu deməyə əsas verir. Büdcə kəsirinin daha dayanıqlı mənbələr vasitəsilə maliyyələşməsinə ehtiyac var. Gələn ilə 3-4 % inflyasiya proqnozlaşdırırıq. Son günlər mediada şayiələrlə qarşılaşırıq. Devalvasiya gözləntiləri yaratmağa çalışırlar. Bu gün Azərbaycanda devalvasiya üçün heç bir əsas yoxdur. Cari ildə pandemiyanın ən kəskin fazasında hökumət bu məsələyə getmədisə, indi bu məsələnin aktual olmasını düşünmək olmaz. Əhalimizi belə şayiələrə inanmamağa çağırıram. Heç kəs bu gün bizdə olan optimizmə xələl gətirməyə çalışmasın”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MM-də büdcə müzakirələri-MÜZAKİRƏLƏRDƏ ƏLİ ƏSƏDOV DAXİL OLMAQLA, HÖKUMƏT ÜZVLƏRİ DƏ İŞTİRAK EDİRLƏR, DEPTUTATLAR PREZİDENTİN DOĞUM GÜNÜNÜ AYAQ ÜSTƏ ALQIŞLADI, TAHİR MİRKİŞİLİ 2020-Cİ İLDƏ 3 CƏBHDƏ MÜBARİZƏ APARILDIĞINI, MİKAYIL CABBAROV MİLLİ İXRAC STRATEGİYASININ TƏQDİM EDİLƏCƏYİNİ DEDİ – YENİLƏNİB – (5)

Read Next

“Reqlament 10 dəqiqə olacaq. Bu, sıradan iclas deyil”-SPİKERDƏN KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir