Mehdiyev-Ağamalı qarşıdurması: “YIXILAN” BALTALANIR, YOXSA?…- KAMİL HƏMZƏOĞLU YAZIR

32 illk media (həmçinin, siyasi) fəaliyyətim dövründə heç zaman siyasətçilər, məmurlar və ya hakimiyyətdaxili qruplar arasında baş verənlərə-çəkişmələrə, intriqalara və sairə qarışmamışam…

Kimlərisə hətta, bu mübarizədə, bu çəkişmələrdə, bu “savaş”da haqlı hesab etsəm belə, yenə də tərəf tutmamışam, özümü kənarda saxlamağa çalışmışam…Və üstündən illər keçəndən sonra da görmüşəm ki, düzgün addım atmışam, hətta, qınaqlara məruz qalsam belə, mövqeyimin, qərarımın bir daha düzgünlüyünə əmin olmuşam…

Amma son günlər gündəmin məsələlərindən birinə çevrilməkdə olan Fəzail Ağamalı-Ramiz Mehdiyev ( və ya əksinə, Mehdiyev-Ağamalı) qarşıdurmasına münasibət bildirməyə bilməzdim və bəribaşdan da deyim ki, kiminsə tərəfini tutmaq mövqeyindən də çox uzağam, hər zamankı kimi…

Bəlkə buna da reaksiya, münasibət bildirməyə bilərdim, amma görürəm və görünən odur ki, bir çoxları cənab Ağamalının “boz kardinal” a yönəlik ittihamlarını “daldan atılmış daşa” bənzədir, “yıxılana balta vurulması” və sair kimi qiymətləndirir, yaxud, “niyə vaxtında demirdi, indi Mehdiyevi tənqid, ittiham etməyə nə var ki?!”-deyə, irad bildirirlər…

Bu başdan deyim ki, həmin insanlar yanılrlar…Ona görə yanılırlar ki, Mehdiyev hələ də tam “yıxılmayıb”, tam “tərksilah” olunmayıb, hələ də mövqelərini qorumağa, əlavə güc toplamağa çalışmaqdadır…Rəhbərlik etdiyi AMEA-dakı addımları bunu əyani şəkildə ortaya qoyur…

İkincisi, bunu deyənlərin görünür yaxın keçmişimizdən, son 25 ilin baş verənlərindən xəbərləri yoxdur…

O dördə yaşca balaca, kiçik olanları başa düşmək olar, ancaq həmin dövrdə kifayət qədər hadisələri və prosesləri dərk edilə biləcək səviyyədə, yaşda olanların unutqan olması və ya özlərini unutqan kimi aparması heç də səmimi görünmür və qəbulolunan deyil…Burada dərhal şəxsi, dar maraqlar özünü büruzə verməyə bilmir…

Hadisələri, baş verənləri dərindən analiz etsələr görərlər ki, Mehdiyev-Ağamalı qarşıdurması hələ ötən əsrin 90-cı illərindən başlayıb, arada dayanıb, zəifləyib, amma günümüzədək davam edib…

Ramiz Mehdiyev tanıyanlar və bilənlər yaxşı bilir ki, o güclü intriqantdır, kombinatordur, oyun quran və onu məharətlə idarə edən, öz məqsədlərinə nail olanadək, onu davam etdirəndir, əzmkardır, iradəlidir… Həmçinin, çox qısqancdır və heç kimin öncüllüyünü, ondan irəlidə olmasını qəbul edən və onunla razılaşan birisi deyil…

Hətta, nisbətən cavan yaşlarından-keçmiş Mərkəzi Komitədə işləyən dövrlərdən belə-bu cür tanınıb…Və bunu müstəqillik dövründə, Prezident Administrasiyasındakı (Aparatındakı) hakimi-mütləqliyində də davam etdirib, özü də daha amansız və qəddar şəkildə…

Onunla azacıq razılaşmayanları, onunla haradasa, nədəsə hesablaşmayanları, müstəqil mövqe nümayiş etdirməyə çalışanları əlinə düşən hər fürsətdə əzməyə, sındırmağa, birinci şəxsin gözündən salmağa, özünə tabe və ram etməyə, sıradan çıxarmağa, ictimai-siyasi səhnədən uzaqlaşdırmağa çalışıb…Və bir çox hallarda da bunlara nail olub…

Rəhmətlik, cəmiyyətin bütün kəsimləri tərəfindən hörmətlə qəbul edilən Anar Məmmədxanlının və ya hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından, keçmiş sədr müavinlərindən olan mərhum Sirus Təbrizlinin başına gətirlənlər deyilənlərin təsdiqidir…Hər ikisi də məhz Ramiz Mehdiyevin “qara siyahısı”nda olduqları üçün vuruldular, kənarlaşdırıldılar, incik salındılar və…

Ramiz Mehdiyevin “qara siyahısı”nda olanlardan biri də bu gün ona sərt itthamlar səsləndirən Fəzail Ağamalı idi…Çünki Fəzail Ağamalı necə deyərlər, onun bayrağının altından keçmirdi, özünü müstəqil aparırdı, Lider kimi mərhum Heydər Əliyevi və onun övladı İlham Əliyevi görürdü…

Bu isə böyük intriqantı heç cür razı sala bilməzdi və salmırdı…

90-cı illərin axırlarına yaxın hakimiyyətdə və ona yaxın olan bəzi dairələrdə “siyasi varis” axtarışları, indiki dövlət başçısının siyasi səhnədə daha da parlamasını, daha ön yerlərə gəlməsini istəyənlər, arzulayanlar yavaş-yavaş boy göstərməyə başlamışdı…Konkret olaraq, rəhmətlik Anar Məmmədxanlı, mərhum Sirus Təbrizli, o cümlədən, Fəzail Ağamalı…

Onları hətta, o zamanlar media hakimiyyətdəki “İslahatçılar” qanadı kimi təqdim edirdi…Bu da təbii ki, qatı mühafizəkarlığı, intriqantlığı ilə seçilən “boz kardinal”da qısqanclıq yaratmya bilmirdi, bilməzdi və o, hər vəchlə, var gücü ilə bu qüvvələrin, “İslahatçılar” adlandırılanların sıradan çıxarılmasına calışırdı, buna qərar vermişdi…

Və qeyd etdiyim kimi, ilk hədəflərindən biri də İlham Əliyevə açıq simpatiyası ilə seçilən və bunu heç kimdən gizlətməyən Fəzail Ağamalı idi…Hətta, Fəzail Ağamalının Ramiz Mehdiyevlə bağlı mətbuatdakı ilk sərt və sensasion çıxışından sonra Ramiz Mehdiyevin drijorluğu ilə ona qarşı kampaniya başladılmışdı…

Ancaq bu dəfə hər şey Mehdiyevin düşündüyünün və planlaşdırdığının əksinə baş vermişdi…Belə ki, həmin vaxt Milli Məclisin üzvü olan indiki dövlət başçısı Fəzail Ağamalıya dəstəyini nümayiş etdirərək, onun yanında əyləşmiş və onunla foto çəkdirmişdi… Həmin jest və məlum foto ötən əsrin 90-ci illərinin sonlarında və 2000-ci illərin əvvəllərində uzun müddət medaiada gündəm mövzularından olmuşdu…Bunu o dövrdəkiləri xatırlayanlar yaxşı bilir…

Ondan sonra da mətbuatda, eləcə də, parlament çıxışlarında Fəzail Ağamalı tərəfindən Mehdiyev açıq və bir qədər üstüörtülü şəkildə dəfələrlə ittiham obyekti olmuşdu…Və indi burada dəyişən heç nə yoxdur…Fəzail Ağamalı, 20-25 il öncə də Mehdiyevlə bağlı birmənalı tənqidi mövqeyini ortaya qoyurdu, qoymuşdu, bu gün də öz tənqidlərini, ittihamlarını davam etdirməkdədir…

Haqlıdır, haqsızdır, onunla işim yox, bu, başqa yazının mövzusudur, amma fakt odur ki, Fəzail Ağamalının indi “yıxılanı” (hansı ki, tam yıxıldığını düşünmək sədalövhlükdür) baltalaması barədə deyilənlər tam yersiz və əsassızdır!

00:06

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar…”-İLHAM ƏLİYEVDƏN PAŞİNYANA KƏSKİN CAVAB – FOTOLAR – YENİLƏNİB

Read Next

MM-in bugünkü iclası: 17 MƏSƏLƏ MÜZAKİRƏ EDİLƏCƏK, JURNALİSTLƏR DƏ PARLAMENTƏ BURAXILACAQLAR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir