Mehriban Əliyeva körpələr evində və Uşaq Psixonevroloji Mərkəzində – FOTOLAR

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evində olub.

Etikxeber.az xəbər verir ki, körpələr evinin baş həkimi əvəzi Simuzər Topçubaşova Birinci vitse-prezidentə məlumat verib. Bildirilib ki, hazırda burada 3 yaşadək 13 uşaq var.

Birinci vitse-prezident Mehriban Əliyeva valideyn himayəsindən məhrum olan uşaqlara daim diqqətlə yanaşır, onların gələcəkdə fiziki və mənəvi cəhətdən sağlam, dünyagörüşlü, bilikli, savadlı yetişməsi üçün mühüm layihələrə imza atır. Heydər Əliyev Fondunun prezidentinin Nəsimi rayonundakı körpələr evini növbəti dəfə ziyarət etməsi Mehriban xanım Əliyevanın buranın sakinlərinə nə dərəcədə həssaslıqla yanaşdığını, onlarla mütəmadi olaraq maraqlandığını bir daha nümayiş etdirir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində yeni körpələr evi, uşaq bağçalarının inşası, mövcud olanların isə yenidən qurulması əsas yer tutur. Bütün bunlar sübut edir ki, Fond gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların sosial məsələlərinin həlli, sağlamlığının qorunması, bu həssas qrupa daxil olanların vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində indiyədək bir çox vacib layihələr icra edib.

Qeyd edək ki, 1930-cu ildə tikilən bu bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evində ilk dəfə 2005-ci ildə, daha sonra 2014-cü ildə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il mayın 10-da Fondun prezidenti Mehriban Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub. Binadakı yataq, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları zəruri avadanlıq və inventarla təchiz edilib.

Körpələr evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.

usaq-mehri-1

usaq-mehri-2

***

Mehriban Əliyeva fevralın 11-də Bakının Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzində də olub.

Dəfələrlə bu müəssisəyə gələn Mehriban xanım Əliyeva tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanıb, mövcud problemlərin həllinə dair tapşırıqlar verib. Bu gün də Mehriban Əliyeva burada yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlanıb.

Mərkəzin baş həkimi İradə Musayeva Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, hazırda müəssisədə körpəlikdən yetkinlik yaşına qədər 103 uşağa tibbi xidmət göstərilir. Burada uşaqların yaşayışı, müalicəsi, xüsusi təhsilə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə inşa edilən bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət göstərir. Mərkəzdə autizm, uşaq serebral iflici və formaları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən əziyyət çəkən uşaqlar müalicə olunurlar. Onların müalicəsi isə kompleks şəklində, yəni həkim və pedaqoji müalicə daxil olmaqla aparılır. Mərkəzdə bu sahədə dünyada tətbiq olunan müasir proqramlardan istifadə edilir. Burada ən müasir tibb və diaqnostik cihazlardan, reabilitasiya avadanlığından istifadə olunaraq, sağlamlıq imkanları məhdud uşaqlara ən yüksək səviyyədə tibbi və bərpa xidməti göstərilir. Bunun üçün mərkəzdə hər cür şərait yaradılıb. Uşaqların müalicəsi, təlim-tərbiyəsi ilə peşəkar tibbi, pedaqoji və texniki heyət məşğul olur.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət etdi.

Doqquz yaşlı Ömərlə birgə rəsm çəkən birinci xanım Mehriban Əliyeva onun bacarıqlı olduğunu dedi. Heydər Əliyev Fondunun prezidenti uşaqların müalicəsi üçün tətbiq edilən prosedurları izlədi, müalicə zamanı istifadə olunan üsullarla maraqlandı. Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan 6 yaşlı Nasimin də istək və arzularını dinlədi, oyun vasitəsilə onun suallarını cavablandırdı. Tibb müəssisəsinin digər balaca pasiyenti Abdullanın müalicəsi isə filtrasiya olunan musiqinin xüsusi qulaqcıqlarla dinlənilməsinə əsasən beyinə impulsların ötürülməsi ilə aparılır.

Müalicənin bu üsulu ilə maraqlanan Birinci vitse-prezidentə məlumat verildi ki, cari ildən həmin müalicədə tətbiq edilən yeniliklərdən biri də Azərbaycan klassik musiqisinin filtrasiya olunaraq istifadə edilməsidir.

Ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət sağlamlıq imkanları məhdud uşaqların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Mərkəzdə yaradılan şərait də bunu bir daha təsdiq edir.

Xüsusi qayğıya ehtiyacı olan balacalar Mehriban Əliyeva ilə söhbət edərək, bacarıqlarını nümayiş etdirdilər.

Uşaqlar Heydər Əliyev Fondunun prezidentinə sevimli oyunlarından, oxuduqları mahnılardan danışdılar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müəssisənin həyətində inşa edilən akt zalı haqqında da məlumat verildi.

Mərkəzdə müalicə və təhsil alan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.

Birinci vitse-prezident tibb ocağının fəaliyyətinə uğurlar arzuladı.

usaq-mehri-3

Etikxeber.az

Read Previous

“Sosial şəbəkələrin, “Facebook”un əleyhinə deyilik, amma…” – HADİ RƏCƏBLİ

Read Next

Daha iki hərbçi general oldu – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir