Mübariz İbrahimov kimi Qəhrəman olmaq istəyirdi, Mübariz İbrahimov kimi də Qəhrəman, Şəhid oldu…
1988-ci ildən 2020-ci ilə, tarixi Qələbə və Zəfərimizəcən düşmənə bir qarış da olsun torpaq, ərazi verməyən, 32 il düşmən qarşısında mətanətlə dayanan Qəhrəman Gədəbəy rayonunun Qəhrəman övladı Mehtab Ənvər oğlu Quliyev…
Körpəlikdən, uşaqlıqdan Şəhidliyə hazırlaşan, Şəhidliyinə yürüyən, taleyinə, qismətinə Şəhidlik zirvəsi yazılan İkinci Vətən Müharibəsi Şəhidi, Vətən fədaisi Mehtab Ənvər oğlu…
Qanı,canı ilə Qəhrəmanlıq dastanı yazan Vətən övladlarından, Vətən sevdalılarımızdan biri olan Mehtab Quliyev…
Vətən sevdalısı Mehtab 1997-ci ilin 6 dekabr tarixində Gədəbəyin Kiçik Qaramurd kəndində sadə, zəhmətkeş və olduqca kasıb bir ailədə dünyaya gəlib…
Ailənin iki oğlan övladından, iki qardaşdan biri olub…
Hazırda tək qardaşı Mehrabın 20 yaşı var…
Mehtab həqiqi hərbi xidmətə getməzdən bir az öncə isə uzun illər müxtəlif xəstəliklərdən əziyyət çəkən atasını-Ənvər kişini itirib…
2003-2014-cü illərdə Kiçik Qaramurad kəndinin Nizami Gəncəvi adına tam orta məktəbində təhsil alıb…
Özəl ali məktəblərdən-universitetlərdən birinə daxil olsa da, maddi imkansızlıq ucbatından ali təhsil almaq arzusunu reallaşdıra bilməyib…
Amma ruhdan düşməyib, işləyib, çalışıb, çətin durumda olan ailəsinə kömək əli uzadıb…
Səhhəti ilə əlaqədar uzun müddət Əsgərliyə getməyib…
Amma 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb, Sərhəd Qoşunlarında Əsgərliyə başlayıb…
Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında qumbaraatan vəzifəsini yerinə yetirib…
Hərbi xidmət zamanı da tərbiyəsi, dürüstlüyü, Vətənsevərliyi ilə hər kəsin hörmətini, etibarını qazanıb…
Və İkinci Vətən Müharibəsi başlayan gündən də Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərə, Vətənin müdafiəsinə atılıb…
Füzuli, Cəbrayıl, Zəngilan istiqamətlərində döyüşüb…
Döyüşüb, vuruşub, döyüş yoldaşları ilə birlikdə qəhrəmanlıqlara imza atıb…
Cəbrayılda ən ağır döyüşlərdə iştirak edib, Zəngilanda düşmənin üç postunu məhv ediblər döyüş yoldaşları ilə birlikdə…
Axırıncı dəfə anası və qardaşı ilə oktyabrın 30-da danışıb və anası Tamilə xanımla “sağolsuz” vidalaşıb…
Və elə həmin gün-oktyabrın 30-da da Zəngilanda ağır döyüşlər zamanı qəhrəmancasına Şəhid olub…
Həmin döyüşlər zamanı Mehtab da daxil olmaqla, dörd İgidimiz Şəhid olub, beşi isə yaralanıb, hazırda da Qazidirlər…
Nəşi ailəsinə noyabrın 2-də təhvil verilib və ayın 3-də isə Kiçik Qaramurad kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
İgidliyinə, Qəhrəmanlığına görə bir neçə Şəhidimizlə, döyüş yoldaşı ilə birlikdə Zəngilnda Mehtabın da adına post verilib…
Şəhidliyindən sonra “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub…
Ailəsinə 3 medalı təhvil verilsə də, “Cəbrayılın azad olunmasına görə” medalı hələ də təqdim olunmayıb…
Ailəsi-Şəhidimizin anası Tamilə Məşədiyeva isə tezliklə həmin medalın onlara təqdim olunmasını, eyni zamanda, övladına “Füzulinin azad olunmasına görə” medalı və ali ordenlərimizdən birinin verilməsini istəyir, həmin günü səbrsizliklə, ümidlə gözləyir…
Cəmi 23 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz həm də subay olub…
****
Qeyd edim ki, bu gün əslən Gədəbəyli, özü isə Ağstafanının Xətai kəndindən olan 11 aprel 2023-cü il Şəhidi Elşad Qabil oğlu Həsənovun yeddi mərasimində Şəhidimizin Dərdli, Yaralı, həm də Dik duruşlu anası Tamilə xanımla tanış oldum, bir araya gəlidim…
Tamilə xanıma Allahdan səbr və dözüm arzuladım, “Şəhidimizin məkanı cənnətlik olsun, ruhu şad olsun!”-dedim…
Ruhu qarşısında baş əydiyimi bildirdim…
Onunla söhbətləşdim, dərdləşdim…
Tamilə xanımın dediklərindən:
“Mehtab çox qabiliyyətli, çox məsuliyyətli, çox ailə-anacanlı, Vətənini, elini sevən bir mərd oğul idi…Övladım olduğu üçün demirəm, tanıyan hər kəs bunu deyir, təsdiqləyir… Mehtab hər kəs üçün doğma, əziz bir insan olub bütün Şəhidlərimiz kimi…Mehtab kimi oğulun anası olmağımla da Fəxr edir, Qürur duyuram…Çox şükürlər olsun ki, Mehtabın adına layiq olan qardaşı var… Və tək Mehtabın yox, bütün Şəhidlərin, bütün Qazilərin Anasıyam…
Mehtab Mübariz olmaq istəyirdi və Mübariz də oldu…Mübariz kimi qumbaraatan, Mübariz kimi qoçaq, Mübariz kimi hündürboylu, cəsarətli, genişürəkli…Mən deyərdim ki, Mehtab körpəlikdən Şəhidliyə hazır idi və Mehtab arzusuna çatdı, istəyinə nail oldu…Amma anasını, qardaşını gözləri yolda, tənha, Mehtabsız qoydu…”.
Allah Mehtab Quliyevin məqamını Uca, dərgahını mübarək etsin, ailəsinə-anası və qardaşına bir daha səbr-dözüm versin!
Nur içində uyusun!
Fəxrimiz, Qürurumuzdur!
Əziz, Nurlu, İşıqlı xatirəsi daim qəlbizimizdə yaşayacaq!









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az