Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni qərarlar qəbul edilib..
Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, koronavirus infeksiyasının qarşısının alınması sahəsində atılan addımlar və vətəndaşların qaydalara əməl etməsi nəticəsində virusa yoluxmada kəskin azalma müşahidə olunur: “Əldə edilmiş uğurların qorunub saxlanması, vətəndaşların sağlamlığının qorunması və dünyada koronavirusla bağlı vəziyyəti nəzərə alaraq, Azərbaycan ərazisində karantin rejimi 31 avqust tarixindən 30 sentyabr tarixinə qədər uzadılıb”.
“Yoluxma səviyyəsi yüksək olduğuna görə Bakı, Sumqayıt və Abşeronda sərtləşdirilmiş xüsusi karantin rejimi saxlanılır, həftə sonları ictimai nəqliyyat işləməyəcək”-deyən H. Hacıyev bildirib ki, 10 nəfərlik qruplarlda fərdi tədris və repititor xidmətlərinin fəaliyyətinə icazə veriləcək: “Tədris müəssisələrinin mərhələli şəkildə sentyabrın 15-dən fəaliyyətə başlayacağı nəzərə alınaraq, fərdi tədris və repititor xidmətlərinə icazə verilir ”.
O, sonra deyib ki, Rusiyanın quru sərhədindən vətəndaşların gətirilməsi davam edir.
H. Hacıyev deyib ki, Qazaxıstan və Orta Asiyanın digər ölkələrindən testlərdən sonra vətəndaşların bərə və hava nəqliyyatı ilə gətirilməsi həyata keçirilir: “İstanbuldan da koronavirus testi əsasında vətəndaşların gətirilməsi təmin olunur. Biz yenə də vətəndaşlarımızı zərurət olmadığı şəraitdə xarici səfərlərdən çəkinməyə çağırırıq. Çünki dünyada koronavrusla bağlı risklər göz önündədir”.
Sonra “Avqustun 5-dən yumşalmalara gedilir”-deyən H. Hacıyev bildirib ki, bu günkü yumşalmalar hər kəsi sevindirir: “Amma açılmalarla, yumşalmalarla əlaqədar müəyyən artımlar baş verə bilər. Bəzi yerli klastrlarda artımlar meydana çıxır. Bu kimi hallar bizi ehtiyatlı olmağa vadar edir. Məsələn, bu günlərdə Şirvan şəhərində xəstəxanada belə bir ocaq aşkarlandı və lokal karantin mexanizminin tətbiqinə üstünlük verildi. Bu, onu göstərir ki, virusun hər zaman müəyyən klastrlarda alovlanması baş verə bilər”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, məktəblərin açılması da bir valideyn kimi hamını sevindirir: “Ancaq hamının qaydalara riayət etmək öhdəliyi var”. H. Hacıyev nəzərə çatdırıb ki, Bakı, Sumqayıt şəhərləri və Abşeronda məhdudiyyətlər davam edəcək: “Bu məntəqələrdə yayılma tendensiyası daha yüksək səviyyədədir. Bu da rayonlararası əlaqələrə təkrar baxılmasını gündəmə gətirir. Metropolitenin fəaliyyəti də müzakirə mövzusudur. Məktəblərin açılması ilə əlaqədər tələbə və şagirdlərin metrodan istifadəsi ilə bağlı metropolitenin açılması müzakirə olunur, potensial risklər qiymətləndirilir. Bu barədə qərarlar qəbul ediləndə ölkə ictimaiyyətinə məlumat veriləcək”.
PA rəsmisinin sözlərinə görə, payızda qrip kimi virusların aktivləşməsi də diqqət mərkəzində saxlanılır. Bu barədə digər ölkələrlə və ÜST-lə məsləhətləşmələr davam etdirilir. H. Hacıyev deyib ki, peyvəndin hazırlandığı xarici ölkələrlə əlaqə saxlanılır:
“Sertifikatlaşmadan keçən peyvəndlərin ölkəyə gətirilməsi də gündəmdə saxlanılacaq. Dünya səviyyəsində qəbul edilmiş, sertifikasiya edilmiş və kənar təsirləri olmayan peyvəndlər vacib şərtdir”.

***
Daha sonra “Vəziyyətlə əlaqədar atamı sonuncu dəfə mart ayının sonunda görmüşəm. Təəssüflər olsun ki, indiki şəraitdə rayonlara gediş-gəlişin açılması mümkün deyil”-deyən PA rəsmisi bunları da sözlərinə əlavə edib: “Ümid edək ki, növbəti brifinqlərdə bu barədə şad xəbər verə biləcəyik”.
PA rəsmisi öz növbəsində bildirib ki, bu günə qədər olan iqtisadi paketlər barədə İqtisadiyyat Nazirliyi məlumat verib. H. Hacıyev deyib ki, hər hansı iqtisadi yardım olacaqsa, bu barədə ictimaiyyətə məlumat veriləcək:
“Bu sual barədə aidiyyəti qurumlara da məlumat veriləcək”.
***
“Dünyada yoluxma səviyyəsi artır, Azərbaycanda isə durum bizi sevindirir”.
Bunu isə mətbuat konfransında TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov bildirib.
A. Qurbanov deyib ki, bu, bizi arxayınlaşdırmamalıdır: “Yumşalmalar mərhələli həyata keçirilir, çünki əks halda risklər artar. Xüsusən virusdan qorunma tədbirləri diqqət mərkəzində saxlanılmalıdır. Karantin tədbirləri yumşaldıqca sosial məsafə, maska və gigiyenik təmizliyə diqqət daha daha artmalıdır. Payız və qış aylarında qrip və digər respirator xəstəliklərin artması gözlənilir. Qorunma tədbirləri bizi qrip və digər respirator xəstəliklərdən də qoruya bilər”.
TƏBİB rəsmisi qeyd edib ki, dövlət səviyyəsində mövsümi qrip vaksinlərinin alınması ilə bağlı iş gedir:
“Yaxın 1-2 ay ərzində ölkəyə mövsümi qriplərlə bağlı vaksinlər gətiriləcək. Çünki qriplə bərabər koronavirusa yoluxma daha çox ağırlaşmalara gətirib çıxara bilər”.
11:47
***
“Dağlıq Qarabağın erməni icması Azərbaycan vətəndaşlarıdır”.
Bunu da H. Hacıyev bildirib. H. Hacıyev deyib ki, həmin vətəndaşların koronavirusa yoluxması da Azərbaycanın ümumi statistikasında göstərilməlidir: “Ancaq işğal olunmuş ərazilərdəki bu məlumatları əldə etmək mümkün olmur. ÜST-ə müraciətimizdə də bildirilib ki, Dağlıq Qarabağda yoluxmalar barədə məlumatlar daxil olanda, bu məlumatlar Azərbaycanın ümumi statistikasında göstərilməlidir”. Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Şuşada qondarma rejim maskasız, sosial məsafə gözlənilmədən qondarma anım mərasimi keçirilib: “Bu da yoluxmanın artmasına səbəb olub. İşğal Olunmuş ərazilərdəki Ermənistan silahlı bölmələrinin hərəkəti də yoluxma hallarının artmasına səbəb olur. İşğal altında olan ərazilərimizdə koronavirusa yoluxma halı çoxdur, lakin Ermənistan bunu gizlədir”.
PA rəsmisi həmçinin bildirib ki, şənbə və bazar günləri dərslər olmur: “Şənbə və bazar günləri sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlarda nəqliyyatın hərəkəti ona görə məhdudlaşdırılır ki, yoluxma artmasın”. H. Hacıyev deyib ki, bu günə kimi aparılan monitorinqlər göstərir ki, restoranlar açıq məkanlarda fəaliyyəti zamanı, o cümlədən mağazaların əksəriyyəti tələblərə riayət edirlər: “Restoranların qapalı məkanlarda fəaliyyəti ilə bağlı isə hələ qərar qəbul edilməyib”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, ölkə miqyasında toy və yasların keçirilməsi ilə bağlı qadağalar isə hələ qüvvədədir.
12:00
***
H. Hacıyev rayon qeydiyyatı olan I kurs tələbələrinin Bakıya gediş-gəliş məsələsinin necə tənzimlənəcəyinə də münasibət bildirib.
Bildirib ki, rayonlara gediş-gəliş cəmiyyəti maraqlandıran əsas məsələlərdən biridir: “Mən də çox istərdim ki, bu xoş xəbəri bu gün brifinqdə vətəndaşlara çatdırım. Ancaq çox təəssüf ki, bu xəbəri indiki şəraitdə çatdırmaq iqtidarında deyiləm. Bir insan olaraq bizim də buna ehtiyacımız var. Yenə də burada əsas məqsəd və məram hamımızın sağlamlığını qorumaqdır. Amma ümid edək ki, yaxın vaxtlarda aparılacaq araşdırmalar nəticəsində belə bir qərarı da brifinqdən çatdırmaq iqtidarında olacağıq”.
H. Hacıyev deyib ki, bugünkü görüşdən əvvəl Təhsil Nazirliyi və aidiyyəti strukturlarla da fikir mübadiləsi və müzakirələr aparılıb:
“Hazırda Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və hüquq-mühafizə orqanları tərəfindən bunun mexanizmi işlənilir. Hətta burada ikinci bir sual da meydana çıxır ki, kimin tələbə kartı varsa, onlar asanlıqla Bakıya gələ bilərlər, amma bu il qəbul olunan tələbənin kartı yoxdur, bu məsələ necə olacaq? Bu sualların işlənməsi və cavabların ölkə ictimaiyyətinə çatdırılması üçün aidiyyəti qurumlara tapşırıq verilib ki, vətəndaşlar hər hansı çətinliklə üzləşmədən öz tədris müəssisələrinə gələ bilsinlər”.
12:06
***
PA rəsmisi bununla yanaşı deyib ki, iri ticarət mərkəzlərin açılması barədə hələ qərar yoxdur.
Onun dediyinə görə, gələcəkdə bu məsələyə baxılması istisna deyil: “Epidemioloji vəziyyəti nəzərə alınaraq, mərhələli şəkildə addımlar atılması vacibdir. İri ticarət mərkəzləri barədə məsələ də müzakirə olunaraq, bu barədə müvafiq qərarlar veriləcək”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, rayonlararası gediş-gəliş məsələsi də Operativ Qərargahda müzakirə olunacaq:
“Bakı, Sumqayıt və Abşeronda yoluxma səviyyəsi yüksəkdir. Rayonlara gediş-gəlişin məhdudlaşdırılması da bundan irəli gəlir. Gediş-gəlişin açılması təmasları, yoluxma səviyyəsini artıra bilər. Qəbul ediləcək qərarlar barədə də ictimaiyyətə məlumat veriləcək”.
12:11
***
“Ermənistanın Baş Naziri yenə Dağlıq Qarabağ münaqişəsinin və Tovuz hadisələrinin mahiyyətini təhrif edib. Ermənistan münaqişənin hərbi həllinin olmadığını deyirsə, ilk növbədə, işğala son qoymalıdır”-deyən H. Hacıyev qeyd edib ki, Ermənistan təcavüzkar dövlətdir:
“Ermənistan rəhbərliyi Tovuz hadisələrini dırnaqarası qələbə kimi təqdim etməyə çalışır. Tovuz hadisələri əvvəlcədən planlaşdırılmış təcavüz aktı idi. Ancaq Ermənistan heç bir məqsədinə nail olmadı. Azərbaycanın Ermənistanla sərhəddə heç bir hərbi məqsədi yoxdur. Əsas sərhədlərin qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsidir. Ermənistan silahlı bölmələri geri oturduldu. Bu gün də itkilərini gizlədirlər. Buna görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Nikol Paşinyan iddia edir ki, Tovuz hadisələri Ermənistanda istehsal olunan müdafiə sənayesi məhsullarının keyfiyyətini göstərdi. Ancaq Ermənistanda nə istehsal olunduğu məlumdur”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Tovuz hadisələrini törətməkdə məqsəd Ermənistandakı sosial, demoqrafik böhrandan erməni ictimaiyyətinin diqqətini yayındırmaqdır: “Nikol Paşinyan Soros Fondunun parlaq yetirməsidir”.
H. Hacıyev nəzərə çatdırıb ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qızıl və digər metallar çıxarılaraq istismar edilir:
“Nikol Paşinyan siqaret mafiyasına da nəzarət edir”.
Etikxeber.az