Millət vəkili Merkelin səfərindən yazdı…

Merkelin geydiyi pencəklər və regiona səfərinin pərdəarxası

Bu günlər bizim regionla bağlı ən çox verilən sual budur ki, Anqela Merkel bura niyə gəlmşdi?

Əgər nəzərə alsaq ki, biz müstəqillik qazanandan üzü bəri ilk dəfədir ki, Almaniya Kansleri belə bir səfər reallaşdırır, onda bu, ilk baxışda yerində verilmiş və səslənməsi qaçılmaz sualdır.

Ancaq onu cəmisi bir cümləylə cavablandırmalı olsaq, cavabı yenə sual olacaq ki, o da belədir: xanım Merkel bura niyə də gəlməməliydi ki?

Bax, biz Almaniya kanslerinin regiona səfərini məhz sonuncu sualın diqtə etdiyi reallıqlardan yanaşaraq qiymətləndirməliyik.

Reallıq isə bundan ibarətdir ki, belə bir səfərin olması və onun uğurla sonunclanması həm bir siyasətçi kimi xanım Merkelin özünə, həm də və daha çox da ölkəsinə lazım idi.

Yüngülündən, yəni bir siyasətçi kimi Anqela Merkelə bu səfərin niyə lazım olduğundan başlayaq.

merr

merr-1

meer-2

Öncə onu deyək ki, əgər fors-major olmasa, bir sıra ölkələr kimi Almaniyada da avqust ayında siyasi debat və çəkişmələr nisbətən səngiyir.

İndi ölkəsində özünün və partiyasının mövqeləri əvvəlki kimi güclü olmayan, xaricdə isə ən çoxu da ABŞ-ın yeritdiyi siyasət üzündən bir sıra çətinliklərlə üzləşən Almaniya kansleri bu “boşluq”dan faydalanaraq uğurluluq göstəricisi yüksək ola biləcək belə bir səfər reallaşdrmaq niyyətinə düşüb ki, payıza kimi mövqelərini müəyyən dərəcədə gücləndirsin.

Bu səfər Almaniya üçün həm iqtisadi dvident, həm də geosiyasi çəki baxımından yeni perspektivlər vəd etdiyndən və oradakı bütün siyasi qüvvələr bizim regiona yanaşmada təqribən eyni baxışı bölüşdüklərindən, onun uğurla nəticələnməsi təbii ki, xanım Merkelin xeyli işinə yarayır.

Amma uğurla nəticələnəcəkmi? Burada hər şey də olmasa, çox şey Azərbaycanın mövqeyindən asılıdır.

Mən bir azərbaycanlı olaraq öz ölkəmizin regiondakı çəkisini qabartmaq məqsədiylə bunu demirəm.

Siz əgər fikir verdinizsə, xanım Merkel də öz çıxışında Azərbaycanı regionakı əsas ticarət tərəfdaşı kimi qiymətləndirdi ki, rəqəmlər də bunu təsdiqləyir.

Alman mənbələrinin bildirdiyinə görə, Güney Qafqazın üç ölkəsiylə son yarım ildə ticarət dövriyyəsinin həcmi 1,2 milyard avro olub. Onun da təqribən üçdən ikisi Azərbaycanın payına düşür.

Xanım kanslerin səfəri zamanı keçirilən biznes forum göstərdi ki, gələcəkdə bu göstərici daha da artacaq. Ancaq bu heç də Almaniyanın ölkəmizə marağında ən həlledici rol oyanyan məsələ deyil. Yenə də diqqət yetirsək, Anqela Merkel ölkəmizdən danışarkən Rusiya və İranla qonşuluğunu, Türkiyəyləsə yaxınlığını qabartdı. Məncə, bu dəfə Azərbaycanın Rusiya və İranla qonşuluğunun vurğulanması bu məsələdə indiyədək Qərbdə edilən aksektlərdən nisbətən fərqlənirdi. Fərq də bunda idi ki, burada ön planda geosiyasi yox, geoiqtisadi məqam dururdu.

ABŞ prezidenti Donald Trampın yeritdiyi açıq və aqressiv proteksionist siyasət üzündən Almaniya mümkün və önəmli yerlərdə onun kölgəsindən çıxmaq, daha çox müstəqil siyasət aparmaq zorunda qalıb. Azərbyacanın həm Avropanı Çinlə, həm də Rusiyanı İranla birləşdirən nəqliyyat qovşağına çevirilməsi təbii ki, bu yolla gələcəkdə milyonlarla ton yük göndərmək potensialı olan Almaniyanın gözündə ölkəmizin önəmini daha da artırır. Və Almaniya rəhbərliyi onun da yaxşı fərqindədir ki, Azərbaycan Türkiyə ilə yaxınlığı, Rusiya və İranla qonşuluğu səbəbindən onlara qarşı tətbiq edilən və edilməsi nəzərdə tutlan sanksiyalara yumşaq desək, elə də sıcaq yanaşmır, yanaşa da bilməz. Rusiyaya tətbiq olunan sanksiyalarda yarı könüllü, yarı könülsüz yer alsa da, okeanın o tayından gələn yeni sanksiya dalğalarının Avropa Birliyi və ilk növbədə də Almaniyanın maraqlarına qarşı yönəldiyini görən Kansler Merkel artıq açıq şəkildə bununa bağlı narazılıqlarını dilə gətirir və təkcə narazılığını bildirmir, həm də hərəkətə keçib ki, bizim regiona səfərdə də onun əlamətləri görünür. Səfərin reallaşmasında təbii ki, elə bu ay Xəzərin statusuyla bağlı Konvensiyanın da imzalanması az rol oynamır.

sahib_aliyev_054

Almaniya ümid edir ki, bu, Transxəzər qaz kəmərinin çəkilməsini asanlaşdıracaq. Elə olmağına elədir və bu məsələdə Azərbaycanın mövqeyi az rol oynamır. Alman mediasına da diqqət yetirsək görürük ki, xanım Merkelin səfərində əsas danışıqlar predmetindən biri də bu idi. Ancaq alman şərhçilər onu da vurğulayırlar ki, Azərbyacan Transxəzər qaz layihəsinə qərbin arzuladığı dəstəyi vermir. Prezident İlham Əliyevin bununla bağlı açıqlamasında mənbə ölkə olaraq əsas təşəbbüsçü rolunda Türkmənistanın çıxış etməli olduğunu vurğulaması da onu gösətiri ki, bəli, Azərbaycan bu məsələdə papadan daha artıq katolikliyə can atmır, atmayacaq da. Burada ölkəmizin sırf öz çıxarlarıyla yanaşı, zənnimcə, Rusiya faktoru da var. Azərbaycan bir halda bu məslədə indikindən daha fəal mövqe sərgiləyə bilər ki, Dağlıq Qarabağ probleminə yanaşmada Qərbdə, o sıradan da Almaniyada konkret və prinsipial mövqe ortaya qoyulsun. Əlbəttə, ədalət naminə onu deməliyik ki, Avropa dövlətləri içərisində bu məsələdə müəyyən dərəcədə beynəlxalq normalara uyğun mövqe sərgiləyənlər varsa, onlardan biri də Almaniyadır. Zaman-zaman biz bunu alman rəsmilərinin açıqlamalarında və Bundestaqda səslənən çıxışlarda da görmüşük. Amma elə həmən Bundestaqın uydurma erməni soyqırımıyla bağlı qətnaməsi, oradakı bəzi deputatların Azərbaycanın izni olmadan Dağlıq Qarabağa səfər etmələri bu məsələdə ardıcıllıq və gərəkən prinsipiallığın nəzərə çarpmadığından xəbər verir. Belə deputatlardan birinin-Albert Vaylerin Merkellə birgə ölkəmizə gəlməyi planlaşdırılırdı. Alman qəzetləri də yazır ki, bununla bağlı bir aydan artıq danışıqlar getməsinə baxmayaraq onlar Azərbaycanı tutduğu sərt və qəti mövqedən çəkindirmək mümkün olmayıb. Vaylerin Bakıya gəlməsinə ancaq və ancaq onun Dağlıq Qarabağa etdiyi qanunsuz səfərəq görə üzr istədiyi halda izn veriləcəyi bildirilib. Üzr olmayıb, izn də olmayıb.

Rəsmi Bakı hətta 26 ildir gözlənilən bu səfərin ləğvini belə gözə alaraq, Bundestaqın xanım Merkelin partiyasından olan üzvünü ölkəmizə buraxmamaqla onu göstərdi ki, bu, bizim üçün həm də prinsip məsələsidir və işğalçının özü kimi kimi, kimliyindən asılı olmayaraq onu dəstəkləyənlərə də güzəşt edilməyəcək, edilə də bilməz. Həm keçmişdə almanların ölkəmizdə oynadıqları müsbət rol, həm Almaniyanın bir sıra Qərb dövlətlərindən fərqli olaraq əməkdaşlıq etdiyi ölkələri bərbad vəziyyətdə qoyub getməməsi, bu günkü potensialı təbii ki, ölkəmizi onunla daha geniş əməkdaşlığa həvəsləndirir. Ancaq bizim hər bir böyük dövlətlə, o sıradan da Almaniyayala əməkdaşlığımızın perspektivi baxımından ən önəmli faktor onların Dağlıq Qarabağ məsələsinə necə yanaşmalarıdır. Almaniya kanslerinin Dağlıq Qarabağla bağlı Bakıda səsləndirdiyi fikirlər isə rəsmi Berlinin bunu anlamaqla yanaşı, problemin həlli üçün səylərini artıracağına da müəyyən ümidlər doğurur. Gəlin diqqət yetirək onun dediklərinə:

“Mən bir daha vurğuladım ki, Almaniya bu münaqişənin həllində maraqlıdır və biz buna Minsk qrupu çərçivəsində öz töhfəmizi verəcəyik. Ermənistanda yeni hökumətin qurulması faktı bəlkə də bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola bilər və Almaniya da burada iştirak edə bilər… Mən bu dəfə hər iki ölkəyə səfər etdim və bununla da məsələnin təcili və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı”.

Əlbəttə, Dağlıq Qarabağ probleminin həllinə Almaniyanı təsiri tutaq ki, Rusiya və ABŞ-ınkı qədər deyil. Ancaq Ermənistanın qərbdən maliyyə asılılığını nəzərə alsaq deməliyik ki, az da sayılmaz. Fikrimcə, Almaniya Kansleriylə görüşdən dərhal sonra Ermənistanın baş nazirinin Dağlıq Qarabağa getməsi göstərir ki, ondan maliyyə dəstəyi uman Paşinyana xanım Merkel bu məsələdə sözü gedən problemin həllində irəliləyişin az rol oynamayacağını bildirib.

Kanslerin “Ermənistanda yeni hökumətin qurulması faktı bəlkə də bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola bilər” sözləri bizim üçün həm də o baxımdan önəmlidir ki, bununla Almaniya Dağlıq Qarabağ probleminin həllinin gecikdirilməsində işğalçı ölkəni suçlu saydığını gizlətmir.

Ancaq Merkel onu da anlayır ki, Ermənistanda hakimiyyətin dəyişməsi, hələ heç də vassallığın aradan qalxması anlamı daşımır, ona görə də Dağlıq Qarabağ məsələsində irəliləyişin ola biləcəyindən danışarkən “bəlkə” sözünü işlədir.

Azərbaycan və Gürcüstanda hər iki ölkənin bayrağındakı rənglərə uyğun pencək geyən Almaniya kanslerinin Ermənistana səfərində bunun nəzərə çarpmaması da elə o demək deyilmi?

Sahib ALIYEV,

Millət vəkili

Read Previous

Merkelin səfəri münasibətlərə öz müsbət töhfəsini verəcək – MEHDİ ABDULLAYEV

Read Next

İlham Əliyev və Mehriban Əliyeva Şamaxı Safari Parkında – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir