Milli Məclisin (MM) növbədənkənar sessiyası çərçivəsində parlamentin bu gün və sabah-28 iyunda növbəti plenar iclasları keçiriləcək.
Etikxeber.az-ın xəbərinə görə, iki iclasın gündəliyinə təxminən 50-yə yaxın məsələnin daxil edilməsi gözlənilir.
Bunlar arasında 2019-cu ilin dövlət büdcəsinə, “Əmək pensiyaları haqqında”, Vergi Məcəlləsinə, “Məhkəmələr və hakimlər haqqında” qanunlara və digər qanunvericilik aktlarına dəyişiklikləri nəzərdə tutan qanun layihələri var.
Bununla yanaşı, iki iclasdan birində “Aqrar sığorta haqqında” yeni qanun layihəsinin üçüncü və sonuncu oxunuşda müzakirəsi və qəbulu nəzərdə tutulur.
Qeyd edək ki, əmək pensiyalarının mövcud dəyişikliklərin qəbulundan sonra 160 manatdan 200 manata qaldırılması və onun 1 oktyabrdan qüvvəyə minməsi nəzərdə tutulur.
Eyni zamanda, maaşların və minimum əməkhaqqının artırılması ilə bağlı 2019-cu ilin dövlət büdcəsinin xərclər və gəlirlər hissəsinin artırılması, o cümlədən, müdafiə xərclərinin ən azı 5 faiz qaldırılması planlaşdırılır.
Qeyd edək ki, plenar iclaslarda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin, vergilər naziri Mikayıl Cabbarovun, maliyyə nazirinin müavini Azər Bayramovun və digər məsul şəxslərin iştirakı gözlənilir.
Həmçinin, qeyd edək ki, iyul ayında isə MM-in növbədənkənar sessiyasının yenə ən azı iki plenar iclasının keçirilməsi nəzərdə tutulur.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az