Millət vəkili orta məktəblərin kateqoriyalara bölünməsi təklif etdi

Aydın MİRZƏZADƏ: “Ciddi problemlərdən biri orta məktəblərin xarici dil tədrisinin heç də yüksək səviyyədə olmamasıdır ki…”

Azərbaycanda hər bir ailənin, hər bir kəsin təhsilə bu və ya digər formada aidiyyəti var. Gündəlik etdiyimiz müzakirələr içərisində mütləq təhsil məsələləri olur. Bu, ya istər övladımızın, bu, ya tanışımızın və yaxud da, ümumilikdə hardasa eşitdiyimiz bir təhsil məsələsi ilə bağlı özünü göstərir. Bu, çox müsbət bir haldır.

Hesab edirəm ki, cəmiyyətdə təhsil məsələsi həmişə diqqətdə olursa, təhsilin nə formada olması heç kəs üçün biganə deyilsə, bu, onu göstərir ki, həmin cəmiyyətin gələcəyi var. Həmin cəmiyyət digər ölkələrin müsbət təcrübəsini, eyni zamanda, özünün topladığı təcrübəni ortaya qoyaraq, təhsilin səviyyəsinin yüksək olmasına çalışır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

Millət vəkili deyib ki, Azərbaycanda təhsilin yüz illərlə tarixi var. Qədim tarixdə, ədəbiyyatımızda, nağıllarımızda təhsillə bağlı fikirlər var. Digər tərəfdən, 19-cu əsrin ortalarından Azərbaycanın tək mərkəzi Bakı şəhərində deyil, regionlarında belə orta məktəblər açılmağa başlayıb və Azərbaycanın taleyini həll edən, sonradan Xalq Cümhuriyyətini quran, Azərbaycanda ictimai fikrin formalaşmasına çox ciddi təsir edən ziyalılarımız bu məktəblərin yetirmələridir.

Onun sözlərinə görə, həmin ziyalıların böyük bir qismi sonradan orta məktəbdə müəllim kimi çalışmağı özlərinə böyük bir şərəf biliblər:

maktab-ilya

maktab-mehri-1

“İndi özündə də Azərbaycanda təhsil məsələsi daim diqqətdə olan bir məsələdir. Azərbaycanda təqribən beş mindən bir qədər çox orta məktəb və 40-dan çox ali məktəb var. Azərbaycandakı orta məktəblərin vəziyyəti ilk növbədə maddi-texniki bazadan götürülməlidir. Azərbaycan dövləti orta məktəblərin günün tələblərinə cavab verməsi məsələsini çox böyük diqqətdə saxlayır. Hər il büdcəmizdə bir neçə istiqamətə böyük vəsait ayrılır. Onun birincisi müdafiə məsələsi, ikincisi, təhsil, səhiyyə, enerji sektoru, eyni zamanda, məcburi köçkünlərimizin problemlərinin həll edilməsi məsələsidir. Bu baxımdan, təhsil məsələsi həmişə dövlətin diqqətindədir və deyərdim ki, cənab prezidentimiz regionlara səfəri zamanı bir çox hallarda yeni tikilmiş və yaxud da, təmirdən yeni çıxmış orta məktəblərin açılışında iştirak edir.

Hər yeni tədris ilində  həm özü, həm də birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva bu və ya digər məktəbin açılışında iştirak edirlər. Təhsil məsələsi, humanitar məsələlər birinci vitse-prezidentimizin diqqətindədir. Vaxtaşırı onun bu sahə ilə bağlı tövsiyələrini, təkliflərini, eyni zamanda, tapşırıqlarını eşidirik. Hesab edirəm ki, Azərbaycanda orta məktəbin, təhsilin səviyyəsi ümumən cəmiyyətin maraqlarına cavab verir. Bu məsələyə də müxtəlif baxışlar var. Radikal şəkildə Azərbaycanda orta təhsilin yaxşı olmadığı fikrini təlqin edənlərlə yanaşı, Azərbaycanda orta təhsilin heç bir problemin olmaması ilə bağlı fikir yürüdənlər arasında böyük bir spektr yanaşma var. Amma hesab edirəm ki, ümumilikdə bu məsələyə praktiki baxmaq lazımdır.

Cənab prezidentimizin seçildiyi 2003-cü ildən bəri 16 il ərzində Azərbaycanda beş min orta məktəbdən 3500-ü ya yeni tikilib və yaxud da ki, yeni təmirdən çıxıb. Və bu gün mənim fikirlərimlə tanış olanların yəqin ki, bir çoxu həmin o təmir edilmiş, yeni tikilmiş məktəblərin məzunlarıdır və yaxud da, övladları həmin məktəbdə tədris alırlar. Yəni, dövlət təhsilin ilk növbədə orta məktəblərin vəziyyətindən başlaması qənaətini qəbul edir və bu məsələyə çox ciddi diqqət edir. İkinci vacib məsələ hansı ki, orta məktəblərdə tədrisin vəziyyətinin yüksək olması üçün bu işlər görülür. Bu, orta məktəblərdə qəbul məsələsinin dövlətin ciddi nəzarətinə götürülməsidir. Əvvəllər orta məktəblərə müəllimlər bir qayda olaraq şəhər və rayonların, ya məktəb direktorlarının təqdimatı ilə və yaxud da rayon-şəhər təhsil şöbəsinin yanaşması ilə qəbul edilirdi. Artıq neçə illərdir ki, orta məktəblərdə vakant qaydada müəllim yerlərinə qəbul Təhsil Nazirliyinin xətti ilə mərkəzləşdirilmiş şəkildə keçirilir və ən yaxşılar vakant yerlərə göndərilir.

aydinnn

Bu isə birincisi, müəllimliyə iddialı olan şəxslərin özünün bilik səviyyəsinin yüksək olmasına böyük diqqət etməsi, ikincisi isə yaxşıların yaxşısının artıq orta məktəblərə müəllim kimi qəbul edilməsidir. Bu il keçirilən vakant yerlərə müsabiqədə bir neçə nəfər qadın müəllim,  təəssüf edirəm ki, bunların içərisində kişi müəllimələr olmadı, ən yüksək bal – 60 bal topladı. Mən çox istərdim ki, həmin müəllimlərin dərs dediyi siniflərin bir dərsində iştirak edim. Bütün suallara cavab vermiş müəllimin bilik səviyyəsi kifayət qədər yüksəkdir və o, məktəbə yeni bir ab-hava, yeni bir yanaşma gətirir və onun tədris etdiyi fəndən öyrənən şagirdlərin gələcəkdə vətənimizə yaxşı bir vətəndaş olacağına heç bir şübhə yoxdur”.

“Orta məktəblərin əsas vəzifəsi vətəndaş yetişdirməkdir. Taleyimizi həll edən bir cəmiyyət üzvü yetirşdirməkdir…”

Millət vəkili bildirib ki, ikincisi, dövlət bir neçə il bundan əvvəl müəllimlərin diaqnostik qiymətləndirməsini keçirdi və bu diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərə ikinci dəfə şans verildi ki, öz bilik səviyyəsini artırsınlar:

“Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı qaldırıldı. Bundan başqa, bu il ümumən əmək haqlarının qaldırılması prosesində orta məktəb müəllimlərinin maaşı 20 faizə qaldırıldı. Amma, bu, son rəqəm də deyil. Dövlətin imkanları var və hesab edirəm ki, dövlət pedaqoji işçilərin əmək haqlarının qaldırılması ilə bağlı bundan sonra da əhəmiyyətli addımlar atacaq, bununla bağlı biz növbəti xəbərləri eşidəcəyik.

Həmçinin, artıq Bakıdakı orta məktəblərin tədris səviyyəsi ilə regionlardakı məktəblərin tədris səviyyəsi arasındakı fərq günü-gündən azalmaqdadır. Bu, bizləri sevindirir. Bugünlərdə orta məktəblərlə bağlı bir neçə maraqlı xəbər eşitdim. Bərdə şəhər 8 saylı məktəbin, Baki şəhər Yasamal rayon 13 saylı məktəbin, eyni zamanda, Binəqədi rayon 314 saylı məktəbin buraxılış siniflərindən biri tam tərkibdə ali məktəbə qəbul olunub. Bu, artıq yüksək göstəricidir. Bu, artıq təhsilin səviyyəsində çox ciddi, keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymağımızdır. Bərdə 8 saylı orta məktəb direktoru hörmətli Qənbər müəllim Ağayevə, Yasamal rayon 13 saylı məktəbin direktoru hörmətli Yaqut xanım Sadıqovaya, Binəqədi rayon 314 saylı məktəbin direktoru hörmətli Nazim müəllim Əliyevə təbrik məktubu göndərdim və hesab edirəm ki, bunlar diqqət mərkəzində olmalıdır.

Məktəblərimizdə tədrisin günün tələbləri səviyyəsində qurulmasına çalışırıq. Bununla belə, problemlərimiz də var. Bununla belə, çatışmazlıqlarımız da var. Və hesab edirəm ki, bu problemlərə açıb baxmalıyıq, bu problemlər üzərində ciddi düşünməliyik. Hesab edirəm ki, birinci ciddi problem orta məktəblərin xarici dil tədrisinin heç də yüksək səviyyədə olmamasıdır. Bu gün biz təkcə ana dilimizi bilməklə, dünya səviyyəsinə çıxa bilmərik. Biz yeni texnologiyanı Azərbaycana gətirə bilmərik. Biz Azərbaycanı dünyada yüksək səviyyədə təmsil edə bilmərik. Bəli, orta məktəblərin xarici dili yüksək səviyyədə bilən məzunları var. Ancaq hesab edirəm ki, bunun kütləvilik faizi genişlənməlidir, böyüməlidir. Azərbaycan dünyaya inteqrasiya olunur. Azərbaycan dünyanın tərkib hissəsinə çevrilib. Ona görə orta məktəblərdə xarici dili yüksək səviyyədə bilən məzunlarımızın sayı artmalıdır.

maktab-imtahan

Bu, təkcə valideyn təşəbbüsü olmalı deyil, bu, təkcə gəncin istəyi olmalı deyil. Tədris proqramlarında xarici dilin tədrisinə çox böyük əhəmiyyət verilməlidir. İkincisi, orta məktəblərin fəaliyyətinə qiymət verərkən, onun ancaq  məzunlarının neçə faizinin ali məktəblərə qəbul olunması ilə ölçülməsini düzgün hesab etmirəm. Bəli, bu, düzgün faktordur. Bu, tədrisin keyfiyyətidir və sair, amma bununla belə hesab edirəm ki, orta məktəblərin əsas vəzifəsi vətəndaş yetişdirməkdir. Taleyimizi həll edən bir cəmiyyət üzvü yetirşdirməkdir. Yəni, bu, əsas məqamdır. Bu, hər dəfə vurğulanmalıdır. Bütün auditoriyalarda vurğulanmalıdır. Bu gənclərlə işdə vurğulanmalıdır. Bu məsələdə üç mərkəz – məktəb, ailə və ictimai mühüt birgə fəaliyyət göstərməlidirlər. Vətənpərvərliyin təbliğatı, tarixin təbliğatı, ailə dəyərlərinin təbliğatı məktəblərdə çox böyük rol oynamalıdır”.

maktab-mehri-2

A.Mirzəzadə bu yerdə həmçinin, orta məktəblərin kateqoriyalara bölünməsini təklif edib:

“Məktəblər var ki, məzunlarının böyük bir hissəsi ali məktəblərə qəbul olunur. Məktəblər var ki, məzunlarının çox kiçik bir hissəsi ali məktəb tələbəsi olur. Mən hesab edirəm ki, məzunlarından 70 faizdən yuxarı hissəsi ali məktəbə qəbul olunan orta məktəblərə birinci kateqoriyalı məktəb adı vermək olar və bu kateqoriya məktəbdə dərs deyən müəllimlərin maaşı ümumrespublika üzrə olan maaşdan 20 faiz çox olmalıdır. İkinci kateqoriya məzunları 40 faizdən, 70 faizə qədər qəbul olunan  məktəblər olsun. Bunların maaşı orta əmək haqqından 10 faiz yuxarı olsun.

Üçüncü kateqoriya isə 40 faizə qədər məzunu ali məktəblərə qəbul olunanlar olsun  və burada da sərti bir bölgü qoymaq olmaz ki, hər regiona neçə kateqoriya məktəb düşəcək. Ola bilsin ki, bir regionda hamısı ikinci kateqoriya olsun. Ola bilsin ki, hamısı birinci kateqoriya olsun. Yəni, hesab edirəm ki, ümumilikdə yaxşı məktəbləri daha da həvəsli,  müəllimləri daha da öz işinə motivasiya etmək olmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Neymarla “PSJ” “barışır”?

Read Next

Texniki yardım və qrant alan dövlət müəssisələri – HESABAT VERƏCƏKLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir