Millət vəkili və YAP rəsmisi – ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏN YAZDI

Prezident İlham Əliyevin uğurlu enerji təhlükəsizliyi siyasəti

İti fəhmi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 16 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı şoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur.

Nəzərə alsaq ki, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin “müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmamaq bölgüsü ilə müəyyən ediləcək”, – fikri təsadüfi sayılmamalıdır.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək 2006-cı ilə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”. Söhbət ilk növbədə “Cənub” qaz dəhlizindən gedir.

Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqəlardan biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub” qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi.

2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə anoloji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub” qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. TAP üzrə işlər yekun mərhələyə daxil olmuşdur.
Bir sözlə, XXI əsrin meqalayihəsi olan və dəyəri 40 milyard dollar səviyyəsində müəyyən edilən “Cənub” qaz dəhlizinin reallaşdırılması istiqamətində həlledici addımlar atılmışdır. “Şahdəniz” yatağından hasil edilən qaz 3500 kilometr uzunluğunda 3 qaz kəməri vasitəsilə Bakını İtaliyanın limanları ilə birləşdirəcəkdir.

elmannnnnnn-nasirrrrrrr

Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdir:

“Birincisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, “Cənub” qaz dəhlizi sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər”.

2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimi oldu. İmzalanmış kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev onun bir sıra əsas parametrlərinə diqqəti cəlb etmişdir:

“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var”.

Ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi yerli radikal siyasi qruplaşmalar iddialar irəli sürürdülər ki, Azərbaycanın nefti tükənmişdir və xarici neft şirkətləri tezliklə öz ölkələrinə qayıdacaqlar. Cənab Prezidentin çıxışında səslənən təkzibedilməz arqumentlər və yeni kontraktin imzalanması faktı əleyhdarlarımızın yuxusuna haram qatmış oldu.

Öz mənşəyi və mahiyyəti etibarilə qaragüruhçu olan bu xarici və daxili siyasi dairələr Prezident İlham Əliyevin xarici siyasətdə prioritet kimi müəyyən etdiyi və ugurla həyata keçirilən ikitərəfli münasibətlər formatının doğurduğu nəticələrdən olduqca narahatdırlar. Məhz bu siyasətin sayəsində Azərbaycanın təşəbbüsü ilə üçtərəfli əməkdaşlıq formatları formalaşmış ( Azərbaycan-Gürcüstan-Türkiyə; Azərbaycan-Gürcütan-İran; Azərbaycan-İran-Türkiyə; Azərbaycan-İran-Rusiya) bu isə öz növbəsində tərəflərə böyük iqtisadi və siyasi dividentlər gətirməkdədir. 2018-ci ildə tarixdə ilk dəfə olaraq Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə və İran xarici işlər nazirlərinin 1-ci görüşü keçirilmişdir. Prezident İlham Əliyev bu görüşə tarixi hadisə kimi yüksək dəyər vermişdir.

Bütün bu çoxtərəfli formatların təşəbbüskarı Prezident İlham Əliyev olmuşdur.

Məhz bu tarixi təşəbbüslərin sayəsində bölgədə sabitlik möhkəmlənir, əməkdaşlıq mühiti güclənir və iştirakçı dövlətlərin iqtisadi maraqları təmin edilir.

Elman Nəsirov,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor

Etikxeber.az

Read Previous

Ombudsman – PREZİDENTİN RƏSMİ QƏRARINI GÖZLƏYİR

Read Next

PA-nın yeni rəhbəri – “CABBAROVUN KADRI” SAMİR NURİYEV OLDU – SƏRƏNCAMLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir