Millət vəkilindən növbəti çağırış: “DEYİLƏNLƏRƏ, QƏRARLARA, QAYDALARA, NORMALARA ƏMƏL VƏ RİAYƏT ETMƏK LAZIMDIR”

Dünən ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı oldu. Bu hadisə sıradan, adi bir hadisə deyil. Pandemiya şəraitində, iqtisadiyyatın demək olar ki, dayandığı, hər gün az qala 150-200 milyon manat həcmində büdcəyə əlavə yük gəldiyi bir dönəmdə belə bir müəssisənin açılışı, işə salınması həqiqətən də tarixi hadisədir. Azərbaycan dövlətinin, ölkə Prezidenti və onun ən yaxın silahdaşı olan hörmətli Mehriban xanımın Azərbaycanın xalqının bir daha yanında olmasının, onun qayğıları ilə nəfəs almasının nümuməsi, müstəqil Azərbaycanın bütün zorluqlara rəğmən, ən çətin situasiyalardan belə çıxış yolu tapmasının, gücünün, qüdrətinin nəticəsi, təsdiqidir. Fəxr edirik və qürur hissi keçiririk ki, belə bir dövlətin vətəndaşıyıq, dövlətimizin belə bir müdrik rəhbəri-Lideri var.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

O, bildirib ki, həmin müəssisədə-tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunacaq:

“Açılışda da qeyd olunduğu kimi, maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Yəni, bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. Həmçinin, bildirildiyi kimi, ilk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə öz növbəsində istehsal gücünü artırmağa imkan verəcək. Beləliklə, fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq. Bunun özü həm ölkədə insanların, vətəndaşların keyfiyyətli tibbi maskalarla təmin olunmasında, bəzi bəhanələrin aradan qaldırılmasında, həm də insanların işlə təminatında mühüm rol oynayacaq. Bunun özü bir daha onu göstərir və onun göstəricisidir ki, Azərbaycan dövlətinin yeritdiyi siyasətin mayasında, təməlində Azərbaycan insanı, onun sağlamlığı, onun rifahı dayanır”.

Millət vəkili eyni zamanda, açılış mərasimi zamanı dövlət başçısının insanlara müraciətinə toxunub:

“Dövlət başçısı təəssüf hissi ilə bir daha bildirdi ki, bəzi vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər və beləliklə, öz həyatlarını, onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Eyni zamanda, qeyd etdi ki, bu qaydalara əməl etmək o qədər də çətin deyil, çünki həkimlər, mütəxəssislər də deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Şəxsən mən də dövlət başçısının fikirlərinə və çağırışına qoşuluram, bir daha insanlarımıza, vətəndaşlarımıza üzümü tutub xahiş edirəm ki, deyilənlərə, Operativ Qərargahın qərarlarına, tövsiyələrinə, həkimlərin, mütəxəssislərin çağırışlarına əməl etsinlər. İnadkarlıq, məsuliyyətsizlik, laqeydlik, biganəlik göstərməsinlər. Bu günə qədər səbr ediblər, dözüblər, qalan günlərdə də, bu bəla sovuşanədək, dəf olub gedənədək, səbr etsinlər, dözsünlər, lazım və zərurət olmadığı təqdirdə, çölə, bayıra, küçəyə çıxmasınlar, çıxanda da tibbi maskalardan, əlcəklərdən istifadə etsinlər, sosial məsafəni gözləsinlər. Biz yalnız bu zaman pandemiyadan xilas ola və qurtula bilərik”.

11:32

Etikxeber.az

Read Previous

“Qərbi Azərbaycana-Göycəyə, Zəngəzura, İrəvana dönmək hər birimizin arzusudur, amma…” – MUSA QULİYEV “QƏRBİ AZƏRBAYCAN RESPUBLİKASI” HAQQINDA İLK DƏFƏ DANIŞDI…

Read Next

“NƏSİB BƏY USUBBƏYOV GƏNCƏ ÜSYANI ZAMANI ÖLDÜRÜLMÜŞDÜ?” – Vilayət Quliyev

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir