Milli Məclisdə “5 qəpik” və “cəmdək” söhbəti

5 qəpikdən-5 manatadək miqdarda dövlət rüsumu müəyyən edilir

Ölkədə baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün yeni rüsumlar müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, bununla bağlı parlamentin Aqrar siyasət komitəsinin mayın 18-də keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, qida təhlükəsizliyi sertifikatının verilməsi üçün 20 manat dövlət rüsumu müəyyən edilib. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması. Qida təhlükəsizliyi qeydiyyatının xüsusiyyətlərindən asılı olaraq 150 manat (ilk dəfə reyestrə daxil edilməyə görə), 50 manat ( reyestr məlumatlarında dəyişikliklərin qeydiyyatına görə) və 10 manat (reyestrdən çıxarışın dublikatının verilməsinə görə) rüsum müəyyən edilir.

Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması. Bu cür nişanın qoyulmasına görə heyvanların, heyvan mənşəli məhsulların və xammalın növləri və xüsusiyyətləri nəzərə alınmaqla 5 qəpikdən-5 manatadək miqdarda dövlət rüsumu müəyyən edilir.

Bir sıra hallara görə isə rüsumlar isə artırılıb. Baytarlıq sertifikatının verilməsi üçün bir sənədə görə rüsum 5 manatdan 20 manata, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə (bir preparat)rüsum 50 manatdan 100 manata, pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi üçün(bir sənəd) rüsum 50 manatdan 100 manata, idxal karantin icazəsinin verilməsi üçün (bir icazə) rüsum 3 manatdan manata, növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) görə rüsum 1 manatdan 10 manata, Bir poçt göndərişinə (dəst) görə rüsum 20 qəpikdən 2 manata qaldırılıb.

Dəyişiklik layihəsi Milli Məclisin (MM) plenar iclasında müzakirəyə çıxarılacaq.

***

Parlamentdə “5 qəpik” və “cəmdək” söhbəti

“Dövlət rüsumu konkret olmalıdır, burada yuvarlaq rəqəm seçilməlidir”.

Bunu isə müzakirələr zamanı  keçirilən iclasında millət vəkili Aydın Hüseynov deyib.

O, qeyd edib ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə 5 qəpikdən 5 manatadək sözünün yazılması bir o qədər düzgün deyil:

“Çünki bildiyiniz kimi, reallıq budur ki, 5 qəpik dövriyyədə olsa da, istifadə olunmur. Hamısı yığılıb qalır. Ona görə rüsumda da bu məsələ aydın olmalıdır. Ya bir, ya iki, ya üç və sair manatadək qeyd olunmalıdır. Əgər belə olarsa, bu ortada olan qarışlığı aradan qaldıra bilər”.

Millət vəkili İqbal Məmmədov da həmkarının fikirini-təklifini dəstəkləyib:

“Mən də hesa edirəm ki, burada dəqiqlik olmalıdır, 5 qəpik sözü çıxarılmalıdır. Konkret olaraq da, məsələn, toyuğun üzərinə etiket yapışdırılmalı və tutaq ki, bir matan, qoyun cəmdəyinin üzərinə 3 manat, mal cəmdəyinin üstünə 4 manat yazılmalıdır. Təbii ki, bu onların satış qiyməti deyil, amma bununla belə, burada qarışıqlıq olmasın deyə belə yazılmalı və 5 qəpik məsələsi aradan qaldırılmalıdır”.

Milli Məclisin (MM) Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə isə bildirib ki, bu məsələ əslində müvafiq icra hakimiyyəti orqanının, Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətinə aid ola məsələdir:

“Yəni, onlar özləri icra zamanı konkret olaraq rəqəm müəyyənləşdirəcəklər. Bu, qanunun predmeti deyil”.

Sözügedən komitənin sədr müavini Eldar Quliev öz növbəsində dəyişiklik layihəsinin plenar iclasa tövsiyə olunmasını, bununla yanaşı, plenar iclasa qədər Prezident Administrasiyasının (PA) müvafiq şöbəsi ilə bir daha bu məsələnin dəqiqləşdirilməsini məqsədəuyğun sayıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Əməkdaşlığın daha da dərinləşməsi prioritet sahə kimi özünü göstərməkdədir – SPİKER – FOTO

Read Next

Deputatlar Seyidovla bağlı AŞPA-nı “topa” tutdular – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir