Milli Məclisdə AŞPA ilə bağlı gərgin müzakirələr getdi – YENİLƏNİB-1

Səməd Seyidov: “Əgər hiss etsək ki,AŞPA-da deputatlardan başqa digər qurumlar da bizə qarşı qərəzlidir, o zaman mövqeyimizi ortaya qoymalıyıq”

Milli Məclisin (MM) oktyabrın 20-də keçirilən növbəti plenar iclasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son sessiyasında Azərbaycanla bağlı qəbul edilən qətnamələr ətrafında müzakirələr aparılıb.

Etikxeber.az xəbər verir ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, AŞPA-nın son sessiyası başqa sessiyalardan fərqli olaraq, Azərbaycan üçün o qədər də asan keçmədi: “Bu, yalnız Azərbaycanla bağlı hazırlanan sənədlə bağlı deyildi”. S. Seyidov qeyd edib ki, Azərbaycan məsələsi yalnız sessiyada yox, komitələrdə və siyasi partiyalarda da müzakirə olunub: “Bunun haradan qaynaqlandığı, haradan ortaya çıxdığı bizim üçün hələ də sualdır. Bu gün Avropa Şurası daxilində elə tendensiya yaranıb ki, onlar hansısa ölkəni hədəf seçib, öz problemlərini həll edirlər”. S. Seyidov bildirib ki, bütün bunlara baxmayaraq, sessiyada Azərbaycan nümayəndə heyəti ölkəni layiqincə təmsil edib: “Bizdən asılı olan hər şeyi layiqincə etdik. Məsələ ondadır ki, sessiyanın bir neçə günü, demək olar, Azərbaycana həsr olunmuşdu. Axı niyə Azərbaycan məsələsi gündəmə gətirilmişdi? Təəssüf ki, Azərbaycana qarşı qəbul olunan qətnamələrin müzakirəsi zamanı əvvəllər iclaslara gəlməyən şəxslər belə bu dəfə toplantıya qatılmışdı. Avropa Şurası Azərbaycan üçün vacib qurumdur, vacib tribunadır. Bu məkandan Azərbaycanı məhrum etmək istəyirlər. Avropa Şurasının baş katibi qanunun aliliyini alətə çevirərək, Azərbaycana təzyiq etməyə çalışır. Sağlam qüvvələr belə bu insanların girovuna çevrilib. Səsvermə zamanı bir qrup insan bunların təsirinə düşüb, Azərbaycanın əleyhinə qətnamə qəbul olunub.Bir qrup türkiyəli deputatın Azərbaycana qarşı qəbul olunan qətnaməyə səs verməsinə gəldikdə, onu deyim ki, münasibətləri təhlil etməliyik. Əgər hiss etsək ki, deputatlardan başqa digər qurumlar da bizə qarşı qərəzlidir, o zaman mövqeyimizi ortaya qoymalıyıq. Heç bir dövlət bu cür qərəzli münasibətə dözə bilməz. Təzyiqlər həddindən artıq böyükdür, bu təzyiqlər Azərbaycanın apardığı uğurlu siyasətə qarşıdır. Biz bunu nəzərə almalıyıq. Bununla belə, nümayəndə heyəti AŞPA-da fəaliyyətini davam etdirəcək”. S. Seyidov çıxışı zamanı həmçinin bildirib ki, ukraynalı deputatların hərəkəti təəssüf doğurur. “Burada daha çox diqqət çəkən məqam Ukraynadan olan deputatların Azərbaycan əleyhinə səs verməsidir. Bilirsiniz ki, Azərbaycan-Ukrayna münasibətləri prezident Pyotr Poroşenkonun Bakıya səfərindən sonra yüksələn xətt üzrə inkişaf edir. Bu gün o deputatlar Azərbaycan əleyhinə səs verməklə, elə Ukraynanın öz əleyhinə səs verdilər. Orada “Pyotr Poroşenkonun Bloku”ndan olan deputatlar səsvermədə iştirak etmədilər, digər deputatlar əleyhimizə səs verdilər. Buna təəssüf edirəm”, – deyə S. Seyidov qeyd edib.

Spiker Oqtay Əsədov S. Seyidova Ukrayna ilə bağlı fikirlərinə şərik olduğunu bildirib: “Maraqlıdır ki, Poroşenkonun tərəfdarı olan deputatlar, ümumiyyətlə, bitərəf qaldılar, səsvermədə iştirak etmədilər. Onların Azərbaycan əleyhinə qətnaməyə səs verməyərək bitərəf qalması doğru addım olmadı. Bu, mənə çox təəccüblü gəldi”.  Spiker bunun iki ölkə arasında münasibətlərdə anlaşılan addım olmadığını bildirib. O, qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin yerinə yetirilməyən 10 mindən çox qərarı var: “Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil, lotereya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin (İnsan haqları və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 46-cı maddəsi-red.) tətbiq edilməsi qərəzli olar. Bu olarsa, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq”.

***

Ukrayna ilə parlamentlərarası İşçi Qrupunun rəhbəri Rüfət Quliyev  bildirib ki, qrupun Ukraynadan olan rəhbəri Maksim Kuryaçiy ilə danışıb: “O mənə söz verdi ki, gələn həftə işçi qrupunun üzvləri bununla bağlı bəyanat verəcəklər. Hansı formada verəcəklər, ona baxacağıq”.

***

Müzakirələr zamanı deputat Elmira Axundova bildirib ki, Ukraynadan olan deputatların Azərbaycan əleyhinə səs verməsi rəsmi Kiyev tərəfindən də narazılıqla qarşılanıb. Millət vəkili qeyd edib ki, bu yaxınlarda Azərbaycanda səfərdə olan Ukrayna baş nazirinin müavini ilə Azərbaycan Ukraynalıları Konqresinin ofisində keçirilən görüşdə də bu məsələyə toxunulub: “Düşünürəm ki, deputatların o münasibəti rəsmi Kiyevin mövqeyi deyil”.

Deputat Tahir Kərimli  AŞPA-nın bəzi üzvlərini əxlaqsız adlandırıb: “Əgər Avropa Şurası Azərbaycanı öz sıralarından çıxarmaq istəyirsə, onda Azərbaycan özü o qərarı gözləmədən Avropa Şurasından çıxmaq qərarını verməlidir. Avropa bizim nə göy rəngimizi görmək istəyir, nə də yaşıl rəngimizi. Bəs, bizim Qafqaz vüqarımız harada qaldı? Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq? Kimi azad etməliyiksə, özümüz azad etməliyik, heç vaxt böyük qüvvələrin diktəsi ilə yaşamamalıyıq. Kor-koranə o qüvvələrin qərarlarını icra etməməliyik”.

Spiker də deputatın bu çıxışına reaksiya verib: “Əgər Avropa Şurasına kor-koranə itaət etsəydik, bizə qarşı belə davranmazdılar. Söhbətin kökü erməni diasporunun təsiri və Azərbaycanın tutduğu mövqe ilə əlaqədardır”.

Öz növbəsində deputat Fazil Mustafa bildirib ki, Avropa Şurası Azərbaycana qarşı qərəzlidir: “Amma Azərbaycan heç bir platformada meydanı ermənilərə buraxmamalıdır. Əgər bizi çıxarsalar, o halda öz kursumuzu bəyan etməliyik”.

zahid_oruc_esas

Deputat  Zahid Oruc da qeyd edib ki, ölkə prezidenti Brüssel sammitində iştirak qərarını verməklə, artıq Avropaya münasibətini ifadə edib: “Biz Avropa Şurasından çıxmaqla bağlı qərar versək, ermənilər bu fürsətdən istifadə edəcəklər. Dağlıq Qarabağın “müstəqilliyini” tanıtmaqdan tutmuş, digər məsələlərədək”.   

O. Əsədov isə “heç kim bu qurumdan çıxmağa hazırlaşmır. Biz bu qurumun münasibətindən danışırıq”- deyə, fikrini bildirib.
Müzakirələrin sonunda S. Səmədov  təklif edib ki, səslənən fikirlərin nəticəsini ümumiləşdirib AŞPA-ya göndərmək lazımdır.  Onun bu təklifi qəbul olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Azərbaycan cüdoçusu Hidayət Heydərov dünya birinciliyinin qalibi oldu – FOTO

Read Next

“Təqdim olunan təsvirdə heç nə görünmür, bu, deputatlara qarşı hörmətsizlikdir” – ELMİRA AXUNDOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir