Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi: İNADKAR MANAFOVA, SAVADLI VƏ ÖZÜNDƏNRAZI ƏLƏSGƏROV, YENİ SƏDR QURBANOV, TƏZƏ SƏDR MÜAVİNİ MOLLAZADƏ…

6-cı çağırış Mili Məclisin (MM) ilk iclasında yeni sədr və sədr müavini seçilən komitələrdən biri də parlamemtin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi olub.

Komitənin həm sədri, həm sədr müavini (həm də tərkibi) yenilənib.

Komitəyə ilk dəfə deputat mandatı əldə edən-Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan və bir zamanlar hakim partiyanın Mərkəzi Aparatında çalışan, şöbə müdiri işləyən Sadiq Qurbanov sədr seçilib.

Sədr müavini isə 5-ci dəfə MM-in üzvü olan Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə seçilib.

Bəs görəsən, 1995-2020-ci illərdə bu komitəyə kimlər rəhbərlik edib, tanınmışlardan kimlər bu komitənin üzvü olublar?

Etikxeber.az-ın araşdırmasına görə, birinci çağırışda, 1995-2000-ci illərdə bu komitəyə (daimi komissiyaya) əslən qusarlı olan tanınmış partiya-sovet işçisi, sonuncu çağırış Ali Sovetin üzvü YAP-çı Asya Manafova sədr seçilib.

Qeyd edək ki, A. Manafova MM-ə YAP-ın partiya siyahısından düşüb.

A. Manafova ikinci çağırışda da-2000-2005-ci illərdə də MM-dəki postunu qoruyub-saxlaya bilib.

İkinci dəfə YAP-ın partiya siyahısından (proporsional seçki sistemi üzrə) MM-ə üzv seçilib, eyni zamanda, komitə sədri vəzifəsində qalıb.

A. Manafova YAP-çılar arasında müstəqil mövqeyi (həmçinin inadkarlığı) ilə seçilənlərdən, bir çox hallarda öz YAP-çı həmkarları ilə qarşı-qarşıya gəlməli olub.

1999-cu ildə MM-in iclalarından birində məşhur YAP-çı, professor-mərhum Həsən Mirzəyevlə A. Manafova arasında böyük gərginlik, qalmaqla yaşanıb.

A. Manafova mərhum H. Mirzəyevin çıxışına etiraz edərək, yerdən “Vay Milli Məclisin halına ki, sənin kimi üzvü var”-deyə, bildirib və buna cavab olaraq, həmkarı tərəfindən separatçılıqda günahlandırılıb.

A. Manafova həmçinin, “Azərenerji”nin o vaxtkı rəhbəri-yerlisi Etibar Pirverdiyevi daim açıq şəkildə müdafiə edib və bu da zaman-zaman həmkarları ilə onun arasında gərginliklərə gətirib çıxarıb.

Eyni zamanda, A. Manafova 2004-2005-ci illərdə proporsional seçki sisteminin bərpasını tələb edən azasaylı YAP-çılardan olub.

Xatırladaq ki, proporsional seçki sisteminin bərpası məsələsini ilk dəfə gündəmə gətirən (“525”-ə açıqlamasında) tanınmış YAP-çılardan olan sabiq millət vəkili, BDU-nun professoru Rəbiyyət Aslanova olub.

Üçüncü çağırışda, 2005-2010-ci illərdə isə komitənin həm rəhbərliyi, həm də tərkibi dəyişdirilib.

Komitəyə ilk dəfə millət vəkili olan və müstəqillərin təmsilçisi kimi, vitse-spiker kürsüsünə əyləşən SOCAR-ın tanınmış simalarından olan Valeh Ələsgərov yeni sədr seçilib.

V. Ələsgərov dördüncü və beşinci çağırışlarda da (2010-2015 və 2015-2020 illərdə) həm vitse-spikerliyini, həm də komitə sədrliyini qoruyub-saxlayıb.

Savadlı, səlis nitq qabiliyyətinə malik olması ilə yanaşı, V. Ələsgərov bir qədər özündənrazılığı, bəzən də həmkarlarına qarşı aşırı sərtliyi və kobudluğu ilə seçilib.

Tez-tez millət vəkillərinin fikirlərinə müdaxilə edib, eyni zamanda, sabiq birinci vitse-spiker Ziyafər Əsgərovla da bir neçə dəfə sərt polemikaya girib.

V. Ələsgərov həm yaşı, həm də başqa vəzifəyə təyin olunması ilə bağlı son seçkilərə qatılmayıb.

6-cı çağırışda isə yuxarıda da qeyd edildiyi kimi, komitəyə S. Qurbanov sədr, A. Mollazadə isə sədr müavini seçiliblər.

Eyni zamanda, qeyd edək ki, komitənin keçmiş üzvləri arasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə (həm də 5-ci çağırışda adıçəkilən komitənin sədr müavini olub), 4 dəfə MM-in üzvü olan Mirkazım Kazımov və digərləri olub.

Onu da qeyd edək ki, sözügedən komitənin (5-ci çağırışda) üzvlərindən yalnız Mixail Zabelin son seçkilərə qatılıb və 7-ci dəfə mandat əldə edib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri:

Naqif Həmzəyev, Afət Həsənova, Anar Məmmədov, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Əliabbas Salahzadə, Fatma Yıldırım, İntizam Yusifov və Mixail Zabelin.

10:06, 1 aprel

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Hələ qarşıda bizi daha böyük qələbələr gözləyir…”-ZAHİD ORUC YAZIR

Read Next

“Camaat bayıra çıxmayacaqsa, o sahələr necə ayaqda qala bilər?!”-“REAL”-ÇI İQTİSADÇIDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir