“Azərbaycan bayrağı tezliklə Laçında, Kəlbəcərdə Ağdamda və digər rayonlarımızda da dalğalanacaq”-Spiker – Milli Məclis İlham Əliyev və Azərbaycan xalqına – MÜRACİƏT ETDİ – YENİLƏNİB – (8)

Milli Məclisin (MM) payız sessiyasının növbəti plenar iclası öz işinə başlayıb.

 Etikxeber.az-a verilən məlumata görə, iclasın gündəliyinə cəmi 1 məsələ daxildir.

1. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqında.

İclasa spiker Sahibə Qafarova sədrlik edir.

10:59

***

“Bu günlərdə Azərbaycan xalqı 30 ildir həsrətlə gözlədiyi günləri yaşayır”.

Bunu S. Qafarova deyib.

Sədr təəssüflə qeyd edib ki, müharibə itkisiz olmur:

“Biz də bu müharibədə itkilər verdik”.

Sonra Şəhid olmuş insanların xatirəsi MM-də bir dəqiqəlik sükutla yad edilib.

11:09

***

“Bu gün Azərbaycan bayrağı Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda qürurla dalğalanır. Tezliklə Laçında, Kəlbəcərdə Ağdamda və digər rayonlarımızda da dalğalanacaq”-deyən spiker bildirib ki, Azərbaycan Ordusu döyüş meydanında göstərdiyi hünərlərlə xalqımızın nəyə qadir olduğunu göstərdi:

“Xalqımız İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Bu yumruq düşmənə endirilən ağır zərbələrin göstəricisi idi. Bu birliyin qarşısında düşmən duruş gətirə bilməzdi və gətirə də bilməzdi. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı bəyanatla müharibəyə son qoyuldu. Bu bəyanatın Azərbaycan üçün çox böyük önəmi var. Kəlbəcər, Laçın, Ağdam qan tökülmədən Azərbaycana qaytarılacaq. Mən məqama da toxunmaq istərdim. Bu müharibədə Ermənistan elə ağır zərbə aldı ki, onun özünə gəlməsi üçün uzun illər lazım olacaq. Ermənistanda hazırda iqtidar müxalifətin deputatlarını həbs edir, küçələrdə ixtilaflar baş verir. Bütün bu hadisələr Qərbin demokratik ölkə kimi göstərdiyi bir ölkədə baş verir. Qərb ölkələri Ermənistanda baş verənlərə münasibət bildirmir. Prezidentin də dediyi kimi, bizə demokratiya dərsi keçməyə çalışanlar gərək güzgüdə özlərinə baxsınlar. Digər tərəfdən ermənilər bizim işğal altında olan kənd və rayonlarımızı talan edib, dağıdıblar. Biz əminik ki, Azərbaycan bütün dağılmış yerləri bərpa edəcəklər. Bilirik ki, müharibə başladığı dövrdə dövlət başçısı nə qədər təzyiqlərə məruz qalsa, da geri çəkilməyib, Qələbəni təmin edib”.

O, bildirib ki, Valday forumunda Prezident İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq reallığa çevrilməkdədir.

MM-in Sədri bildirib ki,  6 ay bundan əvvəl şuşalı gənc qız bu salonda çıxış etmişdi:

“O zaman Şuşa şəhəri işğal altında idi. Onun çıxışı hamımızı çox duyğulandırmışdı. Mən bu gün yenə də Əsra Məmmədlini bu zala dəvət etmək istəyirəm. Onun hisslərini eşitmək maraqlı olar”. 

Əsra Məmmədli çıxışında bildirib ki, artıq azad Şuşadandır: ”Bir neçə ay bundan əvvəl burada çıxış edərkən təsəvvür belə etməzdim. Artıq bütün dünya bilir ki, işğala son qoyuldu. Dünya bilir ki, Azərbaycan əsgəri, Azərbaycan xalqı öz torpağına qanı və canı bahasına sahib çıxdı. Müzəffər Azərbaycan Ordusu bizi doğma torpaqlarımıza qovuşdurdu. Artıq Şuşa məscidində azan səslənir. Bayrağımız azad olmuş bütün torpaqlarda dalğalanır. Mən artıq qaçqın, məcburi köçkün deyiləm. Mən evimizə qayıdıram. Mən sizin hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm. Qarabağ bizi gözləyir”.

Sədr qeyd edib ki, Əsranın sözləri bütün Şuşa sakinlərinin fikirlərini ifadə edir.

***

“Azərbaycan müharibədən ərazi itkisi ilə deyil, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Ermənistan isə bütün dünyanın gözü qarşısında sarsıldı”.

Bunu MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, işğalçı Ermənistan torpaqlarımızdan qovularaq sülhə məcbur edilib:

“Sülhməramlıların ölkəyə gəlməsi gözlənilən idi. Onlarsız davamlı sülhü təmin etmək mümkün deyildi. Xalqımız bu möhtəşəm qələbədə yanımızda olduğu üçün qardaş Türkiyəyə, onun Prezidentinə təşəkkürünü bildirir. Çox təəssüflər olsun ki, bu gün sosial mediada sülhməramlıların bölgəyə gəlməsinə məkrli məna qatmaqla çıxışlar edirlər. Amma bu, əbəsdir. Bu gün qürur hissi ilə qeyd edə bilərik ki, Qarabağ Azərbaycandır”.

***

“Noyabrın 10-da ölkəmizin tarixində yeni səhifə açıldı”.

Bunu da MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri bildirib ki, 30 il ərzində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi cəhətdən güclənməsi, beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbul edilməsi bu gün qələbəmizi şərtləndirdi:

“Azərbaycan son 200 ildə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyümüzü bərpa edərək çıxdı. Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüququn prinsiplərinə əməl etməklə müharibəni aparır. Ermənistana əvvəllər təklif edilən və qəbul edilməyən ən yüksək status anlayışı tarixə qovuşdu. Keçən əsrin əvvəllərində dövlət müstəqilliyimizi ilk tanıyan dövlət olan qardaş Türkiyə bizə bu haqlı savaşımızda dəstək oldu. “Bir millət, iki dövlət” artıq sadəcə şüar deyil”. 

11:43

***

“Biz bu gün tariximizin ən möhtəşəm və yadda qalan günlərini yaşayırıq”.

Bunu deputat Eldar İbrahimov deyib.

Deputat bildirib ki, haqqı, ədaləti, hüququ tanıyan hər bir millətin nümayəndəsi bizim bu qələbəmizə sevinir:

“10 noyabrda imzalanan bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya məcbur edildi. İşğalçı Ermənistan 44 günlük savaşın nəticəsində işğal etdiyi ərazilərdən qovuldu”.

Komitə sədri Səməd Seyidov bildirib ki, illər boyu parlamentdə sazişləri təqdim edəndə onların sonuncu səhifəsində hər zaman qeyd-şərt olurdu:

“İşğal altında olan ərazilərdə Azərbaycanın sazişlərin həyata keçirilməsinin mümkün olmaması qeyd edilirdi. Onlar bizə bunu qəbul etdirməyə çalışırdılar. Amma bu, olmadı. Artıq heç vaxt parlamentdə sənədlərdə o qeyd-şərt yazılmayacaq. Bunu edən Ali Baş Komandan İlham Əliyevdir. Bu gün Şuşamız azaddır, Kəlbəcər, Laçın və başqa rayonlarımız azaddır. Tam şəkildə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu qələbə Azərbaycan liderini tarixdə ən yüksək səviyyədə olan liderlər cərgəsinə daxil etdi. Bu qələbə dünya tarixində qalib gəlmiş ölkələrin, xalqların içərisinə Azərbaycanın adını qızıl hərflərlə yazdı. Bu qələbə haqda millət əbədi danışacaq. Bu, Azərbaycanın əbədi qızıl tarixidir”.

Deputat Siyavuş Novruzov deyib ki, qələbənin əsasını Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diplomatik, siyasi sahədə olan uğurları təşkil edir.

Deputat bildirib ki, Azərbaycanın xalq-iqtidar birliyi də buna dəstək oldu:

“Azərbaycan Ordusunun peşəkarlığı bu proseslərdə aktiv rol oynadı. Dağlıq Qarabağın statusu ilə əlaqədar təqdim edilən bütün sənədlər ortadan qalxdı. Ümumiyyətlə, Türk Dünyasını birləşdirən yolun açılması ilə Naxçıvanla quru əlaqəsinin bərpası həllini tapacaq. Bu proseslər gələcək nəsillərə saxlanılmadı. Hüseyn Cavidin “kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü” misralarını xatırlayaq. Bunu Ali Baş Komandan etdi”.

Komitə sədri Tahir Mirkişili bildirib ki, müstəqilliyimizi doya-doya yaşamağa Qarabağ problemi mane olurdu:

“Ermənistan ən az 30 il geri düşdü. Azərbaycan iqtisadiyyatı da bu döyüşdə qalib gəldi. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında birlik oldu. Biz artıq azadıq, bütövük. Prezident İlham Əliyev qələbə ilə insanlardakı işğalın ağrı-acılarını unutduracaq”.

Deputat Məlahət İbrahimqızı qeyd edib ki, bu gün hamımız xalqımızın haqq və ədalət uğrunda başladığı Vətən Müharibəsində zəfərin sonsuz qürurunu yaşayır:

“Biz xoşbəxtik ki, bu tarixi zəfərin şahidiyik. Ermənistanın mənfur planları 44-45 gün içərisində məhv oldu. Ordumuz müzəffər Ali Baş Komandanın qətiyyəti ilə misilsiz uğurlar qazandı. Ali Baş Komandanın dəmir yumruğunun gücü Ermənistanı diz çökməyə məcbur etdi. Bu gün Vətən Müharibəmiz dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu savaşı Çanaqqala savaşı, Malazgird savaşı ilə müqayisə edə bilərik. Bu qələbəni bu gün biz şəhid ailələrinə, əsgərlərimizə borcluyuq. Böyük sərkərdəsi olmayan xalq qələbə qazana bilməzdi. Prezident belə bir fikir ifadə etdi ki, mən nə qədər hakimiyyətdəyəm, Dağlıq Qarabağa status verilməyəcək. Bu gün Prezidentə bildirmək istəyirəm ki, xalqımız sizin siyasətə sadiq qalacaq”.

Deputat Razi Nurullayev nəzərə çatdırıb ki, partiyaların birlik nümayişini qazandığımız zəfər üçün əvəzsiz hesab edir:

“Biz iki əsrdir ki, ancaq torpaq itirmişik. Prezident İlham Əliyev isə torpaq aldı”.

Deputat Vahid Əhmədov Azərbaycan 44 gün ərzində Vətən Müharibəsi apardığını deyib:

“Artıq dünya mətbuatında dünya hərbi ekspertləri Azərbaycanın nailiyyəti barədə fikir mübadiləsi aparırlar. Bəyanatda Ermənistanın faktiki olaraq, ərazilərdən çəkilməsi barədə faktlar əksini tapdı. Sənəddə status-kvonun çox əhəmiyyətlidir. Azərbaycanın Rusiyadakı səfiri hansısa statusdan danışır. Elə bil Rusiyanın xarici işlər nazirini əvəz edir. Bu insanlar özü istefa etməlidir. Bütün dövlət məmurları Prezidentin statusla bağlı çıxışını nəzərə almalıdır. Bu bəyanatda müsbət məqamlar çoxdur. 44 gündə bizimlə birlikdə olduğu üçün Türkiyəyə, Türkiyə Prezidentinə, Pakistana və yanımızda olan bütün ölkələrə, ölkə başçılarına təşəkkürümü bildirirəm”.

Deputat Fazil Mustafa deyib ki, 4 il müddətində Azərbaycan kiçik qələbədən böyük qələbəyə hazırlaşıb:

“Əslində biz indilərdə parlament seçkisi keçirməli idik. Keçən ilin dekabrında alınan qərar bizim indi pandemiya dövründə bu seçkiləri keçirməyimizə mane oldu. Bu da uzaqgörən siyasətin nəticəsidir. Bu gün Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərdi. Bu qələbəni başında böyük komandan durduğu üçün qazana bildi. Prezident İlham Əliyev Qarabağın fatehi adını haqq etdi.

Deputat Polad Bülbüloğlunun açıqlamalarına da münasibət bildirib:

“Bu gün heç bir köhnə tezis qüvvədə deyil. Qarabağ Azərbaycandır və bu, belə də qalacaq”.

Deputat Musa Qasımlı bildirib ki, ağzının danışığını bilməyən səfir, məmur yerində oturdulmalıdır:

“Bu qələbənin qazanmasında dövlətimizin başçısının fikirlərinə hörmət etməlidir. Çünki dövlətimizin başçısının sərəncamı və fərmanı ilə o vəzifəyə təyin olunub”.

Deputat İsa Həbibbəyli qeyd edib ki, Ali Baş Komandan həm siyasi-ideoloji cəbhədə, həm diplomatiya cəbhəsində qələbə qazanıb.

Deputat Sabir Rüstəmxanlı Qarabağ savaşının uzun illər təhlil olunacağını vurğulayıb: 

 “Bu, şübhəsizdir. Bu gün əsas işimiz Qarabağı cənnətə çevirməkdir. Şübhəsiz ki, bu döyüşlərin bir qalibi var: Ali Baş Komandan İlham Əliyev”.

“Şuşa şəhərinin ən yüksək yerlərindən birində bizim xilaskar əsgərimizə abidə qoyulsun”.

 Bunu deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, bu tarixi qələbənin birinci qəhrəmanı Ali Baş Komandan İlham Əliyevdir:

“Onun atdığı addımlar həlledici idi və qələbəni təmin etdi. Şanlı qələbəyə imza atan isə Ordumuzdur. Ordumuz sözün həqiqi mənasında xariqələr yaratdı, tarixi qələbəni bizə yaşatdı. Şəhidlərimizin qarşısında baş əyirik, qazilərimizə hörmətlə, izzətlə yanaşırıq”.

Deputat təklif edib ki, müəyyən vaxtdan sonra, uyğun şərait yaranda parlamentin iclaslarından biri Şuşa şəhərində keçirilsin:

“İşğaldan azad olunmuş torpaqlarla bağlı qanun layihələrini Şuşada qəbul edək”.

***

Müraciətlə bağlı müzakirələr bitib.

MM-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciətin hazırlanması üçün komissiya yaradılıb.

Komissiyanın sədri Əli Hüseynli, üzvləri isə deputatlar Nizami Cəfərov, Tural Gəncəliyev, Erkin Qədirli və Nigar Arpadaraidir.

***

MM Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edir.

MM-in üzvü Nigar Arpadarai Milli Məclis adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciəti təqdim edir.

12:50

***

MM Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib.

Müraciət səsə qoyularaq, qəbul edilib.

13:14

***

Müraciətdə deyilir ki, son 100 ildən artıq dövrdə Azərbaycan xalqı erməni şovinist qüvvələrin etnik təmizləmə və işğalçılıq siyasətinin qurbanı olub. Çar Rusiyasının süqutunun ardınca keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti, 1923-cü ildə isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində muxtar vilayət yaradılıb.

1948-1953-cü illərdə zorakı deportasiyalar nəticəsində azərbaycanlılar Ermənistandan qovulub, onların əmlakı talan olunub.

1992-93-cü illərdə isə Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Azərbaycanın işğal edilmiş bölgələrindən 1 milyona qədər insan qaçqın və məcburi köçkün salınıb. Ermənilər azərbaycanlılara qarşı amansız soyqırımı aktları törədilib.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62243 nömrəli qətnamədə Azərbaycanın ərazi bütövlüyü tanınıb, erməni silahlı birləşmələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması tələbi əksini tapıb. Müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə də Ermənistanın işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxması təsbitini tapıb. ATƏT-in Minsk Qrupu həmsədrləri də dəfələrlə bəyan edib ki, starus-kvo qəbuledilməzdir. Ümumiyyətlə, uzun illər davam edən sülh danışıqlarından Azərbaycan tərəfi təmkinlə iştirak edib. Təəssüf ki, münaqişənin həll edilməsi üçün göstərilən beynəlxalq səylər heç bir nəticə verməyib. Bu ölkə xarici qüvvələrin dəstəyindən istifadə edərək işğalı davam etdirməyə səy göstərib.

2018-ci ildə Ermənistanda baş verən inqilabdan sonra Azərbaycana qarşı təxribatlar daha müntəzəm xarakter alıb. Oyuncaq Dağlıq Qarabağ qurumunun “parlamentinin” Şuşaya köçürülməsi, işğal edilmiş ərazilərə yol çəkilməsi, Ermənistan Baş nazirinin “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatı qəbuledilməzdir. Bunlara qarşı Minsk Qrupu həmsədrləri tərəfindən heç bir münasibət bildirilməməsi işğalçının daha da əl-qol açmasına şərait yaradıb. 2020-ci ilin iyul ayında erməni tərəfi iriçaplı texnikalardan istifadə edərək Azərbaycana qarşı təxribatlar törədib. 2020-ci il avqustun 23-də Ermənistan Qilahlı Qüvvələrinin diversiya qrupları Goranboyda təxribata cəhd göstərib. Ermənistan rəhbərliyi 2020-ci il sentyabrın 27-də isə növbəti təxribata əl atıb.

Bu təxribata cavab olaraq ordumuz əks-həmlə əməliyyatına başlayıb. Düşmənin uzun illər ərzində qurduğu istehkamlar ordumuz tərəfindən darmadağın edilib:

“Möhtərəm İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə idarə etdiyi zəfər yürüşü qələbə ilə başa çatıb. 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistan Baş nazirinin imzaladığı bəyanat Cənubi Qafqazda münaqişəyə son qoyub, Cənubi Qafqazda yeni inkişafa yol açıb. Bəyanata əsasən, tərəflərin razılığı əsasında Naxçıvan MR ilə Azərbaycanın qərb rayonlarını birləşdirən nəqliyyat təmin ediləcək. Tarixi ədalət öz yerini tutur.

Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilir. Buna görə sizə sonsuz təşəkkürümüzü bildiririk, cənab Prezident! Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz inamı ilə kömək, dəstək etmiş əziz xalqımızı böyük qələbə münasibətilə təbrik edirik. Dağlıq Qarabağ probleminin həlli ilə Azərbaycan Respublikası inkişaf edərək regionda qlobal güc mərkəzlərindən birinə çevriləcək. Eşq Olsun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə! Eşq Olsun Azərbaycan Ordusuna! Yaşasın Qarabağ! Qarabağ Azərbaycandır”.

Etikxeber.az

Read Previous

Qəhrəman Qızılhacılım, İgid Qızılhacılılarım…Səninlə necə fəxr etməyim, səninlə necə fəxr etməyəsən?!-KAMİL HƏMZƏOĞLU YAZIR

Read Next

“Bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərində, qədim Qarabağımızda, onun bütün şəhər,qəsəbə və kəndlərində yeni bir mərhələ başlayır…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir