Milli Məclis İqtisadiyyat Nazirliyi ilə birgə qanunların icrasının monitorinqini aparır – VİTSE-SPİKER – FOTOLAR

VI Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumu oktyabrın 26-da işini davam etdirir.

Etikxeber.az xəbər verir ki, Forumun “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu barədə interaktiv müzakirə” mövzusuna həsr olunan ikinci sessiyasında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində heç kimin geridə qalmaması prinsipinə əsaslanaraq maraqlı tərəflərin prosesə cəlb edilməsi və bütün səviyyələrdə səmərəli iştirakının təmin olunmasına dair müzakirələr aparılır.

Sessiyaya moderatorluq edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müzakirəyə çıxarılan mövzuların DİM-ə nail olunması baxımından əhəmiyyətini qeyd edib.

Hicran Hüseynova vurğulayıb ki, dayanıqlı inkişaf mövcud resurslardan məqsədyönlü şəkildə istifadə edərək onların gələcək nəsillərə ötürülməsini nəzərdə tutur. DİM-ə nail olmaq üçün vaxtın azlığını qeyd edən moderator bildirib ki, hər bir ölkə 17 məqsədin yerinə yetirilməsinə çalışsa da, bu, ölkələrin inkişaf səviyyəsindən asılıdır. Bu prosesdə heç kimin geridə qalmamasını təmin edərək hər kəsə bərabər şərait yaradılmalıdır.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda institusional islahatların aparılması və ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Azərbaycan dövləti ölkə əhalisinin fəaliyyətinin ən yüksək səviyyədə təmin olunması üçün hər cür şərait yaradıb. Bundan başqa, Azərbaycanda əhalinin məşğulluğu, sosial müdafiə və təminat məsələlərinə dair bir sıra mühüm layihələr həyata keçirilib.

DİM-ə nail olunmasında gender bərabərliyinin rolunun önəmini vurğulayan H.Hüseynova bildirib ki, ölkəmizdə bu istiqamətdə çox güclü hüquqi qanunvericilik bazası yaradılıb. Bu da cəmiyyətdə, ictimai, siyasi və s. sahələrdə qadınların rolunun gücləndirilməsinə şərait yaradıb. Bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın misilsiz xidmətlərini qeyd edən komitə sədri deyib ki, onun fəaliyyəti ölkəmizdə gender bərabərliyinin genişlənməsinə də şərait yaradıb.

Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən danışan Komitə sədri bu istiqamətdə vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlar ilə fəal əməkdaşlığın həyata keçirildiyini deyib.

Azərbaycanda aztəminatlı ailələrin, qadınların məşğulluqlarının təmin olunması istiqamətində görülən işlərdən danışan H.Hüseynova deyib ki, həyata keçirilən tədbirlər nəticəsində kənd yerlərində məşğul əhalinin 49,9 faizini qadınlar təşkil edir.

Belarus parlamentinin sədr müavini xanım Marianna Şyotkina bildirib ki, hazırda Belarusda DİM strateji proqramlara əlavə edilir. Ölkədə bu baxımdan səhiyyənin inkişaf etdirilməsi, ömürboyu təhsilin təşviq edilməsi, məşğulluğun təminatı və digər istiqamətlərdə mühüm hədəflər müəyyənləşdirilib. Dövlətin dəstəyi olmadan bu tədbirləri həyata keçirmək mümkün deyil.

Belarusda əhalinin 50 faizdən çoxunu qadınların təşkil etdiyini vurğulayan M.Şyotkina deyib ki, bu nisbət iş yerlərində çalışan əhalinin sayında da özünü göstərir. Belarusda gender bərabərliyinin təmin olunması DİM-in həyata keçirilməsində akselerator rolunu oynayır. O, DİM-ə nail olunması istiqamətində tərəfdaşlıq əlaqələrinin gücləndirilməsində vahid məlumat bazasının yaradılmasının önəmini vurğulayıb, Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova bildirib ki, bu Forum Bakının dünyanı narahat edən problemlərin həllinə yüksək diqqət yetirməsinin göstəricisidir. DİM-ə nail olunmasında cəmiyyətin bütün təbəqələrinin iştirakının və yüksək səviyyədə əlaqələndirmənin önəmini vurğulayan Bahar Muradova Milli Məclisin ölkəmizdə bir çox problemlərin həlli istiqamətində mühüm qanunlar qəbul etdiyini deyib. O bildirib ki, parlamentin qəbul etdiyi qanunlar, Azərbaycanda büdcənin sosialyönümlü olması, ehtiyac meyarının ildən-ilə artırılmasının qanunvericilikdə təsbiti, kiçik və orta sahibkarlığın inkişafına dəstək, ailə təsərrüfatların yaradılması, əhalinin maliyyə mənbələrinə əlçatanlığının təmin edilməsi, iştirakçılık haqqında qanunun qəbulu, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər ölkəmizdə DİM-ə nail olunması baxımından çox əhəmiyyətlidir.

forum-bahar-1

Parlamentin bu prosesdə bir sıra mühüm aspektlərə diqqət yetirməsinin əhəmiyyətini qeyd edən vitse-spiker bildirib ki, Milli Məclis qanun yaradıcılığı ilə yanaşı, onların icrasına nəzarət, büdcədə həssas qrupların, aztəminatlı təbəqələrin diqqət mərkəzində saxlanılmasına da çalışır. Bu sahədə fəaliyyət nəticəsində əldə olunan uğurlar DİM ilə bağlı Azərbaycanın təqdim etdiyi icmalda əksini tapıb.

Parlamentin DİM-in həyata keçirilməsində əsas qurumlardan biri olduğunu vurğulayan Bahar Muradova bu baxımdan güclü, şəffaf inklüziv qruplar üçün qanunvericilik bazasının möhkəmləndirilməsinin mühüm yer tutduğunu deyib.

Parlamentin digər funksiyasının təmsilçilik olduğunu qeyd edən Milli Məclisin sədr müavini bildirib ki, təmsilçilik prosesində DİM-ə çatmağa mane olan problemlərin, qanunlardakı boşluqların, cəmiyyət həyatında məqsədlərə çatmağı ləngidən səbəblərin monitorinqini aparmaqla qanunvericilik sahəsində hədəfləri müəyyənləşdirə və əsas hədəflərimizə nail ola bilərik. Parlament hökumətin diqqətini DİM-ə yönəltməklə yanaşı, bu sahədə ictimai müzakirələr təşkil etməklə bütün maraqlı qrupların bu prosesə cəlb olunmasını, onların iştirakını təmin etməyi və fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir. O, bu baxımdan Milli Məclisin İqtisadiyyat Nazirliyi ilə birlikdə qanunların icrasının monitorinqini apardığını bildirib.

Bahar Muradova DİM-in icrasına dəstək verən qanunların qəbulunun vacibliyini qeyd edib. Bildirib ki, bu prosesdə parlamentlə yanaşı, DİM-in reallaşmasına cəlb olunan bütün qruplar fəal iştirak etməlidirlər. O, ölkəmizdə bir sıra qanunlara dəyişiklik və əlavələrin olunmasının nəzərdə tutulduğunu vurğulayıb. Bildirib ki, təkcə azad iqtisadi zonanın yaradılması 80-ə yaxın qanuna əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutur.

Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, dünyada baş verən hadisələr inkişafın yetərli olmadığını göstərir, bunun üçün sabitliyin təmin edilməsi vacibdir. Dünyanın gələcəyi üçün insanın yaradıcı və yenilikçi olması, əməkdaşlığa meyilliliyi vacib əhəmiyyət daşıyır. DİM-in hazırlanmasında cəmiyyətin bütün təbəqələrinin iştirak etdiklərini vurğulayan T.Mirkişili bildirib ki, buna görə də bu məqsədlərə nail olmaq üçün səylərin birləşdirilməsi zəruridir. Dünyada orta yoxsulluq həddinin 1990-cı ilə nisbətən iki dəfə azaldığını deyən deputat qeyd edib ki, cəmiyyətin inkişafı yoxsulluq anlayışının əhatə dairəsini dəyişdiyini göstərir.

Müasir texnologiyaların inkişafı nəticəsində mərkəzində insan olan yeni idarəetmə fenomeninin yaradıldığını qeyd edən T.Mirkişili bildirib ki, Azərbaycan DİM-də əksini tapan hədəflərin bir çoxuna nail olub. Azərbaycanda son 15 ildə yoxsulluq on dəfədən çox azalıb. Azərbaycanda ailə təsərrüfatının inkişafı, özünüməşğulluğun təminatı istiqamətində dövlətin yürütdüyü siyasət bu sahədə də mühüm uğurların qazanılmasına təminat yaradır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycanda gənclər böyük potensiala malikdir, onlara daim yüksək diqqət göstərilir. Buna görə də Azərbaycan dövlətinin gənclərlə bağlı qəbul etdiyi dövlət sənədlərində DİM ilə uzlaşan bir çox məsələlər əksini tapıb. Onların arasında gənclərin qərarvermə prosesində iştirakı, erkən nikahların qarşısının alınması, liderlik məktəblərinin təşkili kimi məsələlər mühüm yer tutur.

Gənclərin cəmiyyətdə həmişə yüksək fəallıq göstərdiklərini, onların yeni ideyalarla çıxış etmək imkanlarına sahib olduqlarını vurğulayan İ.Babayev bu baxımdan DİM-in hər bir məqsədi üzrə 17 gənc səfirin seçilməsinin dövlət və vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlığın göstəricisi olduğunu deyib. Nazir müavini vurğulayıb ki, Azərbaycan gəncliyi DİM ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək üçün hər cür qabiliyyətə və istedada malikdir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) sədri Məryəm MəcidovaŞuranın sıralarında 127 gənclər təşkilatını birləşdirdiyini vurğulayıb. O, GTMŞ-yə üzv qurumların DİM-ə nail olunması prosesində fəallıq göstərdiklərini vurğulayıb. 2016-cı ildən “Gənclər daha yaxşı gələcək uğrunda” kampaniyasının reallaşdırılmasına başlanıldığını deyən qurumun sədri bildirib ki, kampaniya çərçivəsində ölkəmizin müxtəlif bölgələrində geniş layihə və tədbirlər reallaşdırılıb. Şuranın sədri bu tədbirlərdə gənclərə DİM haqqında ətraflı məlumat verildiyini bildirib.

Bu gün Azərbaycanda gənc liderlərin yetişməsi və fəaliyyəti üçün geniş imkanların yaradıldığını vurğulayan M.Məcidova həyata keçirilən tədbirlər barədə məlumat verib.

Etikxeber.az

Read Previous

Müsəlman Şərqində ilk parlamentli dünyəvi Respublika – GÖVHƏR BAXŞƏLİYEVA YAZDI

Read Next

Minsk qrupu normal bir sənəd çıxara bilməyib – SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir