Milli Məclisdə “43-lər”-istiqlalçı deputatlar” mübahisəsi

Milli Məclisin (MM) dünənki iclasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) ilə bağlı yubiley medalının təsis edilməsi məsələsi müzakirə olunub.

Etikxeber.az-ın xəbərinə görə, layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qanun layihəsində qeyd edilib ki, yubiley medalı ilə AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. Bundan başqa, medalın döşün sol tərəfinə, digər orden və medallar olduqda, onlardan sonra taxılması bildirib.

Millət vəkili Fazil Mustafa 1991- cı ildə SSRİ-nin qorunub saxlanılması referendumun əleyhinə səs verən 43 nəfər istiqlalçı deputata  bu medalın şamil olunmasını təklif edib.

O, bildirib ki, həmin şəxslər içərisində mərhum dövlət başçısı Heydər Əliyev də olub: “Ona görə də onların fəalliyyəti axır ki, qiymətləndirilməlidir. Bu, onların haqqıdır”.

meclis-1

Deputat Siyavuş Novruzov isə F. Mustafanın fikirlərinin əleyhinə çıxıb.

O, qeyd edib ki, deputatları bir-birindən ayrımaq olmaz: “O vaxt parlamentdə 350 deputat var idi. Onlar hamısı müstəqilliyə səs veriblər. Sadəcə istiqlalçı kimi adları çəkilən 43 nəfər SSRİ-nin qorunub saxlanılması barədə referendumun əleyhinə çıxıblar. Kimlərsə o vaxt özünü “Demblok”, “Komblok”a bölmüşdülər. Axı, kimin pasportunda ya da diplomunda bu sözlər yazılmışdı? “.

O zaman “Demblok” un üzvü olmuş deputat Fərəc Quliyev də öz növbəsində S. Novruzovun mövqeyini tənqid edib:

“Düzdür, Azərbaycan müstəqil olanda hamı ona səs vermişdi. Yəni çoxları məcburən bu addıma getmişdi. Çünki Azərbaycan artıq müstəqil idi. 43 nəfərə də ona görə istiqlalçı deyirlər ki, onlar SSRİ-nin dövründə onun qorunmasını nəzərdə tutan referendumun əleyhinə getmişdilər. Bu gün onların bir çoxu həyatda yoxdur, bir çoxu xəstədir. Maddi cəhətdən imkansız vəziyyətdədir. Ona görə də təhrifə, yanlışa yol vermək olmaz”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Hərbi vəziyyətlə bağlı aktlara dəyişiklik edildi…

Read Next

MM-in xüsusi iclasının çağırılması təklif olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir