Milli Məclisin Əmək və sosial siyasət komitəsi: HADİ RƏCƏBLİ, ŞAİTDİN ƏLİYEV, MUSA QULİYEV, MƏLAHƏT İBRAHİMQIZI, AYDIN MİRZƏZADƏ, ƏKRƏM ABDULLAYEV…

Öz işinə müvəqqəti ara verən 6-cı çağırış Milli Məclisin (MM) ilk iclasında digər komitələrlə yanaşı, 1995-ci ildən mövcud olan Əmək və sosial siyasət komitəsinin (3 çağırış Sosial siyasət daimi komissiya adlanıb) də yeni rəhbərliyi seçilib.

Yeni sədr vəzifəsinə 2000-ci ildən adıçəkilən komitənin üzvü, 2005-2015-ci illərdə sədr müavini olan, həmçinin, 5-ci çağırışda bu komitənin sıravi üzvü kimi qalan və Səhiyyə komitəsinin sədr müavini olaraq fəaliyyət göstərən təcrübəli deputat-ixtisasca həkim Musa Quliyev seçilib.

M. Quliyev bu vəzifədə sabiq sədr, professor, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və MM-in tanınmış üzvü Hadi Rəcəblini əvəzləyib.

Sədr müavini vəzifəsində Rauf Əliyevi digər tanınmış və fəal YAP-çı millət vəkili, 5-ci çağırışda MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini olan Məlahət İbrahimqızı əvəz edib.

Qeyd edək, M. İbrahimqızı da M. Qulyev kimi, 2-ci çağırışdan, 2000-ci ildən adıçəkilən komitənin üzvü olub.

Bəs görəsən, 1995-2020-ci illərdə bu komitəyə kimlər rəhbərlik edib, kimlər üzv olub?

Etikxeber.az xəbər verir ki, 1995-ci ildə formalaşan birinci çağırış MM-in Sosial siyasət daimi komissiyasının (2010-cu ilə kimi belə adlanırdı) ilk sədri həmin vaxtlar YAP-ın sıravi, lakin fəal üzvlərindən olan (2013-ci ildə YAP Siyasi Şurasının üzvü seçildi) keçmiş partiya-sovet işçisi Hadi Rəcəbli seçilib.

Onun müavini sonuncu çağırış Ali Sovetin (Milli Şuranın, Milli Məclisin) və iki çağırış MM-in üzvü olan, hazırda isə Mərkəzi Seçki Komissiyasının (MM) üzvü kimi fəaliyyət göstərən, əslən bakılı Şaitdin Əliyev seçilib.

2000-ci ildə, 2-ci çağırışda yenidən H. Rəcəbliyə etimad göstərilib, ikinci dəfə komitənin sədri seçilib.

2005-ci ildə, 3-cü çağırş MM-də H. Rəcəbli növbəti dəfə adıçəkilən komitənin sədri seçilib, sədr müavini isə M.Qulyev olub.

4-cü çağırışda komitənin rəhbərliyində dəyişiklik baş verməyib.

5-ci çağırış MM-də isə H. Rəcəbli yenidən, 5-ci dəfə komitə sədri seçilsə də, sıravi üzv kimi qalmaqla M. Quliyev yeni yaradılan Səhiyyə komitəsinin sədr müavini vəzifəsini tutub.

Onun yerinə də 3-cü dəfə MM-in üzvü olan R. Əliyev sədr müavini seçilib.

6-cı çağırışa gəlincə, yuxarıda da qeyd edildiyi kimi, H. Rəcəbli yenidən millət vəkili seçilə bilmədiyi üçün MM-ə düşə bilməyib.

Odur ki, M. Quliyev komitənin yeni sədri, M. İbrahimqızı isə sədr müavini seçilib.

Qeyd edək ki, H. Rəcəbli parlamentin ən stajlı millət vəkillərindən biri olub.

Belə ki, 1985-90-cı illərdə 11-ci çağırış Ali Soverin (onda Şəkinin “raykom”u işləyirdi), 1995-2020-ci illərdə isə 5 çağırış MM-in üzvü olub.

H. Rəcəbli və rəhbərlik etdiyi komitə MM-in ən fəal və ən işgüzar komtə sədri və komitələrindən olub.

MM-in plenar iclaslarına ən çox qanun layihələri təqdim edən (xüsusilə də, özünün hazırladığı və ya hazırlanmasında birbaşa iştirak etdiyi) iki-üç komitədən biri olub.

Komitənin hazırladığı və 90-ci illərdə qəbul olunan “Duzun yodlaşdırılması haqqında” qanun BMT-nin model qanunlarındandır.

Həmçinin, qanun layihələrinin hazırlanmasında və təşəbbüslərin irəli sürülməsində H. Rəcəbli ilə yanaşı, komitə üzvlərindən M. Quliyev, İlham Məmmədov, M. İbrahımqızı, R. Əliyev, Sevinc Hüseynova və digərləri fəallıq göstəriblər.

Bununla yanaşı, həm komitənin rəhbərliyi, həm də üzvləri mediaya açıq olmaları ilə fərqləniblər.

Komitənin sabiq üzvləri və hazırda millət vəkili olmayanlar arasında isə Xalq yazıçısı, bugünlərdə Azərbaycanın Ukraynadakı səfiri təyin edilən Elmira Axundova, akademik Yaqub Mahmudov, professor Rafiq Məmmədhəsənov, Əkrəm Abdullayev və digərləri var.

Bunların arasında E. Axundova daha çox aktivliyi və fəallığı ilə seçilib.

Məhz onun təşəbbüsü və müəlllifliyi ilə həbsdən azad olunmuş keçmiş məhkumların reabilitasiyasını nəzərdə tutan qanun layihəsi 3-cü çağırış MM-də müzakirəyə çıxarılıb və qəbul olunub.

Adıçəkilən komitənin sabiq üzvləri arasında 5-ci dəfə MM-ə üzv seçilən tanınmış millət vəkili Aydın Mirzəzadə də olub.

O, həm də 2000-2005-ci illərdə, 2-ci çağırışda komitənin (daimi komissiyanın) sədr müavini vəzifəsini tutub.

A. Mirzəzadə sonra (3-cü çağırışda) komitəsini dəyişib və MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə keçib.

3 dəfə MM-ə seçilən, 2013-cü ildə mandatından məhrum və həbs edilən Gülər Mikayılqızı (Əhmədova) da bu komitənin üzvlərindən olub…

Komitənin tərkibi:

Musa İsa oğlu Quliyev  – Sədr

Məlahət İbrahim qızı İbrahimgızı – Sədr müavini

Bayramov Vüqar İbad oğlu
 
Ələkbərov Əziz Yusif oğlu
 
Əliyev Rauf Asif oğlu
 
Əliyeva Jalə Fazil qızı (Həm də MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini)
 
Hüseynova Sevinc Əmirəhməd qızı
 
Məmmədov Aqil Sadiq oğlu
 
Məmmədov İlham Kazım oğlu
 
Məmmədov Soltan Teymur oğlu

Möhbalıyev Səttar Suliddin oğlu

Nağıyev Arzu Nəsib oğlu
 
Səmədzadə Ziyad Əliabbas oğlu 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Uşaq övladlığa götürən əcnəbilərə hüquqi yardım göstərən orqanlara dair tələblər-MÜƏYYƏNLƏŞDİ

Read Next

İstanbul-Bakı və Roma-Bakı reysləri ilə 391 azərbaycanlı vətənə gətirildi-AZAL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir