MM-in iclası-MƏLAHƏT İBRAHİMQIZI YENİLƏNMİŞ MİLLİ ƏSKİNASLARDAN NARAZILIQ ETDİ, FAZİL MUSTAFA “TƏRTƏR İŞİ”NDƏN, SİYAVUŞ NOVRUZOV MİLLİ ATRİBUTLARIN ASILMASI MƏSƏLƏSİNDƏN DANIŞDI VƏ OMBUDSMANIN HESABATI… – YENİLƏNİB – (6)

Bu gün, aprelin 2-də Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyinə 13 məsələ daxildir.

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi haqqında.

 2. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

 4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

 5. “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

 6. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 7. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 8. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

 10. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

 11. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

 12. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

 13. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Deputatlar yenə tibbi maskalar və əlcəklərdən istifadə edəcək, sosial məsafəni gözləyəcək, bir-birilərindən iki metr aralıda əyləşəcəklər.

00:16

***

MM-in iclası artıq öz işinə başlayıb.

İclası spiker S. Qafarova aparır.

11:00

***

MM-in iclası cari məsələlərin müzakirəsi ilə öz işinə start verib.

MM-in Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlhaət İbrahimqızı milli əskinaslarla-xüsusilə, yenilənmiş beş manatlıqlarla bağlı danışıb və öz narazılığını idafə edib.

Qeyd edib ki, beş manatlıqlardan bəzi milli nişanələr, simvollar çıxarılıb ki, bunun səbəbi də heç cür başadüşülən və anlaşılan deyil.

Onun sözlərinə görə, bu yenilənmə insanlarda da narazılıq və suallar doğurur.

“Odur ki, müvafiq qurumlardan bu məsələyə bir izahat verilməsini istərdim”-deyə, millət vəkili əlavə edib.

11:07

***

MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Aprel döyüşlərinin 5 ilinin tamam olması ilə baölı Şəhidlərə Allahdan rəhmət diləyib, eyni zamanda, həmin döyüşlərdən sonra baş verən həbslər və onun ətrafında baş verənlərdən danışıb.

Bildirib ki, son günlər xüsusilə, “Tərtər işi” deyilən məsələ ətrafında həm mediada, həm də sosial şəbəkələrdə qızğın müzakirələr gedir.

Onun dediyinə görə, bu məsələ ətrafında müzakirələr zamanı bəzən həddindən artıq ifrata varılır, kimlərinsə kimlərdənsə qisas alması tendensiyasına çevrilir.

Millət vəkili bu baxımdan, bu məsələyə aydınlıq gətirillməsini və onun ətrafında spekulyasiyalara son qoyulmasını məqsədəuyğun sayıb.

11:14

***

“Aprel döyüşləri Azərbaycan Ordusunun ilk qələbəsinin qaranquşudur”.

Bunu da MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bu gün Azərbaycan ərazi bütövlüyünü tam təmin edib:

“Müharibə dövründə Azərbaycan xalqı Azərbaycan Prezidentinə, ordusuna dəstək göstərdi. Bu müddət ərzində hər kəs Azərbaycan bayrağını əllərində, çiyinlərində daşıdı, öz sevgisini göstərdi. Müəyyən müddət keçdikdən sonra biz bayrağımızın, dövlət atributlarının asılması qaydasına yenidən baxmalıyıq. Bəzən bayrağımız düzgün asılmır. Biz dövlət atributları haqqında qanun qəbul etmişik. Bizim bayrağa böyük sevgimiz var. Bununla yanaşı, atributlardan parlamentin qəbul etdiyi qaydalara uyğun olaraq istifadə etməliyik”.

11:23

***

Cari məsələlərdən sonra Ombudsmanın hesabatı dinlənilib.

Hesabatla Ombudsman Səbinə Əliyeva çıxış edib.

11:58

***

“Ötən il qazanılan şanlı qələbə münasibətilə Cənab Prezidentimizi, Şanlı Ordumuzu, uzun illərdən o torpaqlardan köçkün düşmüş məcburi köçkünlərimizi təbrik edirəm”-deyən S. Əliyeva bildirib ki, ötən il Ali Baş Komandanın rəhbərliyi altında işğalda olan torpaqlarımızın azad olunması istiqamətində rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbə şanlı tariximizdə əsl qəhrəmanlıq salnaməsidir:

“Müharibə dövründə Ermənistanın təcavüzü nəticəsində dağılan cəbhə xəttindən uzaq rayon və şəhərlərə mütəmadi səfərlər etmişəm, faktaraşdırıcı missiya həyata keçirmişəm. Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün beynəlxalq qurumlara müsahibələr verilib, müraciətlər ünvanlanıb. Həmin müraciətlərdə Ermənistanın Azərbaycan əsirlərinə qarşı qeyri-insani rəftarına beynəlxalq təşkilatlar tərəfindən qiymət verilməsi, Ermənistanın siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqi tədbirlərin görülməsi tələbləri yer alıb”.

12:10

***

“MDB məkanındakı ölkələrlə müqayisədə Ombudsmana müraciətlər Azərbaycanda daha çoxdur”.

Bunu çıxışı zamanı MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, bunun səbəbləri təhlil olunmalıdır:

“Bu müraciətlərin artması Ombudsmanın sənədin sonunda hazırladığı təkliflərin verilməsində xüsusi rol oynayıb. Müraciətlər insan hüquqlarının pozulması hallarının qarşısının alınmasında da müsbət rol oynayıb. Konstitusiyanın insan hüquqları ilə bağlı bəndlərini pozanlar bu sənədə diqqətlə baxmalıdır. Bu sənəd vəzifəsindən sui-istifadə edənlərlə bağlı müraciətlərdə mühüm rol oynayır. Ombudsmana olan müraciətlərin strukturu ilə deputatlara olan müraciətlərin strukturu arasında oxşarlıqlar var. Hazırda insanları narahat edən məsələlərdən biri iş yerləri ilə təmin olunmaqdır. Buna son qoyulmalıdır. Xüsusilə də şəhidlərin ailə üzvlərinin, qazilərin işlə təmin olunması üçün bürokratik əngəllər aradan qaldırılmalıdır”.

Ə. Məsimli sonra qeyd edib ki, əlilliyi olan şəxslərlə bağlı Ombudsmana da, deputatlara da kifayət qədər müraciət olur:

“Biz o qazilərə borcluyuq. Onları get-gələ salanlar layiqli cavabını almalıdır. Ünvanlı sosial yardımla bağlı da insanlara xeyli problemlər yaradırlar. Kiçik torpaq sahəsi olan insanlara bu verilmir. Bu məsələ bir neçə dəfə qaldırılsa, yarımüsbət cavab verilib. 190 manat məsələsi gündəmə gələndə bu problem özünü qabarıq şəkildə göstərdi. Bu məsələ artıq öz həllini tapmalıdır. Autizm sindromlu uşaqlara da biganəlik göstərilir. Bunun da aradan qaldırılması vacibdir. Onların həyata qoşulması üçün böyük xərclər lazımdır”.

12:35

***

Müzakirələrin sonunda Ombudsman qaldırılan məsələlərə münasibət bildirib.

“Suriyadan qaytarılmasını təklif etdiyimiz şəxslər uşaqlardır. Heç bir uşaq valideyninin cinayətinin cəzasını çəkməli deyil”-deyən Ombudsman bildirib ki, o uşaqlara yardım əli uzadılmalıdır:

“Xüsusi mexanizm tərtib etməliyik. Burada bizi narahat edən qadın və uşaqların hüquqlarının müdafiəsidir. Ombudsman təsisatı da bu məsələdə iştirak edəcək”.

S. Əliyeva qeyd edib ki, millət vəkilləri ilə işgüzar fəaliyyətlər qurmaq, əməkdaşlıq etmək niyyətindədirlər:

“Faktaraşdırıcı missiyanın birbaşa bölgələrdə aparılması çox önəmli idi. Biz fəaliyyətimizi Paris prinsipləri çərçivəsində qurmuşuq. Hazırladığımız hesabatlara beynəlxalq qurumlar tərəfindən yüksək qiymət verilib. Bu fəaliyyətimiz davam etdirilir. Aprel ayının ortasında yeni hesabatımız təqdim olunacaq”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Müdafiə Nazirliyinin Hospitalının işi ürəkaçan deyil…”-AQİL ABBASDAN SƏRT SÖZLƏR…

Read Next

Sabiq deputat Rafael Cəbrayılov-HƏBS OLUNDU – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir