“Milli Məclisin deputatlarına müraciət etdim ki…” – RƏŞAD MƏCİD

Bu cızdağı çıxan xatirələri

Söyləsəm bir sapa düzə bilərsən?

Sənə zülm verən, gözdağı verən

Qaynar cəhənnəmə bir də gələrsən?

Yazmağa nə var ki, sənin halını,

Sən mənim halımı yaza bilərsən?

Şairlər hisslərindən, öz daxili dünyalarından müəyyən parçanı kağıza tökərək, qəlblərə doğru yol alır. Oxucular da sevimli yazarını, şairini məhz bu cür tapır. Onun da özünəməxsus daxili aləmi var. Üzünə baxanda müəyyənləşdirmək çətindir. Necədir, kefi, halı yaxşıdır yoxsa pis?

Son zamanlar susqundur… Özü də diqqət mərkəzindən kənar qalmağı sevən adam deyil. Mütləq gedib görməli, bu halının səbəbi ilə maraqlanmalı idim.

Ağlıma gəldi ki, bəlkə elə ilk müsahibəmi də dostum (onun deyimiylə) Rəşad Məciddən alım. Yeni işə başladığım “azxeber.com” saytının baş direktoru Əfsələddin Ağalarov ona zəng edib deyəndə ki, gənc əməkdaşımız sizdən müsahibə almaq istəyir, vaxt ayırıb, saat 2-də gəlsin – dedi.

resad_d93701173e943967616c

Və saat 2-dir… “525”-in redaksiyasındayam. Katibəsinə yaxınlaşıb dedim ki, Rəşad müəllimə deyin “azxeber”-dən müsahibə üçün gəlmişəm.

Kənardan eşitdim. Dedi ki, gəlsin görək kimdir o?

Otağa daxil oldum, məni gördü,uşaq kimi sevindi, gözləri parıldadı. Bilirdim,axı sürprizləri sevdiyini…

Həmin gün nostalji mehi əsirdi otağında. Sən demə, kompüterdə arxivindəki iştirakçısı olduğu köhnə verilişlərə baxırmış. Elə biz də köhnələrdən başladıq söhbətimizə. Elə danışırdı ki, bir anlıq unutdum müsahibə üçün gəldiyimi.

Dedi ki, yaxşı aç səsyazısını, başlayaq…

“Jurnalistika fakültəsi mənə çox doğmadır”

– Bilirik ki, Rəşad Məcid həmişə gənclərə dəstək olub. Elə” 525-ci qəzet”-in içərisində “Jurnalist” qəzeti (jurnalistika fakültəsinin tələbələrinin dərc etdiyi qəzet) dəfələrlə nəşr olunub. Bu təşəbbüs necə yarandı?

– Bilirsiniz, gənclərə dəstək olmaq, onlarda özünə güvən hissi yaratmaq artıq mənim həyat tərzimdir. Mən “525”-in birinci buraxılışında da yazmışdım ki, bu qəzet gənclərin qəzeti olacaq. Jurnalistika fakültəsi də həmişə digər fakültələrdən fərqlənib.

Bu fakültə mənə çox doğmadır. Mən orda oxumuşam, dəfələrlə də demişəm ki, jurnalistika fakültəsində dərs deyən müəllimlərin, professorların mənim həyatımda əvəzsiz rolu olub.

Mətbuatımızın əfsanəsi Şirməmməd Hüseynov mənə dərs deyib. Onun haqqında “4 qoşa saat” adlı yazı yazmışam. Cahangir Məmmədli mənim və “525”-in yaxın dostu, həmişə haqqımızda gözəl sözlər deyir. Hətta “525”-in 25 illik yubileyinə kitab da həsr edib. Nəsir İmanquliyev, Nurəddin Babayev, Famil Mehdi, Qulu Xəlilov, Tofiq Rüstəmov… Heç zaman unutmayacağım ustad müəllimlər.

İndi də jurnalistika fakültəsində çox istedadlı gənclər var və mən onlarla ünsiyyət qurmağı, onlara kömək etməyi sevirəm.

Bəlkə elə bu gəncliyim də, şuxluğum da gənclərlə ünsiyyətlə bağlıdır. Jurnalistika fakültəsindən nə zaman, nə deyirlərsə, biz “Jurnalist” qəzetinə də, digər ideyalarına da dəstək oluruq. Və mən çox sevinirəm ki, jurnalistika fakültəsi ilə bizim bu cür xoş, sıx münasibətlərimiz var.

“Tələbələr məni müəllimlik həvəsindən saldı”

– Deyirsiniz ki, jurnalistika fakültəsi sizin üçün doğmadır. Siz müəyyən müddət orada dərs də demisiniz. Sonra nədənsə universitetdən ayrıldınız. Buna səbəb nə idi?

– Birinci dəfə mən müəllim kimi auditoriyaya girəndə çox darıxdım. Əvvəla, siqaret çəkən adamam. Fikirləşirdim ki, 90 dəqiqə müddətində siqaret çəkməmək çox çətin olacaq. İkincisi də ki, uşaqlar məni çox həvəsdən saldılar.

Fakültədə o vaxt bir “Naxçıvan” qrupu var idi. “Özəl Naxçıvan Universiteti” bağlanmışdı, ordan gəlmişdilər. Birinci dəfə onların dərsinə girdim. Dərsin sonunda onlara: -” jurnalistikaya olan münasibətinizi heç bəyənmədim, nə jurnalist tanıyırsınız, nə də ki, qəzet!”- söylədim.

Dedim ki, siz ilk dərsdə mənə olan münasibətinizi, dərs prosesi necə keçdi filan anonim şəkildə yazın, mən onun əsasında biləcəm ki, gələn dərsə gəlirəm ya yox. O anonim yazıları götürüb, oxudum və hiss etdim ki,bu tələbələrdə yüksək müşahidə qabiliyyəti var.

Sonraki illərdə yeni tələbələrlə daha rahat işlədik. Bir dəfə təklif etdim ki, gəlin “qəzet içərisində qəzet” buraxaq. Razı oldular. Qəzet üçün ad müəyyənləşdirəndə onlar mənə müxtəlif, şablon adlar ( “Gənclərin səsi”, “Biz gəlirik”) dedilər. Mən də onlara: -“Məgər “525”-in elə qəliz adı var ki? Siz də sadə bir ad seçin”-dedim. Onlar da qruplarının nömrəsini – “1050” qoymuşdular qəzetə. Sonra məlum oldu ki, “1050” “525”-in 2 misli imiş. Mən burda mistik əlamət gördüm, bu barədə “Əlvida və Salam” adlı yazı yazdım və bir kitabımı da bu adla çıxardım.

İndi də tələbələr redaksiyamıza gəlir,praktik yaradıcılıqla məşğul olur, yazıları dərc olunur. Amma özüm neçə ildir auditoriyaya getmirəm.

“Qulu Məhərrəmliyə 100 qoyun borcluyam”

Nə vaxtsa auditoriyaya qayıtmağı düşünürsünüz?

– O vaxt Cahangir Məmmədlinin təşəbbüsü ilə təklif olundu ki, elmi iş yazım. Elmi rəhbərim də Qulu Məhərrəmli idi. Qulu müəllim mənə dedi ki, mən elmi rəhbərinəm, mövzu da təsdiqlənib. Bildin də Rəşad, nə etmək lazımdı? Mənim də artıq elmi iş yazmağa, onu müdafiə etməyə həvəsim və vaxtım yox idi. Gördüm bu texniki proseslər mənlik deyil. Mən də ona zarafatla cavab verdim ki, bildim Qulu müəllim, nə etmək lazımdı. Dedi ki, nə etmək lazımdı? Dedim hər ay sizə bir qoyun gətirməliyəm.

Yadımda idi ki, Sovet vaxtında aspirantlar, elmi iş müdafiə edənlər rayondan elmi rəhbərlərinə hər ay bir qoyun aparırdılar. Bu hesabla mən də Qulu müəllimə 100 qoyun borcluyam. (gülür)

Amma Mədəniyyət və İncəsənət Universitetində peşəkar müğənnilərə, birbaşa professor, dosent adı verirlər. Mənə elə gəlir ki, jurnalistika fakültəsi də belə bir təşəbbüs irəli sürsə yaxşı olar. Jurnalistika sahəsində uzun illər çalışmış adamlara dosent, professor adı verə bilərlər. Biz də gəlib orda dərs deyərik, təcrübələrimizi tələbələrlə bölüşərik.

Söhbətə ilk olaraq baş redaktor Rəşad Məcidlə başlamışdım. Mənim üçün maraqlı olduğu kimi, digərləri üçün də onun daxili aləmi maraqlıdır deyə düşündüm və Rəşad Məcid dünyasına cüzi səyahət etmək istədim.

“Bu hal artıq qocalıq, ömrün başqa bir mərhələsinə keçid deməkdir”

Rəşad müəllim, kənardan belə təəssürat yaranır ki, artıq yorulmusunuz və özünüzə qapanmısınız. Bir sözlə öz həyatınızı yaşayırsınız. Buna səbəb nədir? Yaş yoxsa…

– Elə görünürəm??!!! Bir az ola bilər son vaxtlar sakitəm…

İndi mənim yaşımın daha çox kənarda durub müşahidə edən, qiymət verən vaxtıdır. Mənə elə gəlir ki, artıq bu statusa keçirəm.

Haylı-küylü Rəşad Məcidə öyrəşənlər bəlkə ona görə fikiləşir ki, bu yorulmaqdır. Amma yorulmaq deyil. Hiss edirəm ki, içimdəki gənclik enerjisi indi də çoxdur. İndi də hərdən aləmi qatmaq istəyirəm.Bəlkə bir az ola bilsin yaşın da təsiri var.

Son vaxtlar kənardan müşahidə etməyi daha çox xoşlayıram. Bu halıma da adət edirəm, yavaş-yavaş öyrəşirəm. Əvvəl bu halımdan qorxurdum. Qorxurdum ki, bu hal artıq qocalıq , ömrün başqa bir mərhələsinə keçid deməkdir. Amma nə qədər sakit dursam da insanlar üçün maraqlıyam, yenə sevənlərim var, nifrət edənlərim var. Bu da həyatdır da! Əgər sənə qəzəbli olanlar, sənə nifrət edənlər , əgər səni dəli kimi sevənlər olmasa yaşamağa dəyməz ki!

“Sevgi hiss edəndə havalanıram, çoşuram”

– Bəs Rəşad Məcidin ən böyük qorxusu nədir? Sevgisizlik ola bilər?

– Həyatın müxtəlif mərhələlərində insanda qorxu olur. Mən əlbəttə sevgisizlikdən qorxuram. Yaradıcı adamlar istəyir ki, onları sevinsinlər, həssas münasibət göstərsinlər. Mən sevgi hiss edəndə havalanıram, çoşuram, sevgidən güc alıram. Hərdən fikirləşirəm ki, sevənlərimin azalması qocalmaq deməkdir.

– Siz belə açıq şəkildə sevgini dilə gətirməkdən,”4-cü sevgimi gözləyirəm” kimi fikirlər söyləməkdən qorxmursunuz? Evlisiniz,babasınız…

– Mənim danışdığım sevgi böyük məna daşıyır. Siz onu kiçildib, hər hansısa bir qadına fiziki yaxınlıq kimi qəbul etməyin. Sevgi bəşəriyyəti irəli aparan bir gücdür. Sevgi nədir? Kiminsə yolunda fədakarlıq etmək, kiməsə təmənnasız xoşbəxtlik bəxş etməkdir. O sevgi ki, mühərrik kimi insanı hərəkətə gətirir, çoşdurur yaradıcı adam üçün bu çox vacibdir. Yaradıcı adam, kişi bir gənc qadının heyranlığından, ilahi münasibətindən çoşa, qanadlana bilər. Ona görə də məncə sevgini o dərəcə kiçiltmək lazım deyil.

Mənim nəzərdə tutduğum digər sevgilərdir amma…

– Digər sevgilər deyəndə ki, onlar haqqında müxtəlif vaxtlarda sizin kimi inadkar jurnalistlərin təkidilə danışmışam. Əslində şeir kitabımı diqqətlə oxuyan mənim bütün həyatımı görə bilər.

“Artıq hücumçu dövrüm bitib”

– Bu cümləni dəqiqliklə qeyd etmişəm özümdə! Bir müsahibənizdə demisiniz ki, ” xarakter olaraq kəskin “hücumçuyam”. Müdafiə və qorunmaqdan çox hücumda olmuşam.” İndi vəziyyət tamam fərqlidir deyəsən…

– Hə… İndi xeyli dərəcədə müşahidəçi və müdafiəçi statusuna keçirəm. Dediyim kimi artıq mənim hücumçu dövrüm bitib. Indi sadəcə olaraq mənim müşahidəçi dövrümdür.

– Yəni qocaldığınızı qəbul edirsiniz?

– Yox, Ramiz Rövşənin tabirincə desək ”mən durmuşam yerimdə!” Heç kəsə heç nə etmirəm! Amma kimsə mənə nəsə desə, sancsa, mən onun qarşılığını 10 qat artıq verə bilərəm, verərəm də. Buna gücüm də, enerjim də kifayət edər.

Amma istəmirəm. İndi mənim münsif, başqalarının hərəkətinə qiymət verən dövrümdür.

Bəs qorxmursunuz ki, bu passivlik sizi unutdurar?

– Bir az olur, arada hiss edirsən ki, qırağa çəkiləndə müəyyən qədər unudula bilərsən, kənar da qala bilərsən. Amma mən elə də passiv olduğumu düşünmürəm. Fəalliyyətim, işgüzarlığım bəlkə gur deyil, bəlkə əvvəlki kimi deyil amma yenə də davam edirəm. Sadəcə hə, siz dediyiniz kimi əvvəlki kimi emossionallıqdan kənara çəkilmişəm. Bunu sizin tərəfinizdən dəqiq müşahidə kimi qiymətləndirirəm və məni belə türklər demiş “titiz”liklə müşahidə etdiyinizə görə təşəkkür edirəm və sevinirəm!

“Mən hesab edirəm ki, o xeyli dərəcədə erməni xarakteridir”

– Başqa bir müsahibənizdə qeyd etmisiniz ki, “mənim ağlamaqla, sızlamaqla aram yoxdur”. Burdan belə nəticəyə gəlmək olar ki, Rəşad Məcid laqeyd insandır?

– Yox, bu yalandır. Bilirsiniz, uzun illər öz içimi ironiyayla, zarafatla gizlətmişəm.Əslində içimdə elə ağrılar,yüklər var ki, xüsusən də Qarabağla, doğulduğum torpaqla bağlı! Mən o dərdi götürüb bayraq edən, dərddən ağlayan insan deyiləm. Hesab edirəm ki, öz dərdini bayraq etmək erməni xarakteridir. Dərdini nümayiş etdirmək, şahə qaldırmaq, hamıya göstərmək, ağlayıb-sızlamaq mənim xarakterimə uyğun deyil.

Dedi və siqaretini yandırdı, məndə də belə bir sual yarandı…

“Bir də Qənirə Paşayevanın siqaret əleyhinə yazısı bu qəzetdə çıxsa, səni işdən qovacam”

– Rəşad müəllim, ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun layihəsi hazırlanırdı, hətta qüvvəyə də mindi… Təxminən aprel ayında etiraza bənzər bir yazı yazmışdınız. Siqaretə həsr etdiyiniz 2 şeiriniz də var. Nədir bu bağlılığın səbəbi? Adətən stressli ya da dərdlimi deyim, bu cür insanlar siqaretə bu qədər bağlı olur…

– Bilirsiniz, siqaret mənim 35 illik yol yoldaşımdır. Həssas, tez reaksiya verən adamam. Ona görə də siqaret mənim “xilaskarımdır”. 10 il öncə siqaretlə bağlı qanun Türkiyədə qəbul olundu. Həmin vaxt Qənirə Paşayeva da bu məsələni qaldırıb, Milli Məclisdə müzakirəyə çıxardı. O vaxt saytlar elə də çox populyar deyildi, mən “525”-in parlament müxbiri Kamilə dedim ki, -“Kamil, bir də Qənirə xanımın siqaret əleyhinə yazısı bu qəzetdə çıxsa, səni işdən qovacam.” (gülür)

Və bir gün Qənirə xanım həyəcanla mənə zəng vurub soruşdu ki, Rəşad nə olub? Dedim nə olacaq?! Sən məni 30 illik dostumdan ayırırsan. Dedi nə dostun? Kimdən ayırıram səni? Dedim bu siqaretin əleyhinə az danış da bəs. (gülür) Hətta bu söhbətdən sonra siqaretlə bağlı olan şeirimdə Qənirə xanımın adı çəkilir.

İndi bu qanun yenidən müzakirə olunanda mən Milli Məclisin deputatlarına müraciət etdim ki, siqaret çəkənləri də nəzərə alın, hüquqlarımızı azaltmayın. Çox sevinirəm ki, parlamentin spikeri də dedi ki, siqaret çəkənlərin də hüquqları var. Buna görə onu alqışlayıram.

Düzdür, atmaq mümkün olsa atardıq, hətta şeirimdə də yazmışdım ki, gözüm görə-görə atıram səni. Sonda yazdım ki yox, atmaq mümkün deyil səni.

Hə də, dərman kimi istifadə edirsiniz axı. “Karvalolum…”

– Amma o şeirlər bir az da ikibaşlı şeirlərdir.Şeirləri tək siqaretə aid etmək olmaz. Bəlkə də bəzi hissələri qadına aiddir…

“Dəstək olduğum oğlanların, kişilərin də səsi çıxsın”

– Siqareti qoyaq kənara, gələk bir başqa əsas məsələyə. Müsahibənin əvvəlində də qeyd etdiyim kimi, Rəşad Məcid daim gənclərə dəstək olur. Amma nədənsə bəziləri iddia edir ki, siz çox vaxt gender balansını tərsinə pozursunuz, daha çox gənc xanımlara dəstək olursunuz. Bu həqiqətən belədirmi?

-Mən bir müsahibəmdə demişdim ki, “Azərbaycanda savadlı, özünə güvənən, istedadlı qadınlar azdır”. Bu da xeyli müzakirə doğurmuşdu. Mən bunu daha çox arzuladığıma , qadınların daha çox maariflənməsini istədiyimə görə onlara daha çox dəstək oluram.

Hesab edirəm ki, bizim gələcəyimiz, xalqın gələcəyi qadınlardan asılıdır. Çünki uşaqları qadınlar böyüdür, dərinə gedəndə görürsən ki, kişiləri də qadınlar idarə edir. Qadınlar savadlı olsa, cəmiyyətimiz daha da inkişaf edər. Yox, əgər qadınlar başıbağlı, xürafata , cəhalətə, caduya meyilli, kəmsavad olsa Azərbaycan xalqı elə savadsız, cəhalətə meyilli qalacaq. Bir sözlə gələcəyimiz qadınlardan asılıdır. Mənim bu yolda az da olsa xidmətim varsa, bununla fəxr edirəm!

– Yəni, deyirsiniz ki, insanlar bunu yanlış tərəfə çəkir…

– Əlbəttə! O cılız, ağzı ətə çatmayan adamlar var ki, yozurlar min yerə. Rəşad Məcid qadınlara dəstək olur hə, lap yaxşı da. Burda pis nə var ki? Amma arzulayardım ki, dəstək olduğum oğlanların, kişilərin də səsi çıxsın!

“Mən heç bir qadına görə ömrüm boyu bu qədər əziyyət çəkməmişdim”

– Söhbəti dəyişək, babasınız…

– 3 gözəl qız nəvəm var. Onların da hərəsi bir cür xarakterlidir. Böyüyü – Mehin o qədər nazlıdır ki… Bir dəfə onu öpmək üçün 2 saat oyuncaqları ilə oynadım, tər tökdüm, ondan sonra icazə verdi öpməyimə. Və öz özümə dedim ki, mən heç bir qadına görə ömrüm boyu bu qədər əziyyət çəkməmişdim. (gülür) Hələ balacadılar istəyərəm ki, onlar da böyüyəndə ağıllı, savadlı olsunlar.

– Ümumiyyətlə, gənc fikirli bir adam üçün baba olmaq necə bir hissdir?

– Cavan vaxtı fikirləşirdim ki, baba qoca kişi olar. İndi mənə deyəndə ki,3 nəvən var, babasan, özümə də qəribə gəlir.

– Son olaraq sözünüz…

– Son olaraq sənə uğurlar arzulayıram. İlk müsahibəni bəyəndim,təbrik edirəm! Bacaracağını bilirəm. Dediyim kimi jurnalistika fakültəsindən, ordakı insanlardan qazanc götürməlisən, öyrənməlisən. Sənə jurnalist fəaliyyətində uğurlar arzulayıram. Sənə inanıram! 

Leyla Rəhimli,
AZXEBER.COM

 

 Etikxeber.az

Read Previous

Azərbaycan birgə fəaliyyət göstərməkdə maraqlıdır – PREZİDENT – YENİLƏNİB – (1) – FOTOLAR

Read Next

“Nə edəcəyimizə özümüz qərar veririk…” – AKŞƏNƏRDƏN BAXÇALIYA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir