MM-in iclası: SPİKERİN ÇIXIŞI ALQIŞLARLA QARŞILANDI, SAHİBƏ QAFAROVA DEPUTATLARI YAŞAT-A VƏSAİT KÖÇÜRMƏYƏ ÇAĞIRIŞ ETDİ, MİLLƏT VƏKİLLƏRİ YENİDƏN GÜLMƏMMƏDOVA ETİMAD GÖSTƏRDİ, ANIM VƏ ZƏFƏR GÜNLƏRİ İLƏ BAĞLI ƏMƏK MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK EDİLDİ – YENİLƏNİB – (4)

Milli Məclisin (MM) növbəti plenar iclası öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyində  12 məsələ var və həmin məsələlər bunlardır:

1. “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə.

2. Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin  edilməsi haqqında.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş). 

4. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

7. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

8. “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “”Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

9. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

10. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

11. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

12. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edir.

Onu da qeyd edək ki, Hesablama Palatasının sədri vəzifəsinə yenidən Vüqar Gülməmmədovun namizədliyi ilə sürülüb.

10:59

***

İclası açan spiker S. Qafarova öncə 10 dekabr “Zəfər paradı” münasibəti ilə deputatları və Azərbaycan xalqını təbrik edib.

O, paradda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə rəsmilərinin və hərbçilərinin iştirakını yüksək, dostluq-qardaşlığın təcəssümü kimi qiymətləndirib.

Spker qardaş və dost Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, ölkəmizə dəstək verdiyi dilə gətririb.

“Dünən Azadlıq meydanında möhtəşəm zəfər paradı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən bu parad Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı”-deyən spiker bildirib ki, paradda Türkiyənin əsgər və zabitlərinin iştirakı bayram abı-havasını daha da artırıb:

“Türkiyənin bu möhtəşəm tədbirdə bizimlə birgə olmasının çox dərin mənası var. Azərbaycan və Türkiyə dost və qardaş ölkələrdir. Prezidentin də dediyi kimi, Azərbaycan və Türkiyənin birliyi artıq reallıqdır”.

“Eşq olsun, Ali Baş Komandan cənab İlham Əliyevə, eşq olsun, Azərbaycan Əsgərinə!“-deyərək, spiker fikirlərini tamamlayıb.

Spikerin çıxışı alqışlarla qarşılanıb.

***

Sonra spiker ölkə Prezidenti İlham Əliyev tərəfindən YAŞAT Fondunun yaradıldığını bildirib.

O, millət vəkillərini, MM-in Aparat əməkdaşlarını həmin Fonda könüllü şəkildə vəsat köçürməyə dəvət edib.

11:08

***

Daha sonra S.Qafarovanın təqdimatı əsasında Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb.

Qısa müzakirələrdən sonra Vüqar Tapdıq oğlu Gülməmmədov yenidən Azərbaycan Respublikası Hesablama Palatasının sədri seçilib.

“Mənə ikinci dəfə göstərilən etimadı doğrultmaq üçün bütün fəaliyyətimi səfərbər edəcəyəm”-deyən Vüqar Gülməmmədov isə yenidən namizədliyini irəli sürən Prezident İlham Əliyevə, namizədliyini təqdim edən MM sədrinə, habelə namizədliyini təsdiqlədikləri üçün deputatlara təşəkkür edib.

11:24

***

İclasda həmçinin, Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq.

Bununla yanaşı, Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib.

Əmək Məcəlləsinə təklif edilən 106.1 maddəsinə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli Sərəncamından irəli gəlir.

Qanun layihəsi səsverməyə qoyularaq, birinci oxunuşda qəbul edilib.

12:20

***

“Milli Məclisin plenar iclaslarının onlayn formatda keçirilməsi bu gün gündəmdədir“-deyən S. Qafarova bildirib ki, hazırda bununla bağlı iş gedir:

“Bəzi texniki məsələlər həllini tapmalıdır. Bu formatda plenar iclasın nə zaman keçiriləcəyi bilinmir. Amma bunu etmək üçün iş gedir”.

Onu da qeyd edək ki, MM-in iclaslarının, habelə parlamentin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə dair qanunun qüvvədə olma müddəti aradan qaldırılır.

Bu, birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə edilən yeni təklifə əsasən, iclasların videokonfrans sistemi vasitəsilə keçirilməsində vaxt çərçivəsi olmayacaq.

Qeyd edək ki, qanunun qüvvədə olma müddəti 2020-ci il dekabrın 30-dək olan dövrü əhatə edirdi.

Qanuna əsasən, karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclisin 42 deputatının müraciəti əsasında MM Sədri parlamentin iclaslarının, habelə komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir.

Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.

Eyni məzmunda dəyişiklik “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna da təklif edilib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Banklar məsələsi yenidən MM-in gündəmində-AYDIN MİRZƏZADƏ KREDİTLƏRİN ÖDƏNİŞ MÜDDƏTLƏRİNİN UZADILMASINI, RÜFƏT QULİYEV FAİZ DƏRƏCƏLƏRİNİN AŞAĞI SALINMASINI TƏKLİF ETDİ, ƏLİ MƏSİMLİ İSƏ ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ BAĞLI MƏSƏLƏNİ QALDIRDI… – YENİLƏNİB – (3)

Read Next

“Belçika Parlamenti Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bir daha təsdiq edib”-MİLLİ MƏCLİS

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir