Milli Məclisin komitəsi Niderland parlamenti və hökumətinə-MÜRACİƏT EDƏCƏK – FOTO

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib.

İclasda əvvəlcə Niderland Krallığı ilə ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumata görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov regionda sülhün və əmin-amanlığın, iqtisadi yüksəlişin, kommunikasiyaların açılması ilə bağlı yaranan yeni imkanları dəstəkləmək əvəzinə, bölgəni yenidən xaosa, qarşıdurmaya sürüklən addımlara təşəbbüs edən qüvvələrin də mövcud olduğunu bildirib.

Qeyd edib ki, Niderland parlamenti, xüsusən onun Xarici əlaqələr komitəsi tərəfindən 2020-ci ilin yayından etibarən qəbul edilən qətnamələr beynəlxalq hüquqla zidd, qərəzli və birtərəfli qaydada Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırmaqla bölgədə yaranan həssas sülhü və təhlükəsizliyi təhdid altına alır. O, Niderland parlamentinin sərgilədiyi mövqeyə ciddi cavab verilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar Quliyev çıxışında bildirib ki, Milli Məclis tərəfindən məsələ ilə bağlı Niderland parlamentinə çoxsaylı müraciət, məktub, dialoq təklifi ünvanlanıb, lakin qarşı tərəf heç bir reaksiya verməyib, hər hansı bir fikir mübadiləsindən yayınıb.

Müzakirələrdə söz alan deputatlar Niderland parlamentinin az bir zaman kəsiyində Azərbaycana qarşı birtərəfli mövqe tutaraq çoxsaylı qətnamələr qəbul etməsinin artıq heç bir çərçivəyə sığmadığını, Azərbaycan və Niderland Krallığı arasında mövcud olan münasibətləri ciddi zədələdiyini bildiriblər.

Səməd Seyidov səslənən fikirləri ümumiləşdirərək Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi adından bir sənədin hazırlanmasını, müzakirələrdə səsləndirilən fikirlərin bu sənəddə əks olunaraq çağırış və tövsiyələr şəklində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, dünya dövlətlərinin, türk və İslam dünyasının, Niderland Parlamentinin və hökumətinin diqqətinə çatdırılmasını təklif edib. Təklif qəbul edilib.

Sonra komitə gündəlikdəki “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuşda) nəzərdən keçirib. Komitə üzvləri qanun layihəsini Milli Məclisin plenar iclasında üçüncü oxunuşda baxılmaq üçün tövsiyə ediblər.

Komitənin iclasında deputat Ramin Məmmədov, Xarici İşlər Nazirliyinin Birinci Avropa idarəsinin rəis müavini Nigar Hüseynova da iştirak ediblər.

Etikxeber.az

Read Previous

Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarını-TƏLTİF ETDİ…

Read Next

“Diplomatlar üçün Azərbaycan yaxşı təcrübə mənbəyi ola bilər…”-ƏFQANISTANIN AZƏRBAYCANDAKI SƏFİRİ – XİN MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir