Milli Məclisin növbədənkənar sessiyası başlayır-SABAH MİLLƏT VƏKİLLƏRİ 6 MƏSƏLƏNİ MÜZAKİRƏDƏN KEÇİRƏCƏK, YENƏ BİR-BİRLƏRİNDƏN İKİ METR ARALIDA ƏYLƏŞƏCƏKLƏR… – YENİLƏNİB – (4)

Sabah, avqustun 5-də, saat 11:00-da Milli Məclisin (MM) növbədənkənar kənar sessiyasının plenar iclası başlayacaq.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda spiker Sahibə Qafarova müvafiq Sərəncam imzalayıb.

İclas (sessiya) dövlət himninin səslənməsi və oxunması ilə öz işinə start verəcək.

İclasa S. Qafarova sədrlik edəcək.

Sonra gündəlikdəki 6 məsələ və ehtiyac duyularsa, cari məsələlər ətrafında müzakirələr açılacaq.

Əsas müzakirə mövzusu 2020-ci ilin dövlət büdcəsi haqqında qanunvericiliyə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi olacaq.

Qeyd edək ki, qanun layihəsinin müzakirəsində bir sıra dövlət və hökumət rəsmilərinin də iştirakı gözlənilir.

Millət vəkilləri yenə tibbi maskalardan və əlcəklərdən istifadə edəcək, sosial məsafəni gözləyəcək, bir-birilərindən iki metr aralıda əyləşəcəklər.

Növbədənkənar sessiyanın (ümumilikdə 3 iclasın keçirilməsi gözlənilir) başa çatmasından sonra millət vəkilləri yenidən yay tətillərinə dönəcəklər.

Eyni zamanda, dövlət budcəsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin bu gün Tahir Mirkişilinin rəhbərlik etdiyi MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin genişləndirilmiş iclasında müzakirəsi və növbədənkənar iclasa tövsiyəsi nəzərdə tutulur.

09:02

***

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başlayıb.

İclasda Maliyyə naziri Samir Şərifov, Maliyyə nazirinin müavini Azər Bayramov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisi Mirqasım Vahabov da iştirak edir.

İclasın gündəliyinə 3 məsələ daxil edilib.

Bunlar “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir (birinci oxunuş).

15:59

***

“Koronavirus pandemiyasının yayılması qlobal iqtisadiyyatda neqativ meyllərinin artmasına gətirib çıxarıb”.

Bunu iclasda Maliyyə naziri S. Şərifov deyib.

Nazir bildirib ki, Beynəlxalq Valyuta Fondu bir sıra sahələrdə proqnozlarını yeniləyib:

“O cümlədən bizim üçün maraqlı olan neft və neft məhsullarının qiyməti ilə bağlı proqnozlarını da. Dünyada baş verən proseslər, koronavirusun pandemiya səviyyəsinə qalxması, bütün qlobal iqtisadiyyata mənfi təsiri ölkəmizin tədiyyə balansının pisləşməsinə səbəb olub. Bu il tətbiq olunan karantin rejimləri ölkədə işgüzarlığın zəifləməsi ilə nəticələnib. Məntiqi olaraq, cari ilin ilk 6 ayında dövlət büdcəsinin icra göstəriciləri həm gəlir, hm də xərclər olaraq yerinə yetirilib. Proqnozlaşdırılandan da yaxşı səviyyədə. Lakin qeyd olunmalıdır ki, 1-ci yarımildə dövlət büdcəsinin icrası müsbət olsa da, makroiqtisadi göstəricilər ikinci yarımildə maliyyə probleminin yaranacağını proqnozlaşdırmağa imkan verir. İqtisadiyyatın əksər sektorunda azalmalar müşahidə olunmaqdadır. Buna görə də İqtisadiyyat Nazirliyi yeni şəraitdə proqnozlarına yenidən baxıb. Neftin qiymətinə də yenidən baxılır. 55 dollar götürülən neft qiymətinin 35 dollar olması proqnozlaşdırılır. 6 ayın nəticəsinə görə gəlirlər üzrə artıq daxilolmalar var. Həmin daxilolmalar da nəzərə alınmaqla cari ildə büdcəyə daxilolmalarda azalmalar gözlənilir”.

16:20

***

“İqtisadiyyat Nazirliyi aprel ayında 4, may ayında 3 ssenari üzrə proqnozlarını Maliyyə Nazirliyinə təqdim edib”.

Bunu isə İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

O, bildirib ki, hazırkı şəraitdə neftin qiymətinin 55 dollar həcmində götürülməsi real proqnoz deyil:

“Beynəlxalq təşkilatlar tərəfindən neft qiyməti ilə bağlı proqnozlar 30-40 dollar arasında dəyişir”.

16:28

***

“2020-ci ilin büdcəsi üzərində gedən proseslər məcburi xarakter daşıyan proseslərdir”.

Bunu da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Əli Məsimli deyib.

O bildirib ki, büdcə vəsaitinin artırılması beynəlxalq təcrübədə xərcləmələrin artırılması fəlsəfəsi üzərində qurulub:

“Beynəlxalq təşkilatların proqnozlarında büdcənin rolunun artırılması məsələsi ön plana çıxır. Bu dəyişiklikləri buna görə başa düşülən hesab edirəm. Hazırda dəqiq proqnozların verilməsi çətindir. Proqnozlara alternativ ssenarilər üzrə yanaşmaq lazımdır. Azərbaycanda 2020-ci ildə ÜDM-nin 5% düşməsi pessimist ssenariyə daha yaxındır. İkinci proqnozlarda neftin qiyməti məsələsi pessimist yanaşma nəticəsində 35 dollar götürülüb. Əgər neftin qiyməti bundan da aşağı olacaqsa, bu, cari ildə tədiyyə balansına ciddi mənfi təsir göstərməyə başlayacaq. Neftin qiymətinin 35 dollar qalması prosesi uzansa, bunun manata təsirinin necə olacağı da araşdırılmalıdır. Bu kontekstdə üçüncü proqnoz inflyasiya ilə bağlıdır. Bu proqnozlara da yenidən baxılmalıdır. Dünya bu vəziyyətdən çıxmaq üçün əlavə pul buraxmağa müsbət yanaşırsa, biz də buna müsbət yanaşmalıyıq. Həmin əlavə pulun iqtisadi artıma necə təsir göstərməsi də araşdırılmalıdır”.

16:38

***

“Büdcəyə dəyişikliklərin edilməsi gözlənilən idi. Təqdim olunan sənədlər pandemiyanın təsirlərini minimuma endirmək və iqtisadi balansı qoruyub saxlamaq məqsədi daşıyır”– deyən deputat Vüqar Bayramov öz növbəsində büdcə qaydasının tətbiqinin müvəqqəti dayandırılmasına münasibət bildirib:

“Hesablama Palatasının rəyində bu müsbət qarşılanıb. Bu baxımdan neftin büdcədəki payının artırılması neft fondundan transfer hesabına baş verəcək. Bu, əslində valyuta tələbinin ödənilməsinə müsbət təsir göstərsə də, postpandemiya dövründə bunun mənfi təsirlərini görəcəyik. Çünki 2021-ci ildə iqtisadi artım proqnozlaşdırılır. Digər tərəfdən idxalda azalmalar var. Amma bütün bunlar fonunda Dövlət Gömrük Komitəsinin proqnozlarında 1,1% azalma təklif edilib. Bu müzakirə olunmalı məsələdir. Burada şəffaflığın artırılması məsələsi də var. Əslində tövsiyə edərdim ki, büdcə qaydalarında da istisnaların tətbiq edilməsi vacib olardı”.

Deputat qeyd edib ki, Hesablama Palatasının rəyi daha çox faktların daha geniş şəkildə təqdim olunmasıdır:

“Ən azından burada statistik analizlərin aparılması məqsədəuyğun olardı. Palatanın rəyi təqdim olunmuş rəqəmlərin genişləndirilməsi olmamalıdır. Hesablama Palatası təklif edilən ssenarilərə əlavə və alternativ ssenariləri və tövsiyələri öz rəyinə daxil etsə, yaxşı olar”.

Etikxeber.az

Read Previous

“Dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün…”-İlham Əliyev və Mehriban Əliyeva Yasamalda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə-TANIŞ OLDU – FOTOLAR – YENİLƏNİB

Read Next

Yoluxmada növbəti azalma-226 – DAHA 5 ÖLÜM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir