MM-in növbədənkənar iclası-12 İYUL ŞƏHİDLƏRİ ANILIB, DÖVLƏT BÜDCƏSİNİN MÜZAKİRƏSİ BAŞLANILIB, BÜDCƏ 600 MİLYON MANAT ARTIRILIR, DEPUTATDAN İCRA HAKİMİYYƏTLƏRİNƏ İRAD, FAZİL MUSTAFADAN HÖKUMƏTƏ ÇAĞIRIŞ, ƏLİ MƏSİMLİ VƏ AYDIN MİRZƏZADƏDƏN SAHİBKARLARA, TƏLƏBƏLƏRƏ DƏSTƏK – YENİLƏNİB – (8)

Milli Məclisin (MM) növbədənkənar sessiyasının plenar iclası öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, iclasa spiker Sahibə Qafarova sədrlik edir.

İclasın gündəliyinə 6 məsələ daxildir:

1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
2. ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
4. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
5. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Qeyd edək ki, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir. Təklif edilən dəyişikliklərdən sonra İcmal büdcənin gəlirləri mövcud gəlirdən təxminən 5 milyard az olacaq. İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək.

Dövlət büdcəsinin kəsrləri üzrə azalmalara daxili bazarlarda neft məhsullarına təlabatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır. Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb.  Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilomaları müvafiq olaraq 850 milyon manat  artırılır. 

Bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait nəzərdə tutulur.

Eyni zamanda, İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılıb.

2020-ci il büdcəsinin gəlir və xərclərinin 151 235  400 manat məbləğində təsdiq edilməsi təklif edilir.  Əvvəl bu rəqəm  128 235 400 manat məbləğində idi.

Onu da qeyd edək ki, millət vəkilləri yenə tibbi maskalardan və əlcəklərdən istifadə ediblər.

Eyni zamanda, sosial məsafəni gözləyərək, bir-birilərindən iki metr aralıda əyləşiblər.

11:00

***

Növbədənkənar sessiyanı (iclası) S. Qafarova açıb.

İclas dövlət himninin oxunması və səslənməsi ilə öz işinə start verib.

Sonra millət vəkilləri spikerin təklifi ilə 12 iyul şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

11:08

***

Hazırda 2020-ci ilin dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi başlanılıb.

“Koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirləri, dünya bazarında neft qiymətlərinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib”.

Bunu S. Qafarova deyib.

O, bildirib ki, bununla əlaqədar Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsi ilə bağlı tapşırıq verib.

Bununla əlaqədar layihələr Milli Məclisə daxil olub” – deyə, MM-in Sədri vurğulayıb.

Layihə barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin məruzəsi dinlənilir.

Qeyd edək ki, iclasda hökumət nümayəndələri də iştirak edirlər.

“Bu ilin mart ayından başlayaraq ölkədə tətbiq edilən karantin rejimi iqtisadiyyatın əksər sahələrinin zəifləməsinə səbəb olub”-deyən T. Mirkişili bildirib ki, neft gəlirlərinin azalması büdcə gəlirlərində tarazlığın pozulması təhlükəsi yaradır:

“Buna görə də 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbat ortaya çıxıb. Gəlirlərin azalması, xərclərin artması ilə əlaqədar gəlir və xərclər arasında tarazlığı təmin etmək məqsədi ilə büdcə qaydasının 2022-ci yanvarın 1-dək dayandırılması qərara alınıb”.

11:25

***

T. Mirkişilinin məlumatından (məruzəsindən) sonra söz Maliyyə naziri Samir Şərifova verilib.

Hazırda S. Şərifov dəyişikliklərlə bağlı hökumətin mövqeyini açıqlayır.

11:27

***

“2020-ci ildə yeni növ koronavirus epidemiyasının dünyada sürətlə yayılması və pandemiyaya çevrilməsi bütün dünya dövlətləri qarşısında yeni çağırışlar formalaşdırıb”-deyən S. Şərifov bildirib ki, böhranın əsas xüsusiyyətlərindən biri istehlak tələbinin kəskin azalmasıdır:

“Bu gün müzakirə edilən qanun layihəsi dövlət büdcəsində bəzi düzəlişlər edilməsini təklif edir. İlk 6 ayın yekunları kifayət qədər müsbətdir, yaranan profisit 58 milyon manat proqnozlaşdırılırdı, amma 292 milyon manat təşkil edib. 6 ay ərzində dövlət büdcəsinin xərcləri 11 milyard 731 milyon manat icra olunub. Xərcləri icrasında da hər hansı geriləmə baş verməyib. 6 ayın nəticələrinə nəzər salsaq, görəcəyik ki, ÜDM-də artıq geriləmə prosesi başlayıb. İqtisadiyyat tədricən tənəzzül məcrasına daxil olub. Buna görə də büdcəyə dəyişikliklərə ehtiyac yaranıb. ÜDM-nin düşməsinin 5%-dən az olmayacağını proqnozlaşdırırıq. İqtisadiyyatın əksər sektorunda geriləmə müşahidə olunur. Eyni zamanda, bizim gəlirlərimizin azalmasına neftin qiyməti də təsir göstərir. Neftin büdcədə qiymətinin 55 dollar götürülməsi də buna səbəb olur”.

O, qeyd edib ki, ümumilikdə dövlət büdcəsinin xərcləri 600 milyon manat artırılır.

11:43

***

S. Şərifovun məruzəsi başa çatıb.

Hazırda qanun layihəsi ilə bağlı millət vəkillərinin çıxışlarına başlanılıb.

MM-in Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, rayonlarda, bölgələrdə, müvafiq dövlət qurumlarında kifayət qədər vakant iş yerləri var.

“Amma görünür ki, həmin yerlərə işçilərin, mütəxəssislərin cəlb edilməsində müəyyən nöqsanlar var. Elə bilirəm ki, yerli icra hakimiyyətləri bu məsələdə daha çox diqqətli olmalıydılar…”-deyə, o, əlavə edib.

11:55

MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib ki, insanlar təkcə xəstəliklə, koronavirusla mübarizə aparımır, həm də yaşamaq uğrunda mübarizə aparır.

“Bu gün Azərbaycan sahibkarının və Azərbaycan vətəndaşının durumu acınacaqlıdır. Təbii ki, bunun səbəkarı dövlət deyil, məlum pandemiyanın yaratdığı vəziyyətdir. Amma bununla belə, dövlət, xüsusilə, hökumət sosial gərginliyin artmaması üçün təcili addımlar atmalıdır. İnsanlar axı, təkcə xəstəliklə mübarizə aparmır, həm də yaşamaq uğrunda mübarizə aparır…İnsanların vəziyyəti nəzərə alınmalıdır…”-deyə, F. Mustafa qeyd edib.

12:05

***

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli təklif edib ki, iyul və avqust ayları üçün də 190 manatlıq birdəfəlik sosial yardım nəzərdə tutulmalıdır.

O, həmçinin deyib ki, sahibkarlara daha ciddi dəstək lazımdır:

“Çünki bu gün 215 milyon manat nəzərdə tutulursa, gələcəkdə heç bir milyard manat da bəs etməyəcək. Ona görə sahibkarlar daha ciddi şəkildə dəstəklənməlidirlər…”.

Millət vəkili Aydın Mirzəzadə də çıxışında sahibkarların dəstəklənməsi məsələsini qabardıb.

Millət vəkili təklif edib ki, sahibkarlara ya güzəştli şərtlərlə kreditlər verilsin, ya da digər formadamaliyyə dəstəyi göstərilsin.

A. Mirzəzadə həmçinin, dövlət ali və orta ixtisas məktəblərinin ödənişli ixtisaslarında təhsil alan ( və alacaq) tələbələrin vəziyyətinə toxunub.

O, bu məsələdə tələbələrə güzəştlərin olunmasını və yaxud, tələbə, təhsil kreditlərinin verilməsini təklif edib:

“Artıq on minlərlə gənc ali məktəbə qəbul olma sevinci yaşayacaq. Bunların əksəriyyəti pullu təhsil alacaq. Ancaq bu gün insanlar iş yerlərini itiriblər. Təklif edirəm ki, Maliyyə və Təhsil nazirlikləri belə şəxslərə aşağı faizlə təhsil kreditlərinin verilməsi, ya hissə-hissə ödənilməsi və s. kimi təkliflər hazırlasın”.

Millət vəkili eyni zamanda “190 manatla bağlı yeni təkliflər göndərilə bilər. Ola bilər bu ödəniş 600 min deyil, 800 min, 1 milyon insana verilsin”-deyə, bildirib.

Millət vəkili Razi Nurullayev isə çıxışnda bunları bildirib:

“İndi bütün Azərbaycanın gözü bizdədir ki, bu dəyişikliklər onların həyatında nələri dəyişəcək. Hesablama etmişəm ki, ölkədə 190 manatı almağa ehtiyacı olan düz 3 milyondan çox əhali var. Yanlış sərt karantin rejimi ölkəni məhv edir. 100 nəfər işçisi olan müəssisədə 20 nəfər işləyir. Guya hesablama aparılır ki, iş adamları heç kimi ixtisar etməyib. İş adamları özləri müflis olub. Büdcə dəyişikliyi sahibkarları da nəzərə alıb deməklə iş bitmir. Bir azdan iş adamları da 190 manat istəyəcək, qoy bu sərt karantin rejimini əsaslandıranlar xalqın ehtiyacını ödəsin. TƏBİB, o cümlədən OQ-ın bəzi nümayəndələri bizi xoxanla qorxudur. O boyda Amerika sərt karantin etmir, Almaniya, Fransa açılıb, Finlandiya adi həyatını yaşayır. TƏBİB isə deyir ki, hələ daha pis olacaq, acından ölməyənlər də payızda öləcək. Bu nə təfəkkür, bu nə ritorikadır?

Camaatı, üzr istəyirəm avam yerinə qoyublar? OQ və TƏBİB-i dinləyəndə Kventin Tarantinonun qorxu filmlərinə şükür edirəm. Bəsdirin millətin əsəblərini korladınız, hər kəsi psixoz etmisiniz. Ayıbdır, Vallah. Büdcə dəyişikliyi birbaşa hər bir vətəndaşın sosial həyatında görünməlidir və o hiss etməlidir ki, nəsə aldı, nəsə yedi, nəsə içdi. Yoxsa, hər nazirlik, hər komitə, hər idarə göz yaşı töküb bir layihə verir ki, pul ver. Ver aparım dağıdım, aparım yeyim, aparım xarici ölkəyə çıxarım, aparıb bir gündə tələm-tələsik yaratdığım firmaya verim, tez silim. Millət necə tarac olur-olsun nə işim var.Büdcə xərcləmələrinə nəzarət ciddi olmalıdır. O ciddiyyəti görmürəm. Kim deyirsə oğurluq, talançılıq dayanıb, özünü aldatmasın. Xeyli yüksək vəzifəli məmur çəkib özünü qoyub Himalay dağının başına. Amma, bilin ki, oradan aşağı yuvarlananların aqibəti çox pis olur.

Söz verirəm ki, sabaha kimi müqavimətim qırılmasa, təzyiqlərə, edilən telefon zənglərinə tab gətirə bilsəm, bir-iki faktı da araşdırıb onların hamısının adını bir-bir bu tribunadan açıqlayacam. Hələ telefonu qaldırmamaq nə deməkdir? Siz özünüzü nə zənn edirsiniz? Sizlər ən çirkin yollarla oğurlanan milyon və milyardlara sahib ola bilərsiniz, amma bu bizi qorxutmaz. Qorxduğum Allahdır, dövlətin, müstəqillik və ölkə suverenliyinin qorunması üçün ölkənin birinci şəxsinin qarşısında özümü məsuliyyətli sayıram, bir də mənə söz deməyə imkan verən hörmətli xanım sədrə təşəkkür edirəm.Büdcə oğurlamaları, şişirtmələri, ayrılan vəsaitləri yalançı tender və qohum-əqrəbanın adına açılan birgünlük şirkətlərlə silmə, qohumlarını, ən yaxın dost-tanışını vəzifəyə təyin etdirmə ölkəyə və suverenliyimizə xəyanətdir. Suverenliyin rəmzi dövlət başçısı olduğuna görə həm də birbaşa ona yönələn sabotajdır. Görün Milli Şura təmsilçiləri nə deyir.

Onlar öz dilləri ilə deyir ki, xalq pis günə qalsın, daha pis yaşasın, virus daha çox adam öldürsün, çoxluq yardım almasın və hökumətdən narazı qalıb küçəyə çıxsın, Bakı küçələri qana boyansın və onlar hakimiyyətə gəlsinlər. Hökumətin içində olan beşinci kolon, vəzifəsindən sui-istifadə edənlər, büdcəni oğurlayanlar və bizim pullarımızla özlərinə və övladlarına biznes imperiyası yaradanlar da Milli Şurada oturanların tərəfdaşlarıdır.Ay başına dönüm, 120-140 manata virus testi olar? Bilirsiniz ki, həkimlərə vəd edilən artım ödənməyib? Bilirsiniz ki, nə qədər insan xeylisi doğru olan şaiyyə ucbatından xəstəxanalara müraciət etmir?Birmənalı deyirəm ki, sərt karantin rejiminin davam etməsində maraqlı şəxslər və qüvvələr var. Qəşəngcə varlanırlar, qəşəngcə pul silirlər. Biz də burada büdcə təsdiq edək ki, onlar daha da varlansınlar. Büdcəyə, dövlət qurumlarının fəaliyyətinə nəzarət lazımdır və bu təklifi yenə deyirəm ki, deputatlar, mətbuat və vətəndaş cəmiyyəti təmsilçilərindən ibarət nəzarət qrupu yaradılmalıdır”.

12:18

***

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyuaraq birinci oxunuşda qəbul edilib.

Hazırda ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanununa dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəsi başlanılıb.

Qanun layihəsi ilə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məlumatı dinlənilir.

12:32

***

“2020-ci ilin ilk yarısında nəzarət tədbirləri nəticəsində 54,8 milyon manatlıq saxta və əsassız pensiya işləri ləğv edilib”-deyən S. Babayev bildirib ki, həmçinin fondun əməkdaşlıq etdiyi əsas bankların siyahısına da dəyişiklik edilib və onlara ödənilən vəsait 900 min manat azaldılıb:

“Bu günə qədər 19 növ təminat, 30-a yaxın təqaüd elektronlaşdırılıb. Cari ildə daha 4 müavinətin elektronlaşması gözlənilir. Aparılan islahatlar əsasında ölkəmiz minimum pensiyanın məbləğinə görə MDB ölkələri sırasında birinci yerdədir”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bu gün Azərbaycan vətəndaşının, sahibkarının vəziyyəti acınacaqlıdır…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

QARABAĞDA BMT PROTEKTORATI MÜMKÜNDÜRMÜ?-Politoloqun baxışı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir