Milli Məclisin nümayəndə heyəti Serbiyada dünya parlamentarilərinə müraciət etdi…

Milli Məclisin (MM) nümayəndə heyətinin iştirak etdiyi Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyası öz işini davam etdirib.

Etikxeber.az xəbər verir ki, Assambleyanın “Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi” mövzusunda keçirilən ümumi debatlarda çıxış edən nümayəndə heyətimizin üzvü, deputat Kamran Bayramov bu mövzunun dünya birliyi üçün olduqca aktual və əhəmiyyətli olduğunu qeyd edib, istənilən qlobal və regional miqyaslı məsələnin həllində beynəlxalq hüququn dövlətlər, hökumətlərarası və parlamentlərarası təşkilatlar üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirib.

Bununla yanaşı, sülhsevər, təhlükəsiz və firavan dünyanın qurulmasının və inkişafının təməlində beynəlxalq hüququn əsaslandığı dövlətlərin suveren bərabərliyi, gücün tətbiq olunmaması və ya güclə hədələnməməsi, öhdəliklərin vicdanla yerinə yetirilməsi, dövlət sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, insan hüquq və əsas azadlıqlarının qorunması və sair kimi universal prinsiplərin durduğu qeyd edilib, İkinci Dünya müharibəsindən sonra yaradılmış Birləşmiş Millətlər Təşkilatının göstərilən prinsiplərə dövlətlər tərəfindən əməl olunmasında müstəsna rol oynadığı xüsusi vurğulanıb.

Hazırda beynəlxalq hüququn böhran içində olduğunu təəssüf hissi ilə qeyd edən deputatımız bəzi dövlətlərin əməllərinin BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn universal prinsiplərinə zidd olduğunu, həmin təşkilatın Təhlükəsizlik Şurasının bir sıra qətnamələrinin illər ərzində yerinə yetirilmədiyini bildirib.

Bununla bağlı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi misal gətirilərək, Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin torpaqlarının 20 faizinin bu ölkənin silahlı qüvvələri tərəfindən işğal olunduğu, bir milyondan çox soydaşlarımızın qaçqın və məcburi köçkün düşdüyü, məsələ ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul olunduğu, lakin 25 ildən artıq müddət ərzində icra edilmədiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Çıxışın sonunda K. Bayramov Azərbaycan nümayəndə heyəti adından Parlamentlərarası İttifaqa və orada dünya dövlətlərini təmsil edən bütün parlamentarilərə müraciət edərək Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığı gücləndirməyə, təşkilatın qərar və qətnamələrinin icrası mexanizmlərinin təkmilləşdirilməsinə dəstək verməyə çağırıb.

Etikxeber.az

Read Previous

“Özünü müsəlman hesab edənlərin Ermənistanla dostluğa haqqı yoxdur” – DEPUTAT

Read Next

Daha bir erməni yalanının və təxribatının qarşısı alındı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir